17 mart 2023 22:39
1617

MƏN HEYDƏR ƏLİYEV MƏKTƏBİNDƏ NECƏ DƏRS ALDIM

Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib.  Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik. 

Çox gərgin, dinclik nə olduğu bilinməyən günlər, həftələr bir-birini əvəz edirdi. Açığı, biz fasiləsiz iş rejiminə çətinliklə dözürdük. Hətta hərdən adama elə gəlirdi ki, güc-qüvvə tamamilə tükənib. Amma Heydər Əliyevin yorulmaq nə olduğunu bilməyən gücünü, iradəsini görüb hiss edəndə sanki tükənməkdə olan enerjimiz bir anda bərpa olunurdu. Biz tədricən Heydər Əliyevin çox ağır və gərgin iş qrafikinə uyğunlaşırdıq.

Biz Gəncədən qayıdandan sonra AZƏRTAC-ın və AzTV-nin rəhbərləri və bir qrup əməkdaşı Prezident sarayına çağrıldı. Bizi Azərbaycan Prezidenti qəbul etdi. Onun danışığında, hərəkətlərində, hətta üz cizgilərində zərrə qədər də yorğunluq hiss olunmurdu. Məncə, uca Tanrının Azərbaycan xalqına xilaskar kimi göndərdiyi bu dahi insan əzəmətli təsir gücünü, nüfuzedici, nurlu baxışlarını, mənalı, mehriban gülüşlərini daim eyni tərzdə qoruyub saxlaya bilirdi. Çox adam şahiddir ki, qeyri-adi yaddaşa və fitri istedada, qeyri-adi təsir qabiliyyətinə və dərin təfəkkürə malik olan  Heydər Əliyev bir çox iclaslarda, tədbirlərdə saatlarla, bəzən hətta üç saat eyni tərzdə, ayaqüstə şax dayanıb danışır, yaxud çıxış edirdi. Bu müddətdə onun ayaqlarında, qamətində zərrə qədər, bir dəqiqə də olsun tərpəniş olmurdu. Necə başlayırdısa, axıradək də eyni tərzdə dayanırdı. Necə deyərlər, hazırlıqlı idmançılardan başqa heç kim buna belə dəqiqliklə əməl edə bilməzdi.

Yeri gəlmişkən, deyim ki, Heydər Əliyev həm Azərbyacan xalqı, həm də dünyanın bir sıra ölkələrinin xalqları üçün əlçatmaz zirvə idi. Yadıma bu barədə deyilmiş çox maraqlı bir fikir düşdü. Bizimlə heç də həmişə dost kimi davranmayan Fransada bir məhşur redaktor yazmışdı: “Tanrı bu şəxsiyyəti təkcə öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb bir tarixi məqamda göndərmişdi. O bir sıra ciddi böhranlar keçirmiş və onları dəf etmişdi. O, hamısına mətanətlə sinə gərmişdi və onu mənən və cismən məhv etmək üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxmışdı”.

Xalqımızın dahi oğlu haqqında dünyanın bir çox görkəmli siyasi və dövlət xadimlərinin, diplomatların, yazıçıların və elm adamlarının, jurnalistlərin söylədikləri fikirlər Heydər Əliyev şəxsiyyətinin, bu siyasət nəhənginin əzəmətini daha dolğun dərk etməyə imkan verir. Həm də diqqəti çəkən əsas odur ki, bu fikirlər Heydər Əliyev fenomeninə xas olan bütün cəhətləri əhatə edir, yəni, onu təkcə məşhur siyasətçi və dövlət xadimi kimi deyil, həqiqətən dünyanı valeh edən, hərtərəfli istedada malik alicənab insan, əfsanəvi şəxsiyyət kimi səciyyələndirir. Bəli, Heydər Əliyev sağlığında dünyada əfsanəvi lider kimi böyük hörmət və nüfuz qazanmışdı.

Azərbaycan Prezidenti AZƏRTAC və AzTV-nin əməkdaşlarının bir qrupunu yanına çağırması  qarşıdakı mühüm xarici səfərlə bağlı idi. Həmin dövrdə dünya liderləri arasında sayılıb-seçilən Fransa Prezidenti Fransua Mitteran onu Parisə rəsmi səfərə dəvət etmişdi. Səhv etmirəmsə, prezident seçildikdən sonra bu, onun xarici ölkəyə ilk rəsmi səfəri olacaqdı.

