01 aprel 2023 12:12
270

Qırğızıstanda nadir çiçəyə görə bütöv qoruq bağlanıb

Qırğızıstanın Batken vilayətində nadir Aygül çiçəyinin qorunması üçün “Aygül-Too” botanika qoruğu üç il müddətinə bağlanıb.

“İki sahil” xəbər verir ki, qoruq 2023-cü il aprelin 1-dən 2026-cı il aprelin 1-dək turistlər üçün bağlı olacaq. Bu tədbir nadir çiçəyin qorunması üçün görülüb.

Bu endemik bitki yalnız Batkendən təxminən 17 kilometr məsafədə yerləşən Aygül-Taş dağının yamaclarında gül açır. Nadir çiçək toxum cücərməsindən 7-8 il sonra açılır.

Bundan əvvəl Qırğızıstan hakimiyyəti bu ərazini kənd təsərrüfatı torpaqları kateqoriyasından çıxararaq ona xüsusi mühafizə olunan ərazi statusu veriblər. Qoruğun sahəsi — 253,9 hektar təşkil edir.

Xalq arasında yayılan rəvayətə görə açılmış Aygül çiçəyini görən ilk insan sonsuz dərəcədə xoşbəxt olacaq. Çiçək dərildiyi təqdirdə bir daha bitmir. Xəbərdarlıq və cərimələrə baxmayaraq, turistlərdən bəziləri Qırmızı Kitabdan olan bitkini yerindən qoparırlar.

1978-ci ildə Eduardın Laləvər otu (Aygülün elmi adı) SSSR-in, 2004—cü ildə isə Qırğızıstanın Qırmızı kitabına daxil edilib.