27 iyul 2024 02:04
410

Baydenin seçki marafonundan geri çəkilməsi Ermənistanı niyə təşvişə salıb?

Xəbər verildiyi kimi, iyulun 21-də ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan etmiş və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirmişdi.  Bayden iyulun 28-də xalqa müraciətində bu fikirlərini bir daha səsləndirib: “Mən seçimimi etdim, öz fikirlərimi bildirdim. Vitse-prezident Kamala Harris təcrübəlidir. O, mənim üçün inanılmaz tərəfdaş və ölkəmiz üçün çox yaxşı liderdir. İndi seçim sizdən, Amerika xalqından asılıdır”. Halbuki, o, bu qərarından təxminin 20 gün gün əvvəl “ABC News” kanalına müsahibəsində demişdi ki, yalnız Tanrı gələrsə və mənə geri çəkilməyimi deyərsə, o zaman bunu edərəm. Görünür, Tanrı getmək üçün Baydenin istədiyi işarəni göndərib.

Yeri gəlmişkən qeyd edək ki, artıq Demokratlar Partiyasının Milli Komitəsi vitse-prezident Kamala Harrisin avqustun 7-dək partiyadan prezidentliyə rəsmi namizəd olmasına imkan verən reqlamentləri qəbul edib. Kamala Harris hələlik demokratların düşərgəsindən prezidentliyə namizədliyini irəli sürmək istəyən yeganə siyasətçidir. Bu posta sabiq prezident, respublikaçıları təmsil edən Donald Tramp da sahib çıxmaq istəyir.  Artıq bu iki prezidentliyə namizəd arasında post uğrunda mübarizə da başlayıb. Hətta Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə potensial rəqibi, Demokratlar partiyasının üzvü və ABŞ-ın hazırkı vitse-prezident Kamala Harrisi axmaq və kinli adlandırıb. Kamala Harrisin qərargahı isə vitse-prezidentin prokuror keçmişini xatırladaraq Donald Trampı hüquqi təqiblə hədələyib. Hətta rəqibini ilk seçki mitinqində  cinayətkar adlandırıb. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

ABŞ prezidenti Cozef Baydenin seçki marafonundan geri çəkilməsi Ermənistan rəhbərliyini, o cümlədən Nikol Paşinyanı yaman təşvişə salıb. Bu məsələyə aydınlıq gətirməyə çalışan "Zham.am" saytı yazır ki, Ağ Ev rəhbərinə, yəni Baydenə ancaq anti-Rusiya addımları lazım idi: “Bizim "lider"imiz (Paşinyan-red.) bunu gözəl bacardı. Elə bu addımlar sayəsində də postunda qaldı. Amma hər şeyin bir sonu var. Bayden artıq ABŞ prezidentliyi yarışından çıxıb… Seçki saxtakarlığı olmasa, noyabrda ABŞ prezidenti Tramp seçiləcək. Bu isə o deməkdir ki, ABŞ və Rusiya Federasiyası arasında münasibətlərdə kəskin dəyişikliklər baş verəcək. Təbii ki, Moskva ilə Vaşinqtonun yeni siyasi kurs götürməsi Ermənistana da təsir edəcək”. Daha sonra “Paşinyan bu gün hakimiyyətdə qalmasına görə Cozef Baydenə borcludur” yazan sayt bununla da Nikol Paşinyanın ABŞ-dakı "qoruyucu mələyini" itirəcəyini vurğulayıb.

 Sayt, həmçinin Prezident İlham Əliyevdən də söz açıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirindən fərqli olaraq,  heç bir xarici ölkənin, o cümlədən ABŞ-ın təsiri altında düşməyib və nəticədə olduqca əhəmiyyətli uğulara imza atıb. Baydenin ölkəmizə qarşı münasibətinə gəldikdə isə… Ötən ilin sonunda ABŞ Konqresinin Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləməsi və “907-ci düzəliş”in yenidən qüvvəyə minməsi əslində Ağ Evin mahiyyətinin göstəricisidir. 

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 149 illiyi münasibətilə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda Azərbaycan-ABŞ arasındakı münasibətlərdən söz açarkən bildirib ki, Respublikaçılar hakimiyyəti, o cümlədən Prezident Tramp dönəmində daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü əlaqələrimiz olub: “Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi”.  Dövlətimizin başçısı, həmçinin deyib ki, biz hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq: “Bu, birtərəfli yanaşmadır. Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür”. İlham Əliyev daha sonra  əminliklə vurğulayıb ki, sözügedən ölkədə anti-Azərbaycan fəaliyyətin bir hissəsi prezident seçkiləri ilə bağlıdır. Çünki onlar ermənilərin səslərini qazanmaq istəyirlər: “Ümid edirəm ki, seçkidən sonra ABŞ-da və Avropada Azərbaycan haqqında, bizim potensialımız, rolumuz haqqında daha yaxşı anlayış olsun. Yəni, biz şou qurmuruq, öyünmürük. Biz bilirik potensialımız nədən ibarətdir və bunu bizimlə əməkdaşlıq edən hər kəs bilir. Bu potensialdan xoş niyyət, xoş məram, konsolidasiya, tərəfdaşlıq üçün istifadə edilməlidir və biz demonizasiya qurbanı olmamalıyıq”.

Şübhəsiz, Prezidentimizin bu açıqlamaları da Nikol Paşinyanın təşvişini daha da artırıb. Elə bu kimi səbəblərdən Ermənistanda Trampın əleyhinə təbliğat kampaniyasına start verilib. Məsələn, beynəlxalq ekspert, Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan sosial  şəbəkədə belə yazıb: “Tramp-Harris debatını təsəvvür edin, “keçmiş prokuror Harris cinayətkar Trampa qarşı”. Onun fikrincə, Trampın  gəlişi siyasətdə yeni prioritetlər yürütməyi nəzərdə tutur. Bu da Nikol Paşinyana və onun komandasına yaxşı heç nə vəd etmir.

Qvami Məhəbbətoğlu, “İki sahil”