30 mart 2023 10:15
622

Xalqımızın qan yaddaşı -  31 mart Azərbaycanlıların Soyqırım Günüdür

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Heç vaxt Cənubi Qafqazda dövləti olmayan  ermənilər himayədarlar taparaq, onların sayəsində əvvəlcə Azərbaycan ərazisində məskunlaşmış, bizim dədə-baba torpaqlarımızda Ermənistan adlı respublika yaratmışlar. Lakin bütün bunlara baxmayaraq, onlar yenə də öz mənfur niyyətlərindən əl çəkməmişlər. «Kürəkçay» (1805-ci il), «Gülüstan» (1913-cü il) və «Türkmənçay» (1828-ci il) müqavilələrindən sonra Azərbaycanın, xüsusi ilə də Qarabağın taleyi ilə bağlı erməniləşdirmə prosesi üçün şərait yaradıldı. Bundan sonra Qarabağda siyasi, iqtisadi və mənəvi cəhətdən müstəmləkəçilik siyasəti gücləndi. Erməni əhalisinin Qarabağın boşalmış kənlərində yerləşdirilməsi və sonralar tədricən yerli azərbaycanlı əhalisinin sıxışdırılıb çıxarılması hesabına etnik tarazlığın pozulması hesabına Qarabağın və digər ərazilərinin azərbaycansızlaşdırma siyasəti yeridildi ki, bu barədə yazılı mənbələrdə kifayət qədər məlumatlar verilir. 

Beləliklə də   Azərbaycan xalqı  son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalaraq  tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.  

1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.

Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.

1918-1920-ci illərdə yaradılmış Fövqəladə İstintaq Komissiyasının materiallarında bu qanlı faciə haqqında məlumatlar öz əksini tapmışdır. 

Bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi və dünyaya çatdırılması üçün Azərbaycan Xalq Cümhuriyyəti  tərəfindən müəyyən işlər görülsə də,  (məsələn, Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edilmişdi, Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmış, dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmış, Əlimərdan bəy Topçubaşov tərəfindən   həmin materiallar Paris Sülh Konfransına təqdim olunmuş,1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir),mövcud tarixi şəraitə görə baş verənlərin sona qədər  araşdırılmasının  və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır.

Lakin həmin faciəli hadisədən 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə hüquqi - siyasi qiymət verilmiş  və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan  olunmuşdur. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. 

Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Tədqiqat nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olmuşdur. Quba qırğınları zamanı isə şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Aparılmış tədqiqatlar sübut etdi ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməmişlər. 

Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Ölkə başçısı  İlham Əliyev "31 Mart Azərbaycanlıların soyqırımı Günü" münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir ki: “mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.” Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.

Həmin günlərdə Türkiyə öz qardaş köməyi ilə Azərbaycanı xilas etdi. Qazanılmış müstəqilliyin təhlükədə olduğunu hiss edən Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 4-də Türkiyəyə müraciət edərək ondan kömək istədi. Bu müraciətin nəticəsi olaraq iki ölkə arasında  saziş imzalandı.  Aparılan gərgin, qanlı və ağır  mübarizədən sonra 15 sentyabr 1918-ci ildə Bakı Türkiyənin hərbi köməyi ilə işğaldan xilas olaraq həqiqi sahiblərinə qaytarıldı.  Həmin hadisələrdə 6 mini azərbaycanlılar olmaqla 14 min silahlısı olan  Qafqaz İslam Ordusunun  139 əsgəri, 9 zabiti qəhrəmancasına şəhid oldu,  463 nəfər yaralandı. İndi Şəhidlər xiyabanında 1918-ci ildə  həlak olan türk əsgərlərinin xatirəsinə əbədi hörmət rəmzi olan abidə hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Təsadüfi deyil ki, belə  qardaşlıq telləri ilə bağlanan, illərin sınağında bərkiyən Türkiyə-Azərbaycan dostluğu edilən təsir və qadağalara baxmayaraq bu gün yüksək səviyyədə olan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Bu gün bizim qarşımızda duran başlıca vəzifə ermənilərin azərbaycanlılara qarşı törətdikləri  cinayətin soyqırım kimi, beynəlxalq hüquqi qiymətini almasına nail olmaqdır.  Bu baxımdan Respublikanın 1-ci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban  xanım Əliyevanın, eləcə də fondun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü çox diqqətəlayiqdir. Milli Məclisin rəhbəriliyinin adından müvafiq beynəlxalq təşkilatlara,  eyni zamanda, bütün parlamentlərarası dostluq qruplarına, ermənilərin Qarabağda etnik təmizləmə siyasəti haqqında müraciət unvanlamışdır. Lakin biz yenə də ikili standartları görürük. Bütün  görüş və tədbirlərdə, yüksək tribunalarda  Ermənistanın apardığı işğalçılıq siyasətini səsləndirməyimizə baxmayaraq, həmişə olduğu kimi beynəlxalq təşkilatlar susur, sanki eşitmirlər. İşğalçı ilə işğala məruz qalana eyni münasibət göstərirlər. Ermənilər tərəfindən törədilən “31mart azərbaycanlıların soyqırımı”ndan 105 il ötür. Erməni vandalları  azərbaycanlılara qarşı nə qədər amansız və qəddarlıq etsələr də, Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “bu ağır faciələr xalqımızı daha da mətinləşdirmiş, müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən Müharibəsində 200 il, o cümlədən, Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər əraziləridə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi.

Lakin  biz unutmamalıyıq ki, ermənilər Azərbaycan və türk xalqlarına qarşı həmişə düşmən mövqe tutublar. Ona görə xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar,  tarixi sübutlar əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış, heç bir həqiqəti əks etdirməyən fikirləri dəyişdirmək üçün davamlı iş aparılmalıdır. Bütün imkanlardan, platformalardan istifadə edərək  hadisələri olduğu kimi çatdırmaq, ona hüquqi-siyasi qiymət verdirmək, ermənilərə fürsət verməmək üçün daha da fəal olmalıyıq. Bu nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. 

Bu gün biz erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq,artıq tarixi torpaqlarımızda, bu ərqzilərin əsl sahibləri yaşamağa, qurub- yaratmağa başlamışdır. Lakin xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən mühüm səhifələridir, qan yaddaşımızdır. Həm gələcək nəsil üçün, həm də dünya ictimaiyyəti üçün işğaldan azad olunan torpaqlarımızda, erməni faşizminin, ermənin terrorunun, soyqırımını əks etdirən açıq muzeylər, abidələr yaradılmalıdır.