24 fevral 2023 10:43
533

Xocalı faciəsi heç zaman unudulmayacaq

Dövlətçiliyin, dövlətin, xalqın tarixi ilə əlaqəli hadisələr heç zaman unudulmur. Bu, xalqı da­ha da mətinləşdirir, mübarizləşdirir. Rus imperiyası 1920-ci ilin 28 mayında Azərbaycan De­mok­ratik Cümhuriyyətini ilhaq etdi, ancaq xalqın mübarizə ruhunu sarsıda bilmədi. Xalq  müs­tə­qil­­lik mübarizəsini mətinliklə davam etdirdi.

İmperiya 1990-cı ilin 20 yanvarında Bakıda qırğın törətdi, ancaq milli-azadlıq hərəkatını məhv etməyə gücü çatmadı...

Azərbaycanla elan etmədən müharibə aparan Ermənistan 1992-ci il fevralın 25-dən 26-na ke­­çən gecə dislokasiya yeri Xankəndi olan 366-cı alayın iştirakı ilə Xocalıda qətliam törətdi. Üç istiqamətdən mühasirəyə aldığı şəhəri odlara qaladı, camaatı öldürdü, qaça bilməyənləri əsir gö­tür­dü. Yüzlərlə xocalılı qarda-sazaqda çöllərə səpələndi, qurtuluş üçün Ağdama üz tutdu. Ermə­ni­lər təqib etdiyi xocalıları onlara çatanda əsir götürürdü, uzaqlaşmağa çalışanları güllələyirdi. Qırğının sa­yı ona görə belə çox olmuşdu...

Xocalı soyqırımında 613 nəfər qətlə yetirildi, bunların 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. Qaça bilməyən 1275 sakin girov götürüldü, onlardan 150 nəfərinin taleyi indiyə kimi məlum deyil.  8 ai­lə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirdi. Faciə gecəsi şəhər tamamilə məhv edildi...

56 nəfəri diri-diri yandırılıb, başının dərisi soyulub, boynu vurulub, gözləri çıxarılıb, ha­milə qadınların qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. Bu faktlar erməniliyin nə ol­du­ğunun təsdiqidir.

Xocalı faciəsində insanlar da qətlə yetirildi, sosial tikililər də. Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniy­yət evi, bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı. Şəhərdə XIV-XV əsrə aid türbələr, gün­bəz­lər, məzarlar yerlə-yeksan edildi, qəbiristanlıq müqayisə olunmayacaq qəddarlıqla dağıdıldı.

“Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Ümummilli Lider Heydər Əliyev bu faciəni dünya ictimaiyyətinə belə tanı­dır­dı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı faciəsi haqqında deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqı­rı­mı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” ...

Xocalı faciəsindən sonra faciənin dəhşətlərini lentə alan Livanlı kinooperatorun dedikləri də tarixi gerçəkiyi ifadə edir: Mənim ölkəmin varlı daşnak icması Qarabağa silah və adam göndərir. Bu etiraf vicdanın səsidir və nə vaxtsa beynəlxalq məhkəmədə etibarlı şahid ifadəsi olacaq.

Xocalı soyqırımından az sonra dünyanın neçə-neçə jurnalisti faciə törədilən ərazidə olub, tö­rə­dilənləri görüb, gördüklərini yazıb:

“Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu” (“Krua l'Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il);  “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər” (“Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il); “Ermənilər Ağdama tərəf ge­dən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar” (“Fay­nenşl Tayms” qə­ze­ti (London), 9 mart 1992-ci il); “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qal­mış­dır” (“Tayms” qəzeti (London), 4 mart 1992-ci il; “Xocalıdakı vəhşiliklərə dünya ictimaiy­yə­ti­nin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.” (R.Patrik, İngiltərənin “Fant men nyus” te­le­şir­kətinin jurnalisti). Sonuncu fikir əvvəlki fikirləri istər hüquqi baxımdan, istərsə də bəşəri ba­xımdan ümumiləşdirir, gerçəkliyin ifadəsi kimi oxunur, belə də dərk edilir...

Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qur­ban­larının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Res­publikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.

Xocalı faciəsi beynəlxalq hüququn da subyekti oldu. Bəşəri dövlətlər bu faciəni ciddi şəkildə pislədi. Onun dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xo­ca­lı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herse­qo­vina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Pe­ru, Su­dan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıs­tanın qanun­ve­ri­ci orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soy­qı­rı­mı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları sə­viy­yə­sində tanındı. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci ses­si­ya­sında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanın­ma­sı istiqa­mə­tində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “mü­ha­ribə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə fəaliyyətə başlayan “Xocalıya ədalət” bey­nəlxalq maarifləndirmə kampaniyası bir çox ölkələrdə missiyasını uğurla yerinə yetirir. Başlıca  fəaliyyəti Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmaq, ona hüquqi və siyasi qiymət verilmə­si­ni gerçəkləşdirmək, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istə­nilmə­sinin, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşı­yan şəxs­lə­rin cəzalandı­rıl­ma­sı­nın, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinin, sağ qalmış ailələrə dəstək gös­tə­rilməsinin soyqırımın yaddaşlarda yaşamasının cəfakeşi olmaq kimi müəy­yən­ləş­dirilən bu kampaniyanın fəaliyyətini 100 minlərlə şəxs, 115 təşkilat dəstəkləyir.

Xocalı faciəsinin şahidi olmuş Süsən Cabbarova xatırlayır: Mən tibb bacısıyam. Həkimlə birlikdə yaralıları xərəklərdə daşıyırdıq. Kənd sakinləri ilə birgə dəmir yolunun keçərək Qarqar ça­yına yaxın gəldik. Buzlu suda ayaqqabımı itirdim. Hər tərəfdən erməni döyüşçüləri ilə mühasirə olumuş meşədə uzun müddət gizləndik. Qadınlardan birinin əlində 9 aylıq körpəsi vardı. Körpə bərkdən ağlayırdı. Onun səsindən bizi aşkar edə bilərdilər. Ana qorxudan uşağın ağzını tutdu. Ağ­da­ma çatanda uşaq nəfəs almırdı...Biz Naxçıvanikdəki sahəyə çıxdıq. Bu zaman erməni səsləri eşitdik. Mən yerə yıxıldım və özü­mü ölülüyüə vurdum. Onlar ətrafda gəzirdilər və tərpənən kəslərə işgəncə verirdilər. Qalan bütün yolu mən iməklədim, belə ki, artıq ayağa qalxa bilmirdim...”...

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.

Hər il Xocalı soyqırımının ildönümündə “Ana harayı” abidəsi önündə anım mərasimi keçi­ri­lir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilir. Yürüşdə ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların, əksər xarici diplomatik korpusların nümayəndələri də  iştirak edir. Bu, Xocalı faciəsinin ümumxalq qəhəri olduğunun təsdiqidir...

Beynəlxalq konfliktoloqlar Xocalı faciəsini Holokost soyqırımı ilə müqayisə edirlər. Onda cinayətin indiyə kimi cəzasız qalmasının səbəbi nədir? Bu səbəb də bilinəcək, etiraf ediləcək, onun da günahkarları beynəlxalq məhkəmənin mühakiməsinə veriləcək, şübhəsiz...

Xocalı faciəsi xalqın yaddaşında da, tarixdə də yaşadılacaq...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı