24 mart 2023 15:35
600

SOCAR Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstan neftinin tranzitinə başlayıb

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Məlumata görə, “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası martın 23-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından Azərbaycanın Səngəçal terminalına çatdırılıb.

Bu haqda SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-nin məlumatında bildirilir.

Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir.

2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır. Qazaxıstan neftinin növbəti partiyasını çatdıracaq “Şuşa” tankeri Aktau limanından martın 27-də yola düşəcək.

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.