Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına həkk olan Xocalı faciəsi əsrlər boyunca ermənilərin xalqımıza və bütün türk dünyasına qarşı törətdikləri soyqırımların daha bir qanlı təzahürü olmaqla, yalnız xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə vəhşiləşmiş, azğınlaşmış erməni faşistləri qədim Azərbaycan torpağı olan Xocalını yerlə-yeksan etdilər, yüzlərlə günahsız, dinc insanı amansızcasına qətlə yetirdilər. Erməni quldurlarının, terrorçularının amansız vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 100-dən artıq sakin yaralandı və şikəst oldu. Qətl edilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaqlar, 70 nəfəri isə qocalar idi. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. ("Xocalının işğalına dair istintaq materiallarından").
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar".
Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.
Xocalı faciəsinə ilk hüquqi qiyməti ulu öndərimiz Heydər Əliyev verdi. Onun fərmanı ilə 26 fevral Xocalı soyqırımı günü kimi qeyd olunur. Xocalı faciəsi haqqında beynəlxalq təşkilatlara məlumat verilmişdir.Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi haqqında BMT-də Təhlükəsizlik Şurası tərəfindən qətnamələr qəbul edilsədə təəsüf ki bu qətnamələr indiyədək icra olunmayıb.
Lakin Azərbaycan diplomatiyasının uğuru sayəsində Xocalı faciəsi bir çox dövlətlər tərəfindən rəsmi şəkildə tanınıb.
Xocalı soyqırımını törətməklə erməni millətçiləri xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqlarının işğalı faktı ilə barışdırmaq kimi çirkin niyyətlər güdürdülər. Azərbaycan xalqına qarşı misli görünməmiş kütləvi və amansız qırğın aktı ermənilərin Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf götürmüş məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, insanlığa qarşı yönəlmiş irimiqyaslı cinayət idi. Lakin hiyləgər və məkrli düşmən bu amansız cinayətlə istəyinə qətiyyən nail ola bilmədi. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər. Xalqımız 1990-cı ilin yanvarından sonra bir daha öz milli kimliyini, düşmənə qarşı mübarizə əzmini, qətiyyətini, döyüş ruhunu nümayiş etdirdi.
Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəyə çevirən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində də böyük qətiyyət nümayiş etdirir. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb, bu abidə Prezident İlham Əliyevin qayğısı ilə yenidən qurulub. Dövlətimizin başçısı hər il fevralın 26-da dövlət və hökumət nümayəndələri ilə birgə həmin abidənin önünə gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edir.
Xocalı soyqırımı zaman keçdikcə öz həqiqi qiymətini alır. Xocalı faciəsinin müxtəlif ölkələrin parlamentlərində və digər qanunverici orqanlarında tanıdılması istiqamətində ciddi addımlar atılır. Bu sistemli iş artıq nəticəsini verir.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Prezident İlham Əliyevin bu məsələdəki qətiyyəti, bu istiqamətdə gördüyü işlər əminliklə deməyə əsas verir ki, nüfuzlu beynəlxalq təşkilatlar, bütün dünya Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər də xüsusi vurğulanmalıdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur ki, bunun da əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.
Dövlətin və Heydər Əliyev Fondunun gördükləri bu unikal işlərin sayəsində artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul edir. Faciənin hər ildönümündə dünyanın bir çox ölkələrində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Hər il nüfuzlu xarici nəşrlərdə faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. Bu dəhşətli cinayətin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapır. Artıq Xocalı soyqırımını tanıyanların sayının artması ilə ermənilərin məkrli siyasəti dünya ictimaiyyətinə çatdırılır.
Bir sözlə, qəhrəmanlıq tariximizə qanlı səhifə kimi yazılmış Xocalı soyqırımı xalqımız tərəfindən heç vaxt unudulmayıb və unudulmayacaq.
Nəzrin Əskərzadə,
Bakı şəhəri, Xətai rayonu, 191 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının "Gəncə prospekti 81A" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü