09 may 2023 22:47
402

Heydər Əliyevin siyasi irsi tarixi dəyərlər kontekstində...

Siyasət insanların fəaliyyətinin ən əhəmiyyətli sahələrini əhatə edir. Çünki siyasətin mahiyyəti və məzmunu cəmiyyət üzvlərinin qarşılıqlı münasibətləri kontekstində, eləcə də dövlətlə, hakimiyyət təsisatları ilə bağlılıq kəsb edən həyat fəaliyyətinin spesifik forması kimi tarixi ölçülərlə səciyyələnir. Siyasətin cəmiyyətdə mövcudluğu yalnız dövlət və hakimiyyətlə deyil, həm də siyasətin mahiyyəti, məqsədi, universal və mürəkkəb xarakteri ilə tarixin verdiyi qiymətlərlə müəyyənləşir.  Siyasi tarix  yaradan sonra isə tarixə düşən Heydər Əliyevin bütün siyasi fəaliyyəti  isə həmin təsisatları, prinsipləri, normaları əks etdirməklə  insanların müxtəlif birliklərinin həyat fəaliyyətini təmin edir, mənafelərini və tələbatlarını reallaşdırırdı. Ümummilli Liderimiz Heydər Əliyevin yaratdığı tarixi siyasət epopeyası xüsusi sosial fenomen olmaq etibarilə şəxsiyyətin və sosial subyektlərin tələbatı kimi  indi də uğurla təzahür etməkdədir. Heydər Əliyev milli intellektual elita ilə bahəm həm də yeni-yeni istehsal obyektlərinin yaradılmasını tövsiyə etmiş, uzunmüddətli neft və kommunikasiya müqavilələrinə, perspektivli layihələrə imza atmaqla Azərbaycanı xoşbəxt gələcəyə aparmaq üçün  məhz öz uğurlu siyasətini məharətlə həyata keçirmişdir.

Siyasətin məzmununda siyasi fəaliyyət həlledici əhəmiyyətə malikdir. Siyasi dəyərlər sistemində siyasi fəaliyyətin xüsusi yer tutması həm də  onunla səciyyələnir ki, bu fəaliyyət məhz siyasi həyatın məzmununu təşkil edir. Ulu Öndər ictimaiyyətdə, idarəetmədə, diplomatiyada, siyasi davranış və ünsiyyətdə yaratdığı bütün dəyərlər Azərbaycan xalqının inam və məhəbbətinin zirvəsini fəth etmişdir. Ulu Öndərin yaratdıqlarından biri də artıq umummilli nəhəng siyasi topluma çevrilmiş Yeni Azərbaycan Partiyasıdır. Dahi rəhbərimiz bu partiyanın fəaliyyətini belə qiymətləndirmişdi: “Mən Yeni Azərbaycan Partiyası ilə bərabərəm və partiyanın bugünkü vəziyyətini görərkən çox sevinirəm  və hesab edirəm ki, Yeni Azərbaycan Partiyası yaşayacaq və fəaliyyət göstərəcəkdir.”

Bəli, siyasi fəaliyyətin siyasi dəyərlər sistemində yerinin düzgün, məqsədyönlü müəyyənləşdirilməsi siyasətin mahiyyətini açıqlamağa imkan yaradır. Ölkəmizdə  Yeni Azərbaycan Partiyasının  siyasi fəaliyyətinin məzmunu ümumbəşəri, universal və çoxcəhətlidir. Onun konkret məzmunu dövlət işlərində fəal iştirak etmək, dövlətin fəaliyyətinin formalarının, vəzifələrinin və istiqamətinin müəyyənləşməsində fəal  iştirak etməkdir. Siyasi fəaliyyətin obyektinə siyasi dəyərlər,  siyasi birliklər, siyasi ənənələr, siyasi prinsiplər, siyasi inam, siyasi təcrübə və s. təsisatlar, bütövlükdə cəmiyyətin siyasi sistemi və ona aid olan sosial qruplar, partiyalar, elitalar və liderlər daxildir. Siyasi fəaliyyətin konkret subyektləri müxtəlifdir. Bu subyektlər fərdi və qrup halında mövcuddur.

