31 mart 2023 09:00
2592

Mart soyqırımı:  Bəşər tarixinin qanla yazılmış səhifəsi

Son iki yüz il ərzində havadarlarından hərtərəfli yardımlar alan ermənilər tərəfindən Azərbaycan xalqına qarşı insanlıq tarixində misli görünməmiş qırğın və soyqırımlar törədilib. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı ilk kütləvi qırğını XX əsrin əvvəllərinə-1905-1906-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda, Şamaxıda, Qazaxda, Lənkəranda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. Həmin ilin martın 31-də Bakı şəhərində azərbaycanlıların ermənilər tərəfindən törədilən kütləvi qırğını əslində “böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi idi. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir.

1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Tarixi mənbələr göstərir ki, ermənilər tərəfindən azərbaycanlı qadınlara, uşaqlara və qocalara rəhm edilməmiş, əli yalın insanların kürəyinə qaynar samovar bağlanmış, hamilə qadınların qarınları yırtılmış və başqa insanlığa sığmayan işgəncələr verilmişdir.

1918-ci il iyul ayının 24-də Cənubi Azərbaycanın Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andronik öz qoşunları ilə Culfa bölgəsinin Yaycı kəndi ərazisindən Arazı keçərək Naxçıvana daxil olmuşdur. Naxçıvan şəhərini tutmağı öz qarşısına məqsəd qoyan Andranik Aza, Düylün, Yaycı, Dizə kəndlərinin əhalisini qılıncdan keçirmişdir. Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal etmişdir. Mətbuat materialları təsdiq edir ki, həmin vaxt Andranikin dəstəsi Gilançay və Əlincəçay vadisində çox kəndi dağıdıb viran qoymuş, əhalinin əksəriyyətini vəhşicəsinə öldürmüşdür. Andranikin ilk təcavüzü Naxçıvan qəzasının Araz çayı kənarında yerləşən Yaycı və Aşağı Aza kəndlərində olmuşdur. Naxçıvanın ən iri yaşayış məskənlərindən biri olan Yaycı kəndinin 2500 nəfərdən artıq əhalisi qətlə yetirilərək Araz çayına atılmışdır. Ermənilərin hücumları zamanı Naxçıvanın 80-dən artıq yaşayış məskəni dağıdılmış, minlərlə insanın həyatına son qoyulmuşdur.

1919-cu il dekabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbəri Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların bölgəni müdafiə etmək üçün göstərdikləri şücaəti belə xarakterizə etmişdir: “İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar”.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə-1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı ulu öndər Heydər Əliyev 30 mart 1999-cu ildə Tədbirlər Planını təsdiq etmişdir.

Erməni-bolşevik silahlı dəstələrinin bir əsr əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş Tədbirlər Planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdi.

2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsi son 200 il ərzində mərhələlərlə xalqımıza qarşı yönəlmiş işğalçılıq siyasətinə son qoydu. Erməni cəlladlarının soyqırımına məruz qalan insanların qisası döyüş meydanında alındı, günahsız soydaşlarımızın qanı yerdə qalmadı.

Zahid Rza, “İki sahil”