31 mart 2023 22:27
373

Mən bu tarixi tədbirdə iştirakdan qürur duydum - Deputat

Xəbər verildiyi kimi, martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramov və Eli Kohen, həmçinin hər iki ölkənin parlament, ictimaiyyət və incəsənət nümayəndələri iştirak ediblər. Həmin mərasimi izləyənlər arasında Milli Məclisin deputatı Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoli Rafailov da olub.

Anatoli Rafailov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, hazırda dünyada multikulturalizm və tolerantlıq mərkəzi kimi tanınan Azərbaycanla İsrailin münasibətləri yüksək səviyyədədir: “Hətta bəzi ölkələr, xüsusilə Ermənistan buna çox qısqanclıqla yanaşır. Səfirliyin açılması isə mən deyərdim ki, Ermənistanın və onun havadarlarında narahatçılıq yaratdı. Amma bu heç bir ölkəni narahat etməməlidir. Çünki Azərbaycanın atdığı bütün addımlar milli dövlətçilik maraqlarına xidmət edir, üçüncü dövlətlərə qarşı deyil.

Şübhəsiz, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması  iki ölkə arasındakı hərtərəfli əlaqələrin diplomatik müstəvidə yüksək zirvələrə daşınacağına bir dostluq işarəsidir. Bu addım  dostluq əlaqələrimizi daha da dərinləşdirəcək, İsraildəki diasporumuzun fəaliyyətini  aktivləşdirəcək, Azərbaycanla bağlı keçiriləcək tədbirləri intensivləşdirəcək. Eyni zamanda əməkdaşlıq üçün yeni tərəfdaşların tapılmasına şərait yaradacaq. Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya ünvanladığı təbrik məktubunda deyildiyi kimi, bu,  Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək. Güman edirəm ki, Netanyahunun yenidən İsrailin Baş naziri seçilməsi ölkələrimiz arasında əlaqələrin yeni müstəviyə keçməsinə təkan verəcək”.

Ölkələrarası münasibətlərin otuz illik səhifələrini vərəqləyən Milli Məclisin deputatı dedi ki, İsrail  25 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanın İsrail dövləti ilə qarşılıqlı faydalı münasibətlərinin qurulmasında və əlaqələrinin inkişaf etdirilməsinda ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Məhz bu kimi xidmətlərinə görə müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev İsrailin böyük dostu adlandırılır. Ümummilli lider Heydər Əliyev İsraillə siyasi əlaqələrin inkişafına xüsusi diqqət ayırmaqla yanaşı, beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin möhkəmlənməsinə də böyük önəm verirdi. Onu da qeyd edim ki, Azərbaycanda yaşayan bütün qeyri-millətlərə‚ o cümlədən yəhudilərə göstərilən hörmət və ehtiram ənənəsi məhz ulu öndər Heydər Əliyevin tolerantlıq siyasətinin nəticəsidir. Bu fikirləri Prezident İlham Əliyevə də şamil etmək olar. Ölkəmizin başçısı həmişə Qubaya, Qusara səfər edəndə yəhudilərin kompakt halda yaşadıqları Qırmızı qəsəbə sakinləri ilə görüşür, onların problemləri ilə maraqlanır.

“Mən bu tarixi tədbirdə iştirakdan çox qürur duydum və inanıram ki, gələcəkdə birgə uğurlar əldə ediləcək” sözləri ilə söhbətini davam etdirən Milli Məclisin deputatı daha sonra dedi: “İki ölkə arasındakı siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. Ötən il ticarət dövriyyəsinin 85 faiz artması buna misaldır. Bu yaxınlarda isə 200 milyon dollar İsrail investisiyasının Azərbaycana gəlişi  təmin ediləcək.  Artıq sirr deyil ki, bu gün Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsində, müdafiə sənayesinin inkişafında İsraillə münasibətlərin ayrıca yeri vardır”.

Azərbaycanda yaşayan yəhudilərin əməli işləri ilə ölkəmizin inkişafında fəal iştirak etdiklərini, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun timsalında Vətənimizin suverenliyi uğrunda vuruşduqlarını vurğulayan Milli Məclisin deputatı qeyd etdi ki, ölkəmizin haqq işini müdafiə edən ilk dövlətlərdən olan İsrail 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləməklə yanaşı, yardımlar da göstərib. Buna 44 günlük müharibədə Ermənistan tərəfindən raket atəşlərinə məruz qalan Gəncə sakinlərinə çatdırılan humanitar və tibbi yardımları misal göstərmək olar. İkinci Qarabağ müharibəsindən sonra da İsrail Azərbaycanın yanında qalmaqda davam edib. Hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpasında Türkiyə, İtaliya şirkətləri ilə yanaşı, İsrailin iş adamları da fəaliyyət göstərir və erməni vandalları tərəfindən xarabazara çevrilmiş bölgənin dirçəlməsinə öz töhfələrini verirlər. Bu mənada demək olar ki, Azərbaycan-İsrail münasibətləri möhkəm və dayanıqlı, həm də əbədidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”