Siyasi fəaliyyət sosial subyektlərin fəallığının özünəməxsus sferası kimi səciyyələnir. İnsanların bilavasitə həyata keçirdikləri siyasi funksiyalar siyasi fəaliyyətin növlərinin ümumiləşmiş ifadəsidir. Siyasi fəaliyyətin tərkibini təşkil edən ünsürlərdən ölkədə qayda- qanun yaradılmasına aid fəaliyyətə, başqa sözlə, mövcud hakim münasibətlərə daha çox üstünlük verilir. İnsanın siyasi fəaliyyətə cəlb olunması təsadüfi hadisə deyil, məhz təbii və zəruri haldır.

Heydər Əliyev öz zamanında  milli intellektual elita yaradır, yeni-yeni istehsal sahələrini işə salırdı. Dahi rəhbərin fəaliyyətinin siyasi mənası onun ictimai münasibətlər sisteminə nə dərəcədə cəlb olunması ilə bağlı idi. Politoloqlar siyasi fəaliyyətin legitimliyi onun cəmiyyətdəki mövcud qaydalara uyğunluğunu əks etdirir, - deyirlər. Bu yanaşmanın fonunda Ulu Öndər təsadüfi deyil ki, həmin dəyərləri həmişə demokratiyanın bel sütunu sayırdı.

Siyasi fəaliyyəti dəyərləndirən xüsusiyyətlərdən biri onun səmərəliliyidir. Siyasi fəaliyyətin səmərəliliyi hər şeydən əvvəl siyasi mənafelərin, məqsədlərin, tələbatın dərk olunmasına istiqamətlənir. Siyasətə yol yalnız mənafelərdən keçib gedir. Heydər Əliyev ağır məqamlarında belə bütün sağlam təfəkkürlü, savadlı insanları, intellektualları əməkdaşlığa çağırırdı. Bəli, dünya görmüş dahi şəxsiyyət olan Heydər Əliyev  onları dinləməyə hazır idi və ölkəmizin rifahı naminə onların da  biliklərini, faydalı təkliflərini  tətbiq etməyə yer də tapırdı.

Heydər Əliyevin bir dahi siyasət xadimi kimi unikalllığı, bənzərsizliyi  həm də ondan ibarət idi ki, Böyük Rəhbər Azərbaycanın çiçəklənməsi üçün marağı olanların hamısının mənafeyini müdafiyə edir, onların əməllərini, fikirlərini üstün tuturdu. Heydər Əliyevin böyük, üstün stateji  amillərindən biri də  dövlətin inkişafının bütün sahələrini əhatə edən proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində idi.

Siyasi dəyişikliklərin səbəbi və məzmunu kimi səciyyələnən məsələləri özündə ifadə edən siyasi inkişaf və siyasi prosesin öyrənilməsi siyasi həyatı dinamik baxımdan nəzərdən keçirməyə imkan yaradır. Siyasi inkişaf cəmiyyətin siyasi sferasında elə dəyişiklikləri əks etdirir ki, o, siyasi sistemin yeniləşməsini ifadə edir. Azərbaycan Respublikasında ideoloqu və qurucusu Ulu Öndərimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası da əsasən belə bir ideologiyaya - etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının mənəvi, ideoloji, siyasi vəhdətini anlamını özündə əks etdirən azərbaycançılığı yaratdı. Həmin milli ideologiya siyasi həyatın yeni keyfiyyətinin, məsələn, totalitarizmdən demokratiyaya keçidin, siyasi rejimlərin dəyişməsinin təzahürü ilə bağlı idi.

Azərbaycanda siyasi fəaliyyəti siyasi dəyərlər sistemində fəallaşdıran milli həmrəyliyin, milli siyasi birlik üçün yaranmış münbit ictimai-siyasi şəraitin, onun imkanlarının reallaşdırılması üçün məhz Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial siyasi mövqeyi geniş imkanlar açmışdır. Azərbaycan Respublikasının Qalib və Müzəffər Prezidenti cənab İlham Əliyevin yenilməz siyasi lider kimi ümumdünya ictimai rəyində yekdilliklə qəbul edilən görkəmli dövlət başçısı imicinin obyektiv təməllərdən qaynaqlandığı, xalqla Onun arasında qarşılıqlı inamın sarsılmaz tellərlə bağlı olduğu bir daha sübut edilmişdir. Bu tarixi günlərdə, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində bütün bunları bir dəfə xatırlamaq necə də  ürəkaçan və məsuliyyərli duyğu və düşüncələrlə doludur...

İsgəndər Quliyev,
Bakı Dövlət Universitetinin dosenti