09 may 2023 22:36
443

Bugünkü Azərbaycan iqtisadiyyatının təməl daşı Ulu Öndər tərəfindən uzaqgörənliklə qoyulub

Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz müstəqilliyini yenicə elan etsə də o, müstəqilliyin ilk illərində siyasi naşıların və iqtisadiyyat barəsində anlayışı olmayan diletantların tərəfindən idarə olunurdu. O dövrdə ölkə həyatının bütün müstəvilərində yaranmış xaos, eynilə ölkənin iqtisadiyyatını və onun maliyyə sistemini əhatə etmişdi. Həmin dövrdə ölkənin iqtisadiyyatı və maliyyə sistemi o qədər bəsit idarə olunurdu ki, dövlətin parlament tərəfindən təsdiqlənmiş büdcəsinin olmaması belə bu dövləti idarə edənləri narahat etmirdi. Elə bunun nəticəsi idi ki, AXC hakimiyyəti dövründə 1992-ci ilin büdcəsi ümumiyyətlə təsdiq olunmadı, 1993-cü ilin dövlət büdcəsi isə ölkə parlamentində 1992-ci ilin dekabr ayının sonuncu iş günü qəbul olundu. Bu, bir dövlət üçün utancverici bir hal idi. Bütün bunlar ovaxtkı hakimiyyətin başında oturanların dövlət idarəçiliyindəki naşılığının və diletantlığının nəticəsi idi. Cəbhə hakimiyyətinin fəaliyyəti dövründə ölkə iqtisadiyyatının durumunun günü-gündən daha da ağırlaşmasına baxmayaraq, iqtisadiyyatdakı bu acınacaqlı vəziyyət bir dəfə də olsun dövlət rəhbərliyi səviyyəsində müzakirəyə çıxarılmadı.

Azərbaycan iqtisadiyyatının problemləri yalnız dahi dövlət adamı, uzaqgörən siyasətçi Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra çözülməyə başladı. Ölkədə 1994-1995-ci illərdə bir-birinin ardınca baş verən dövlət çevrilişi cəhdlərinə, cəbhədəki gərginliklərə, bir sözlə, ölkə həyatında yaranmış qeyri-stabil ictimai-siyasi duruma baxmayaraq, Ulu Öndər ölkənin iqtisadiyyatının, onun maliyyə sisteminin problemlərinin həll edilməsi məqsədilə yüksək səviyyədə ardıcıl müzakirələr keçirir, iqtisadiyyatda sabitliyin əldə olunması, maliyyə sistemindəki özbaşınalıqların aradan qaldırılması üçün zəruri qərarlar qəbul edirdi. Məhz görülən bu tədbirlərin nəticəsində 1994-cü ildə 1750-1800%-ə çatan illik hiperinflyasiya 1995-ci ilin sonlarında tam ram edilərək, 8-10% səviyyəsinə qədər endirilə bildi. İqtisadiyyatın hiperinflyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi.

Əsrin müqaviləsi ilə Ulu Öndər Azərbaycanın yüz illik enerji strategiyasının təməlini qoydu. Bu müqavilənin imzalandığı 1994-cü il bəlkə də Azərbaycan iqtisadiyyatının və onun maliyyə sisteminin yaşadığı ən keşməkeşli bir dönəmi idi. Belə bir dönəmdə, xüsusilə də ölkədə ictimai-siyasi sabitliyin yetərincə gərgin olduğu bir vaxtda öz müstəqilliyinin ilk – kövrək illərini yaşayan Azərbaycana iri həcmdə xarici investisiyaların gətirilməsi mümkünsüz bir iş idi. Lakin Heydər Əliyev bunu etdi. Xarici investorlar  Azərbaycanın neft sənayesinə milyardlarla dollar yatırımlar etmək qərarı verdilər. Dünya təcrübəsində bəlkə də belə bir vəziyyətdə olan heç bir ölkəyə investorlar kapital  yatırtmamışdı. Bu, Heydər Əliyev siyasi kursunun təntənəsi idi. Azərbaycan neft sənayesinə dünyaca məşhur olan neft şirkətlərinin bu yatırımları məhz Heydər Əliyev kimi nəhəng bir siyasətçiyə olan güvənin təzahürü idi. Bu müqavilə həm iqtisadi və həm də siyasi baxımdan gənc Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun yüksəlişi  üçün ciddi bir dönüş nöqtəsi idi. Heydər Əliyev bu müqavilə ilə Azərbaycan iqtisadiyyatının gələcək yüksəlişinin və inkişaf strategiyasının bünövrəsini qoydu.

Ulu Öndərin təməlini qoyduğu bu strategiya bu gün cənab Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun və yüksək səviyyədə davam etdirilir. Bu gün Azərbaycan məhz təməli 1994-cü ildə qoyulmuş enerji strategiyasının uğurla reallaşdırılması nəticəsində artıq Avropanın güvənli qaz təminatçılarından birinə çevrilib. Bu gün Azərbaycan iqtisadi qüdrəti ilə regionun ən güclü ölkəsidir. Bu gün Azərbaycan dünya siyasət meydanında söz sahibidir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir qlobal layihənin reallaşdırılması mümkün deyil. Azərbaycan özünün Qarabağ kimi ağrılı bir problemini də öz güclü iqtisadiyyatına və bu iqtisadiyyatdan süzülərək gələn dayanaqlı maliyyə imkanlarına söykənərək 44 gün ərzində həll edə bildi. Bu gün Azərbaycan iqtisadiyyatının lokomotivi elə bir vüsət götürüb ki, o, yaxın on il ərzində bu iqtisadiyyatı mahiyyət etibarilə yeni yüksəkliklərə daşıya biləcəkdir.

Prezident İlham Əliyevin iqtisadi strategiyasının kökündə dayanan əsas məsələ Azərbaycan iqtisadiyyatının neftdən asılılığını tam optimallaşdırmaqdan ibarətdir. Prezident kimi fəaliyyətə başladığı birinci ildə “Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq, ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur - daha doğrusu Azərbaycan neft ölkəsi deyil” deyib, neftin gələcəyinin o qədər böyük olmadığının fərqində olan dövlət başçısı bu gün də bu strategiyanı uğurla reallaşdırmaq məqsədilə qətiyyətli addımlar atmaqdadır. Son beş ildə Azərbaycanın qeyri-neft ixracının 1,8 dəfə artması bunun bariz nümunəsidir. Əgər pandemiya səbəbindən dünya iqtisadiyyatının yaşadığı problemlər və onun Azərbaycan iqtisadiyyatına təsirləri olmasaydı, bu göstərici heç şübhəsiz daha böyük olacaqdı.

Bu gün ölkənin sənaye sistemi yenidən qurulur, aqrar sektor müasir inkişaf yoluna çıxarılır. Bir sözlə, Azərbaycan öz iqtisadiyyatını 4-cü Sənaye İnqilabının tələblərinə uyğun bir şəkildə, innovasiyalara söykənərək yüksəklərə daşımağa üz tutub. Bugünkü iqtisadi uğurların təməl daşı Ulu Öndər tərəfindən zamanında çox böyük uzaqgörənliklə qoyulub.

Fikrət Yusifov,
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru,
professor, sabiq maliyyə naziri