24 fevral 2023 00:35
416

Sızıltısı sönməyən yara...

Müharibə bəşəriyyətə ən ağır zərbə, soyqırımı isə bu zərbədən əmələ gələn ən ağır və dərin yaradır. Müharibə ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələrin səbəbkarıdır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin  ağrı-acılı, qanlı-qadalı səhifələrindən olan Xocalı müsibəti birinci Qarabağ müharibəsinin qaysaq qoymayan və ağrısı səngiməyən yarasıdır.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

İnsan belə adlandırmaq istəmədiyim mənfur qonşularımız olan erməniləri bəşəriyyətin ən vəhşi məxluqları adlandırsaq doğru olar. Cəmi 200 illik bir tarixə dayanır ermənilərin bizim ərazilərə ayaq basmağa başladıqları.

XX yüzillikdə ermənilərin Osmanlı İmperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb olub. Bu torpaqların onlara məxsusluğunu iddia edən ermənilər, əslində “dənizdən-dənizə böyük Ermənistan” sərsəm planını həyata keçirmək istəyirdilər. 1905-1907-ci, 1918-1920-ci illərdə də həmin dəhşətləri yaşadıq. 1948-1953-cü ildə Qərbi azərbaycanlıların deportasiyası, 1988-ci il isə bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir və “Qarı düşmən dost olmaz”.

Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı.

Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. 1991-ci ilin oktyabrında isə şəhərin blokadası tam başa çatdırılmışdı. Artıq Xocalıya gedən bütün avtomobil yolları bağlandığından şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu helikopter isə 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında çoxsaylı insan tələfatına səbəb olmuş helikopterin vurulması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatının dayandırılması, sanki yaxınlaşmaqda olan vahimədən, dəhşətli kabusdan xəbər verirdi. Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular.

Fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmış Xocalı hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Şəhərdə vəziyyət getdikcə ağırlaşırdı. Bütün bunlara baxmayaraq, ölkə rəhbərliyi Xocalının xilası üçün heç bir addım atmırdı. Yaranmış vəziyyətdən faydalanmağa çalışan ermənilər isə Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər.

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafətlar törətdilər.

O qanlı gecədə 613 nəfər vəhşicəsinə qətlə yetirildi, 150 nəfər itkin düşdü, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir düşdü. Sonra onlardan 800-ü qaytarılsa da, 500-dən hələ də xəbər yoxdur. 8 ailə yer üzündən silindi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 7000 nəfər sakini olan bir şəhər vəhşətli bir gecənin qurbanı oldu.

Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Bu faciənin işıqlandırılmasında mərhum jurnalistimiz, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin əvəzsiz rolu olmuşdur. Məhz onun çəkdiyi video və şəkillərə əsasən dünya Xocalı həqiqətlərini gördü. Vətənin müdafiəsində jurnalist kimi doğulub, şəhid kimi gözlərini yumdu el oğlumuz. 1992- ci il iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində aldığı mərmi qəlpələrindən əbədi olaraq həyata göz yumdu.

“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”—deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ümummilli Liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Artıq Xocalı qətliamının növbəti ildönümü ərəfəsindəyik. 31 illik sızıltısı, iniltisi dinməyən bir yara. Hər açdıqca qanayan, hər toxunduqca göynəyən bir dağdır Xocalı. Bu ərəfədə hər birimiz bir xocalılıya çevrilirik.

Vətən, torpaq, yurd yolunda canlarını fəda edən şəhidlərimiz haqqında Naxçıvan şəhərində yerləşən xatirə muzeyində yaradılan guşələrdə tarixi materiallar, xatirə əşyaları, fotolar, rəsm əsərləri yer alır. Biz də öz növbəmizdə çalışırıq ki, tariximizi muzeyi ziyarət edən yerli və xarici qonaqlara olduğu kimi çatdıraq. Tarixi hadisələrlə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil Nazirliklərinin qarşılıqlı razılaşması əsasında muzeydə açıq və distant dərslər keçirilir, mühazirələr oxunur. Muxtar Respublikanın Ali və orta ixtisas məktəblərinin tələbə və şagirdlərinin muzeyə ziyarəti təşkil olunur.

Bir sözlə, Tanrının xalqımıza qismət etdiyi bu yurd yerinin təməlində qoyulan, şəhidlərimizin al qanı ilə yoğrulan palçıqla hörülən Azərbaycan adlı qalanı alınmaz etmək üçün Vətən daşıyıq.

Sevinc Səbzəliyeva,
Xatirə Muzeyinin baş fond mühafizi
Naxçıvan