Dünyanın diqqətini Azərbaycana cəlb etmək Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biri idi və o, zəngin təcrübəyə malik dövlət xadimi, mahir diplomat kimi bu məqsədinə tədricən, addım-addım nail olurdu.

İki əsrə yaxın bir dövrdə torpaqlarımıza göz dikən məkrli qonşularımız xaricdəki havadarları ilə birləşərək bir sıra ölkələrdə çox güclü, dövlət siyasətinə təsir edə bilən lobbilərini yarada bilmişdilər. Nəticədə yaxşı təşkil olunmuş təbliğat maşını sayəsində düşmənlərimiz dünyada xeyli yalanlar uydurmağa, hətta bir çoxlarını bu yalanlara inandırmağa nail olmuşdular. Ermənilər Fransada daha geniş imkanlara malikdir. Prezident, parlament seçkilırindən tutmuş, idarəetmənin bütün qollarına qədər böyük təsir imkanlarına malik erməni lobbisi özlərinə ən yaxın dost saydıqları bu ölkədə istənilən oyunlardan çıxa bilirlər.

Heydər Əliyev bizimlə görüşdə Azərbaycanda və dünyada mövcud ictimai-siyasi vəziyyət barədə danışdı. Ölkəmizdə gedən hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu prosesi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, öz havadarlarına arxalanaraq bu işğalı genişləndirməyə ciddi cəhd göstərməsi, işğal nəticəsində doğma ev-eşiklərindən didərgin düşmüş insanların çox ağır şəraitdə yaşaması və ölkə üçün vacib olan digər məsələlərin mətbuatda daha dolğun və operativ işıqlandırılmasına dair tövsiyyə və tapşırıqlarını verdi.

Prezident dedi ki, müasir dünyamızda hər bir cəmiyyətin, dövlətin həyatında baş verən proseslərə kütləvi informasiya vasitələrinin fəal münasibəti, bu barədə analitik materiallara həmişə ciddi ehtiyac duyulur. O, respublikamızın əsas problemlərinə obyektiv mövqedən yanaşan, dövlətçiliyə xidmət edən, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilən mətbuatın olması üçün görülməli və xüsusi diqqət yetirilməli işlər üzərində ətraflı dayandı. Azərbaycan Prezidentinin fəaliyyətinin, xüsusilə xarici ölkələrə səfərlərini yüksək səviyyədə, milli mentalitet nəzərə alınmaqla işıqlandırılması sahəsində ölkəmizdə lazımi təcrübənin olamamasından bəhs edən Heydər Əliyev bunun üçün mükəmməl bir konsepsiyanın hazırlanmasının və xarici ölkələrə səfərlər zamanı Prezidenti müşahidə etmək üçün Prezident Aparatının, AzTV-nin və AZƏRTAC-ın əməkdaşlarından ibarət xüsusi bir qrupun yaradılmasının vacibliyini bildirdi. Həmçinin Prezidentin fəaliyyətinin işıqlandırılması, xüsusilə xarici səfərlər barədə geniş materialların hazırlanması qaydaları, bu materialların strukturu, onların yayılması formaları barədə bizə düzgün istiqamət göstərdi və lazımi tövsiyələr verdi. Bu görüş bizim üçün sözün əsl mənasında ustad dərsi oldu.

Beləliklə, Ədalət Abbasov, Rafiq Bağırov, Səyyad Ağbabalı, Fazil Hadıyev, Aslan Aslanov və Yaşar Xəlilov xüsusi qrupun ilk üzvləri oldular.

