“Ramazan ayında balanslı və sağlam qidalanmaq çox önəmlidir. Yəni, həmin müddətdə düzgün, balanslı və keyfiyyətli qidalanmaq tövsiyə olunur”.
Bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisi Aynur Həsənova deyib.
AQTİ mütəxəssisinin sözlərinə görə, builki Ramazan ayı yaz fəslinə təsadüf etdiyindən aclıq və susuzluq nisbətən çox hiss oluna bilər:
“Bu səbəbdən imsak və iftar vaxtında tərkibində maye olan qidalara üstünlük verilməli, fasilələrlə qidalanmaq daha faydalıdır. Orqanizmin ehtiyacı olan vitamin və mineralların yetəri miqdarda balanslı olaraq qəbulu mühümdür. Belə qidaların yetəri qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir”.
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Aynur Həsənova
O bildirib ki, nəinki Ramazan ayının imsakında, eləcə də adi günlərdə də səhər yeməyi mütləqdir:
“Əgər imsak zamanı düzgün qidalansaq, o zaman günboyu həm su, həm də enerji balansı qorunmuş olar, yorğun və halsız olmarıq. İmsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Belə ki, imsak zamanı yumurta, süd məhsulları, yulafdan hazırlanan qidalar qəbul edilsə, toxluq hissi daha uzunmüddətli olur. Duzlu və ədviyyatlı qidaları menyudan çıxarmaq məsləhətdir. Çünki həmin yeməklər susuzluq yaradır”.
İmsakda bayat yemək qəbulunun narahatlığa səbəb ola biləcəyinə diqqət çəkən A.Həsənova vurğulayıb ki, bir neçə xurma yemək insanı gün ərzində tox saxlayır:
“Xurmanın tərkibi meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından olduqca zəngindir.
Orucu ilıq su ilə açmaq lazımdır. Daha sonra xurma yemək uyğundur. İftarda birbaşa quru qidanın qəbulu həzm problemi yarada bilər. İlk olaraq sulu qida qəbulu məsləhətdir. Qəbul edilən qidalar da yaxşı çeynənməlidir ki, həzmdə problem yaranmasın. Normadan artıq və fasiləsiz qidalanma ziyandır. Əsas yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməlidir”.
Mütəxəssis vurğulayıb ki, mümkün qədər az yağlı yeməklər qəbul edilməli, qızartmalar, xəmir yeməklərinin tərkibindəki kalorilər çox olduğundan Ramazan ayı boyu süfrələrdə yer almaması tövsiyə olunur:
“Bundan başqa, yemək qəbulu zamanı maksimum iki dilim çörək yeyilməsi məsləhətdir. Həzm sisteminin fəaliyyəti pozulduqda, qəbizlik yarandıqda bağırsaqların işləkliyini yaxşılaşdırmaq məqsədilə qatıq istehlakı artırılmalı, daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd məhsulları bağırsaqların fəaliyyətinə müsbət təsir göstərmiş olur. İftar zamanı şirniyyat qəbul etmək istəyənlər bunu yeməkdən dərhal sonra etməməlidirlər. Bunu adətən yeməkdən 1-2 saat sonra qəbul etmək uyğundur. Şərbətli şirniyyatların əvəzinə südlü şirniyyatlara üstünlük verilə bilər. İftar zamanı fasilələrlə bol su içilməsi tövsiyə olunur. Bədənin maye itkisini bərpa etmək üçün bu nisbəti qoruyacaq miqdarsa maye qəbulu vacibdir. İftardan sonra bağırsağın aktiv fəaliyyəti qəbul edilən qidaların yaxşı həzmi üçün piyada gəzmək də şərtdir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər” – mütəxəssis əlavə edib.
Qeyd edək ki, sabahdan, martın 23-dən Azərbaycanda Ramazan ayı başlayır.
İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.
Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqviminə görə, ilk Qədr (Əhya) gecəsi aprelin 9-u olacaq. Digər Qədr gecələri isə aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək.
Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.
“Report”