01 aprel 2023 12:58
231

MDB-ÜST qarşılıqlı əlaqələri üzrə Dövlətlərarası Komissiyanın iclası keçirilib

Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərlə Ümumdünya Səhiyyə Təşkilatının qarşılıqlı əlaqələrinə dair Dövlətlərarası Komissiyanın iclası keçirilib.

"İki sahil" Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda əhalinin səhiyyə xidmətləri ilə hərtərəfli əhatə edilməsinə nail olmaq vasitəsi kimi ilkin tibbi-sanitar yardımın təşkili məsələləri, habelə Birlik məkanında beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi mövzusu müzakirə edilib.

İclasda Qazaxıstan nümayəndələri beynəlxalq əməkdaşlıq təcrübəsini bölüşüblər. Onlar bildiriblər ki, 2022-ci ildə Avropa regionunda ilk dəfə olaraq Qazaxıstan Respublikasında Ümumdünya Səhiyyə Təşkilatının ilkin tibbi-sanitar yardımı platforması fəaliyyətə başlayıb.

İclas iştirakçıları qeyd ediblər ki, Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin səhiyyə nazirlikləri arasında qarşılıqlı maraq doğuran aktual səhiyyə məsələlərinə dair informasiya mübadiləsi vacib və aktualdır. Ümumdünya Səhiyyə Təşkilatının Müstəqil Dövlətlər Birliyi məkanında yerləşən mərkəzləri ilə əməkdaşlığı inkişaf etdirməyin zəruriliyi qeyd edilib.

Aparılmış müzakirələr nəzərə alınmaqla Dövlətlərarası Komissiyanın işinin təşkilini və Komissiyanın iclaslarının gündəliklərinin formalaşmasına yanaşmaları yenidən nəzərdən keçirmək təklif olunub.

Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əlaqələrinə dair 2017-ci ildə yaradılmış Dövlətlərarası Komissiya Müstəqil Dövlətlər Birliyində səhiyyə sahəsində Əməkdaşlıq Şurasının işçi orqanıdır.

Öz növbəsində, Əməkdaşlıq Şurası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında qarşılıqlı əlaqələr Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu ilə Müstəqil Dövlətlər Birliyi arasında səhiyyə sahəsində əməkdaşlığən dərinləşdirilməsinə dair 1996-cı ildə imzalanmış və 2021-ci ildə aktuallaşdırılmış Memoranduma müvafiq olaraq təşkil edilir.