Prezident Heydər Əliyevin Fransaya rəsmi səfəri 1993-cü il dekabrın 19-da başladı. İlk rəsmi səfərin məhz Fransaya olması təsadüfi deyildi. Bunun səbəbini Prezident dekabrın 21-də Parisdə keçirdiyi mətbuat konfransında açıqladı: “Mən burada olarkən daha çox yəqin etdim ki, Azərbaycan ilə Fransa arasında əlaqələr son dərəcə zəif olub. Fransada Azərbaycan barədə məlumat çox azdır. Bəzən qeyri-obyektiv məlumat ölkəmiz, Azərbaycan dövlətinin tədbirləri barədə yalan-yalnış təsəvvür yaradır. Buna görə də hesab edirəm ki, Fransaya səfər iki ölkənin rəhbərləri arasında sıx qarşılıqlı əlaqələr, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün bünövrə yaratmaqla yanaşı, Fransada Azərbaycanın daha yaxşı təsəvvür olunması mənasında böyük əhəmiyyətə malikdir”. Fransada güclü erməni diasporunun olduğunu nəzərə alsaq, Azərbaycanın bu ölkə ilə əlaqələr yaratması Avropada və ümumən dünya siyasətində böyük təsiri və rolu olan Fransada respublikamız haqqında həqiqətlərin yayılmasına nail olmaq üçün çox vacib idi.

Dövlət başçısı Binə Aeroportundan yola düşməzdən əvvəl mətbuat işçiləri ilə müsahibəsində demişdi ki, bu səfər Azərbyacanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə xidmət edəcək, qarşıdakı danışıqlar Fransa dövləti ilə əməkdaşlığımızın əsasını qoyacaq.

Heydər Əliyevi Parisin beynəlxalq hava limanında təyyarənin pilləkanı yanında Fransa Prezidentinin şəxsi nümayəndəsi, ölkənin Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri qarşıladılar. Azərbaycan dövləti başçısının şərəfinə təyyarə meydanında fəxri qarovul düzülmüşdü. Hava limanından Parisə gedəndə yol boyu sıralanmış dünya memarlıq sənətinin inciləri sayılan, bir-birindən yaraşıqlı binaların ecazkar görünüşü bizi heyrətə gətirir, hər kəsdə xoş duyğular yardırdı. Lakin birdən şəhərə aparan yaraşıqlı prospektin lap yaxınlığındakı böyük, çoxmərtəbəli binanın üzərində böyük hərflərlə yazılmış “Petrosyan” sözünü görəndə xoş duyğularım alt-üst oldu, gözümə sanki iynə batırdılar. Birtəhər özümü ələ aldım və başa düşdüm ki, Fransa ermənilərin dost, cici-bacı olduqları bir ölkədir. Avtomobildəki digər yol yoldaşlarım da qarşılaşdığımız bu mənzərədən əməlli başlı dilxor oldular. Nədənsə elə həmin anda rus şairi Puşkinin ermənilər barədə dediyi sözlər yadıma düşdü və onu ucadan, pafosla səsləndirdim: “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”. Sən demə, yol yoldaşlarımın lap ürəyindən xəbər vermişdim.

Mənimlə yanaşı əyləşmiş Səyyad Ağbabalı hamıdan çox yanıqlı idi. Mənim anadan olduğum Cəbrayıl rayonu 1993-cü ilin avqustunda işğal olunub, viran edilib. Qərbi Azərbaycanın ən füsunkar məkanlarından olan Ağbabalı bölgəsi isə 1988-ci ildə erməni vəhşiləri tərəfindən zəbt edilib, əsrlərlə azərbaycanlıların yaşadıqları ərazidən insanlar zorla qovulub. Xaraktercə çox vətənpərvər, dövlətə, millətinə qəlbən bağlı olan Səyyad Ağbabalı işlədiyi AzTV-də və respublikada peşəkar jurnalist kimi böyük hörmət sahibidir. Qərbi Azərbaycandan söhbət düşəndə el-oba, yurd itkisinin ona necə ağır zərbə olduğu həmişə aydın hiss edilir.

Səyyadın fransız yazıçısı və səyyahı Aleksandr Dümadan gətirdiyi sitat da yerinə düşdü: “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olublar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan hiyləgər və kələkbaz adamlara çevriliblər”.

Gözəl insan, respublikanın ən peşəkar televiziya operatorlarından biri olan Fazil Hadıyev öz sənətinin demək olar ki, vurğunudur. O, işlətdiyi kameranı canlı varlıq kimi əzizləyib saxlayır, hətta kiminsə yarızafatla da olsa, onun kamerasına toxunması Fazilin sərt təpkisi ilə qarşılanardı. Bizim xüsusi qrupun daimi üzvü olan Fazil on il ərzində bir dəfə də olsun rəsmi tədbirlərin çəkilişindən kənarda qalmadı. Nizam-intizamı, səliqə-sahmanı ilə diqqət çəkən Fazil sovet dövründə ərəb ölkələrindən birində işləmişdi. Ərəb dilini yaxşı, fars dilini isə zəif də olsa bilirdi. Ona görə də onun Sədi Şirazidən misal çəkməsi qəribə görünmədi: “Erməni yer üzünün ilanı, insanlığın düşmənidir”.

