10 may 2023 01:36
679

Mədəniyyətimizin böyük hamisi

Tarixdə, sadəcə yaşadığı dövrə deyil, onilliklər sonraya da möhürünü vurmuş, tarixi prosesləri istiqamətləndirməyi bacarmış insanların yeri hər zaman müstəsnadır. Belə tarixi şəxsiyyətlərdən olan, böyük siyasət və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı, imzası yarım əsrdən çoxdur ki, tariximizdə müstəsna yerə sahibdir. Həmin dövrdən başlanan tarixi yol respublikamızın bütün sahələrdə davamlı inkişaf dövrünə qədəm qoyması ilə nəticələnmişdi. Maddi-mədəni zənginliklərə sahib olan Azərbaycan həmin vaxta qədər keçmiş ittifaqda sıradan bir respublika idi, bəzi sosial-iqtisadi göstəricilərə görə isə xeyli geri qalırdı. Zənginliyi lazımi səviyyədə ortaya çıxarmaq, reallıqları düzgün qiymətləndirmək zəruri idi. O cümlədən mədəni mirasımız, ədəbiyyat və incəsənətimiz özünün gerçək himayədarını gözləyirdi.

XX əsrin ikinci yarısında xalqımızın mədəni həyatında yeni bir dövr başlandı. Ulu Öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Ötən əsrin 70-80-ci illərində istər incəsənətin müxtəlif sahələrində, istərsə də ədəbi prosesdə ciddi nəticələri olan yaradıcılıq axtarışları aparılmışdı. Yaradıcılıq məzmun və formaca zənginləşmiş, yeni təmayüllər formalaşmağa başlamışdı. Görkəmli şəxsiyyətlərimizin şöhrəti ölkəmizin hüdudlarını aşaraq ittifaqın müxtəlif şəhərlərinə yayılır, onların yaradıcılıq gecələri, yubiley tədbirləri təşkil olunurdu. Mədəni irsin kompleks halda təbliğatında mühüm rol oynayan Azərbaycan mədəniyyəti və incəsənəti günləri də mütəmadi şəkildə gerçəkləşirdi. Bundan əlavə, görkəmli müğənnilərimizin SSRİ hüdudlarından çox-çox uzaq ölkələrə reallaşan qastrol səfərləri mədəniyyətimizin daha geniş coğrafiyada tanınmasına vəsilə olurdu.

Ulu Öndərin respublikaya birinci rəhbərliyi dövründə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi mütəfəkkir şairlərin hikmət xəzinələrinin beynəlxalq səviyyədə tanıdılması, rəssamlıq və heykəltəraşlıqdan musiqiyədək bir çox sahələrdə monumental sənət əsərlərinin yaradılması mədəniyyət tariximizin dəyərli səhifələridir. Həmin illərdə Üzeyir Hacıbəylinin, Cəfər Cabbarlının ev-muzeylərinin, Nəriman Nərimanovun, Bülbülün xatirə muzeylərinin, digər ədəbiyyat və mədəniyyət xadimlərimizin ev-muzeylərinin yaradılması, Natəvanın abidəsinin, Şuşada Molla Pənah Vaqifin məqbərəsinin inşası və bu kimi onlarca mühüm qərarlara imza atan Heydər Əliyev bu işlərin uğurla başa çatdırılmasına bilavasitə rəhbərlik etmişdi. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza kimi ədəbiyyat və mədəniyyət xadimlərinin SSRİ-nin ən yüksək fəxri adına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmələri məhz Ulu Öndərin təqdimatı ilə reallaşmışdı. İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, digər monumental sənət əsərlərinin yaradılması, "Gülüstan” sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi kimi memarlıq abidələri mədəniyyətimizə diqqət və qayğının mühüm təzahürləri idi.

Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatrlar, teatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya dönürdülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər Azərbaycan mədəniyyətinin aparıcı sənətkarları kimi tanınmağa başladılar.

Ulu Öndərin müdrikliyinin daha bir göstəricisi ondan ibarət idi ki, o, hələ sovet dövründə yaratdığı bu mədəni-mənəvi inkişaf yolu ilə müstəqillik dövründə çağdaş dünyanın yeni çağırışlarına qısa müddətdə uyğunlaşmağımıza zəmin hazırladı.  Qeyd edək ki, müstəqilliyin ilk illərində ölkənin düşdüyü ağır vəziyyət, bütün sahələr kimi, mədəniyyət və incəsənətimizi də inkişafdan saxlamış, görkəmli sənət adamlarında böyük çaşqınlıq yaranmışdı. Bütün bu problemləri aradan qaldırmaq üçün daxili sabitlik ilkin şərt idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev cəsarət və müdrikliklə problemləri qısa zamanda həll etməyə nail oldu. Daxili sabitliyin əldə edilməsi nəticəsində ölkənin gələcəyi barədə nikbinlik yaranmağa başladı. Bu zaman illərin sınağından çıxmış daha bir həqiqətin şahidi olduq. Mədəniyyət sisteminin möhkəm təməllər üzərində qurulması keçid dövrünün çətin sınaqlarını qısa müddət ərzində arxada qoymağa imkan verdi. Ulu Öndərin rəhbərliyi altında mədəniyyət sahəsində 10-dan çox qanun qəbul edildi. "Mədəniyyət haqqında” (1996), "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” (1998), "Kinematoqrafiya haqqında” (1998), "Memarlıq fəaliyyəti haqqında” (1998), "Kitabxana işi haqqında (1998), "Milli Arxiv Fondu haqqında” (1999), "Muzeylər haqqında” (2000), "Nəşriyyat işi haqqında” (2000) və s. qanunlar bu sahənin kompleks inkişafı üçün böyük rol oynadı. Bütün bunlardan əlavə, mədəniyyət sahəsinin inkişafına təkan verən, mədəniyyət siyasətinin icrasını operativ şəkildə təmin etmək məqsədilə müvafiq dövlət proqramları da qəbul edildi. Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan Ulu Öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular.

