23 fevral 2023 22:48
986

Heydər Əliyev adına NEZ-in Həmkarlar İttifaqı Komitəsinin yığıncağı keçirilib

Bu günlərdə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) Həmkarlar İttifaqı Komitəsinin (HİK) iclasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olundu. Həmkarlar İttifaqı üzvlərinin əmək və sosial-iqtisadi mənafelərinin müdafiəsi, əməyin və sağlamlığın mühafizəsi, 2023-cü il üzrə mədəni-kütləvi tədbirlər və iş planlarının təsdiqi, kollektiv müqavilənin yerinə yetirilməsi, 2023-2025-ci illər üzrə yeni kollektiv müqavilənin hazırlanaraq qəbul olunması, maddi yardımların, zavod işçiləri arasında idman işinin təşkili kimi məsələlər və ayrı-ayrılıqda günün vacib məsələləri iclasın müzakirə mövzusu oldu.

Heydər Əliyev adına NEZ-in Həmkarlar İttifaqı Komitəsinin sədri İlham Quliyev öncə iştirakçılara ötən ildə ölkəmizin, o cümlədən zavodun sosial-iqtisadi inkişafından, baş verən mühüm hadisələrdən və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar müəssisədə keçiriləcək silsilə tədbirlərdən, onun yüksək səviyyədə təşkil olunmasından danışdı. Zavodla SOCAR “Dowstream Management” MMC (SDM) arasındakı keçid dövründən, onların fəaliyyətlərinin optimallaşdırılması, iş prosesində qarşıya çıxa biləcək çətinliklər, onların həll edilməsi haqda məlumat verdi. Zavodun Həmkarlar İttifaqı Komitəsinin 25 nəfər komitə üzvündən formalaşdığını söyləyən komitə sədri cari ildə görüləcək işlər haqda komitə üzvləri, ilk həmkarlar təşkilatları sədrlərini məlumatlandırdı. Bildirdi ki, 2022-ci ildə HİK-in və istehsalat, sahə həmkarlar təşkilatlarının iclaslarında zavod işçilərinin iş və məişət şəraitinin vəziyyəti, işçilərin iş paltarları, fərdi mühafizə vasitələri, südlə təmin olunması, onların mədəni iştirahətlərinin təşkil edilməsi və b. məsələlərə baxılmış və onların həlli istiqamətində müdiriyyətlə birgə işlər görülmüş, bir sira tədbirlər həyata keçirilmişdir. Belə ki, HİK-in “İşçilərin sağlamlığı və əməyin mühafizəsi” komissiyası zavodun Əməyin mühafizəsi və keyfiyyətə nəzarət departamentinin bu sahə üzrə məsul şəxslərlə birgə istehsalat və sahələrdə işçilərin əməyinin mühafizəsi və iş şəraitlərinin vəziyyəti haqda yoxlamalar aparmış, nəticələr təhlil edilmiş, müvafiq tədbirlər görülmüşdür. Sevindirici haldır ki, ötən il zavodda elə bir ciddi bədbəxt hadisə baş verməmişdir.

İ.Quliyev qeyd etdi ki, bu gün müəssisənin yenidən qurulması və modernizasiyası istiqamətində aparılan işlərdə zavod rəhbərliyinə lazımi dəstəyini göstərən Həmkarlar İttifaqı Komitəsinin üzərinə böyük məsuliyyət düşür. İşçilərin əmək, iqtisadi, sosial hüquqlarının və qanuni mənafelərinin müdafiəsini həyata keçirərək, zavod rəhbərliyi ilə birgə strateji, çətin və mürəkkəb istehsal sahələrində beynəlxalq standartlar səviyyəsində normal iş şəraitinin mövcudluğuna çalışır. Komitə sədri yeni Kollektiv Müqavilənin bağlanması, işçilərin əməyinin və sağlamlığının mühafizəsi, sosial-iqtisadi problemlərinin həlli, istirahətlərinin təmin olunması, nəqliyyatın təşkil olunması və b. istiqamətdə görüləcək işlərdən danışaraq, istehsalat, sahə ilk həmkarlar təşkilatı sədrlərinə məsləhət və tövsiyələrini verdi. Bildirdi ki, təşkilat sədrləri işçilərlə çox yaxın münasibətdə olmalı, onların problemlərinə diqqət və qayğı ilə yanaşmalıdırlar. Onlar öz ictimai fəaliyyətlərində nizam-intizama ciddi fikir verməli, məsuliyyətli olmalıdır.Hər bir işçinin sağlamlığının qorunması istehsalat, sahə həmkarlar ittifaqlarının qarşısında duran ən önəmli vəzifələrdən biridir.

İ.Quliyev bu yaxınlarda SOCAR və Azərbaycan Neft, Qaz və Kimya Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanan Baş Kollektiv Saziş haqda məlumat verdi. Bildirdi ki, onların birgə Əmr-Qərarına əsasən, Neft, Qaz və Kimya Sənayesində azı 25 il iş staji olan, 50-60-70 yaşı tamam olan neftçilərə yubileyləri münasibətilə 500 manat mükafat veriləcəkdir. Əmr-Qərar 01 yanvar 2023-cü ildən qüvvədədir.

Komitə sədri işçilərin sosial-iqtisadi problemlərinin həlli, istirahətlərinin təmin olunması, neft emalçılarının işə gətirilib-aparılmasında nəqliyyatın təşkil olunması, idmanda qazanılmış uğurdan və b. istiqamətdə görülən işlərdən, cari ildə həyata keçiriləcək tədbirlərdən danışdı. Xatırlatdı ki, keçən il maliyyə çətinliyinə baxmayaraq, işçilərə ölkənin bir sıra ərazilərində yerləşən sanatoriya, istirahət evlərinə göndərişlər verilmiş, il ərzində zavod işçilərinə maddi yardım edilmişdir. Talassemiyalı uşaqlara yardım məqsədi ilə SOCAR tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq zavodda ”Donor günü” keçirilmiş və qanvermə aksiyalarında yüzdən çox işçi iştirak etmişdir.

Sonra HİK sədrinin müavini S.Əhmədov 2022-ci il üzrə iş planına əsasən görülən tədbirləri komitə üzvləri, ilk həmkarlar təşkilatları sədrlərinin nəzərinə çatdırdı.

Sonda zavod Həmkarlar İttifaqı Komitəsinin sədri İlham Quliyev iclas iştirakçılarının suallarını cavablandırdı.

Şamil Həşimov