Parisin hava limanından mərkəzinədək olan yol boyunca ilk dəfə gəldiyimiz şəhərin ecazkar gözəlliklərinə avtomobildən də olsa baxmaq “erməni söhbəti” ucbatından bizə əməlli-başlı mane oldu.

Budur, gəlib otelə çatdıq. Protokol bizə 35-40 dəqiqə vaxt verdi və bu günə gözlənilən tədbirlər barədə məlumatlandırdı.

Mən qalacağım otağı tapıb Azərbaycan Prezidentinin Fransa Prezidentinin dəvəti ilə bu ölkəyə rəsmi səfərinə dair ilk xəbəri - Bakıdan yola düşmə və Parisin hava limanında qarşılanma barədə materialı hazırlayıb AZƏRTAC-a göndərdim. İndi növbəti material barədə düşünmək lazımdır. Gün ərzində keçiriləcək tədbirlər arasında vaxt tapıb yazmasam, gecikə bilərəm, çünki Bakı Parisdən üç saat irəlidədir. Səfər barədə material agentliyə çatan kimi baxılıb ölkənin bütün mətbuat orqanlarına göndərilir, rəsmi qəzetlərdə dərc olunur.

Səfərin birinci günü çox gərgin və maraqlı keçdi. Otelə axşamdan xeyli keçmiş qayıtdıq. Mən vaxt itirmədən agentliyin gözlədiyi materialı hazırlamağa başladım. Nə qədər yorğun olsam da məsuliyyətimi yaxşı başa düşür, Heydər Əliyevlə işləməkdən həqiqətən böyük qürur duyurdum. Parisdən göndərdiyim xəbər indi də sözbəsöz yadımdadır: “Belə səfərləri, adətən, tarixi səfər adlandırırlar. Doğurdan da, Azərbaycan rəhbərinin Fransaya səfəri iki ölkə arasında münasibətlərin tarixinə çox böyük əhəmiyyətli bir hadisə kimi daxil olacaq. Fransa suveren Azərbaycan dövlətinin başçısını ilk dəfədir qəbul edir. Müstəqil ölkəmizin üçrəngli bayrağı qədim Paris üzərində ilk dəfədir ki, dalğalanır.

Fransada əhalinin müəyyən təbəqələrinin Azərbaycan haqqında təsəvvürləri məhdud olsa da, Qərbin bu nüfuzlu dövlətində Heydər Əliyevi yaxşı tanıyırlar. Küçədə, yaşadığımız mehmanxanada rastlaşdığımız fransızlar Azərbaycandan gəldiyimizi bilən kimi Heydər Əliyevin adını çəkirlər. Yerli siyasi dairələr, kütləvi informasiya vasitələri bu səfəri Azərbaycanla Fransa arasında əlaqələr yaradılmasında mühüm mərhələ kimi qiymətləndirirlər. İcmalçılar Fransua Mitteranı və Heydər Əliyevi dünyanın görkəmli dövlət və siyasi xadimləri kimi səciyyələndirir, onların qarşıdakı görüşünün iki ölkə arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyindən bəhs edirlər.

Yüksək səviyyədə Azərbaycan-Fransa görüşü sırf işgüzar xarakter daşıyır. Səfərin proqramı son dərəcə zəngindir. Görüş zamanı dostluq və əməkdaşlıq haqqında müqavilə bağlanacaq. Azərbaycan dövlətinin başçısı yeni Avropa üçün Paris Xartiyasını da imzalayacaqdır”.

Yeri gəlmişkən, deyim ki, bu xəbər Azərbaycan mətbuatı tarixində müasir, müstəqil dövlətimizin banisi Heydər Əliyevin xarici ölkəyə səfəri barədə hazırlanmış ilk materialdır. Onu otuz il bundan əvvəl – 1993-cü il dekabrın 19-da Parisdə qaldığım oteldə yazmışam.

/ardı var/