Azərbaycan kinosunun böyük bir dövr inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bizə yaxşı məlumdur ki, bir sıra filmlərimizin yaranmasında Ulu Öndərin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi, “Azərbaycanfilm”in fəaliyyətində canlanma hiss edilməyə başlandı. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən fəaliyyətə qaytardı. Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirildi, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başlandı. Ən əhəmiyyətli fakt bu idi ki, Azərbaycanda ilk film nümayiş etdirildiyi 2 avqust (1898) kino işçilərinin peşə bayramı kimi təsdiq edildi. Həmçinin, teatrlarımız öz fəaliyyətlərini genişləndirdi. Heydər Əliyev teatrı çox sevirdi. O, həmişə tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyə və tapşırıqlarını verirdi. Bu görüşlər sənət adamlarının məsuliyyətini artırır, onları öz qüvvələrini səfərbər etməyə istiqamətləndirirdi.

Bu dövrdə dahi şair Məhəmməd Füzulinin 500 illik, "Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin UNESCO-da qeyd olunması, 2000-ci ildə İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birlikdə Dünya İrs Siyahısına daxil edilməsi həm də Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun təsdiqi idi.

Ulu Öndər Azərbaycan dilinin də həqiqi himayədarı idi. Yüksək kürsülərdən beynəlxalq ictimaiyyətə ana dilində səslənməsi, eləcə də ölkəmizdə latın qrafikasının tətbiqi işinin başa çatdırılması dahi siyasətçinin unudulmaz xidmətləridir. Latın qrafikalı əlifbanın tətbiqinin ölkəmizin siyasi həyatında, yazı mədəniyyətimizin inkişafında əhəmiyyətini nəzərə alan Prezident Heydər Əliyevin 2001-ci ildə imzaladığı böyük əhəmiyyətə malik fərmanla bu proses başa çatdırılmış oldu. Azərbaycan və dünya ədiblərinin sovetlər dönəmində çıxan əsərləri yeni əlifba ilə çap olunmağa başladı. Prezident İlham Əliyevin 2004-cü ildə latın qrafikalı Azərbaycan əlifbası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı imzaladığı sərəncam bu sahədəki mövcud boşluğu doldurdu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycanın yüksək poliqrafik göstəriciləri ilə seçilən nəşrləri nüfuzlu beynəlxalq kitab sərgilərində nümayiş olunur, müsabiqələrdə mükafatlara layiq görülür.

Həmişə milli mənsubiyyəti - azərbaycanlı olması ilə qürur duyan Heydər Əliyev bir ağacın budaqları olan türkdilli xalqlarının birliyinə, əməkdaşlıq əlaqələrinə böyük önəm verirdi. Ulu Öndərin yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycanla müstəqil türk respublikaları arasında bütün sahələr üzrə əlaqələr inkişaf etməyə başladı. Qardaş xalqların mədəni inteqrasiyasının zəruriliyini dərk edən Heydər Əliyev türk dünyasında həmrəyliyin önəmini vurğulayırdı. "Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim borcumuzdur”. Bu fikirlər görkəmli dövlət xadiminin 1996-cı ildə Bakıda keçirilən Türk dünyası yazıçılarının qurultayındakı çıxışındandır. Çoxməzmunlu və əhəmiyyətli olan bu çağırış türk xalqlarının birliyi istiqamətində görülməli olan işlərin proqramı kimi qəbul edilə bilər.

Ulu Öndərin türkdilli xalqların inteqrasiyası naminə misilsiz fəaliyyəti, bu istiqamətdə gerçəkləşdirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-la yüksək səviyyəli əlaqələri böyük əhəmiyyət kəsb edir. Azərbaycan dövləti bu təşkilatın fəaliyyətinə yaxından dəstək verir, eyni zamanda qurumun layihələrində yüksək səviyyədə iştirak edir. Görkəmli ədəbiyyat və mədəniyyət xadimlərimizin yubileyləri TÜRKSOY səviyyəsində qeyd olunur.

Sevinc Azadi, “İki sahil”