09 may 2023 23:38
551

Qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskarı olan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Ümummilli Lider Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Onun xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Ulu Öndərin Azərbaycana 1969-1982-ci illərdə rəhbərlik etdiyi  dövrdəki  xidmətləri sırasına daxildir:

- Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən 1969-cu il mayın 7-də sərhəd rayonlardan iki min hektardan çox Azərbaycan torpaqlarının Ermənistana verilməsi qərarının icrasının dayandırılması;

- Bakı Məişət Kondisionerləri, Bakı elektrik maşınqayırma, məişət soyuducuları, radiozavod, robot, hesablayıcı maşınları zavodlarının, Sumqayıt kompressor, Gəncə “Büllur”, “Azon”, “Alunit” zavodlarının tikilməsi;

- hal-hazırda Heydər Əliyevin adını daşıyan Sarayın tikilməsi;

 - Xankəndində Azərbaycan Pedaqoji İnstitunun filialı əsasında müstəqil pedaqoji institutun açılması;

- Kəlbəcərə “Murov yolu”nun çəkilməsi (Heydər Əliyev “Murov yolu”nu çəkməklə Kəlbəcərin iqtisadi mövqeyini möhkəmləndirərək erməni millətçilərinin niyyətlərini puça çıxardı);

- Dağlıq Qarabağ məsələsinin yenidən ortaya atılmasının qarşısını almışdır.

Onun Azərbaycana rəhbərlik etdiyi dövrün ən mühüm hadisələrindən biri də Bakıda milli hərbi kadrlar hazırlayan C. Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması oldu. Bu məktəbin fəaliyyətə başlaması nəticəsində yüzlərlə gələcək zabit hərb elminin sirlərinə yiyələndi. Heydər Əliyevin Sovet Azərbaycanının rəhbəri olduğu müddətdə minlərlə azərbaycanlı gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə - Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə göndərildi və ölkəyə lazımlı ixtisaslar üzrə təhsil aldılar.

Azərbaycanın inkişafı yolunda Heydər Əliyevin xüsusi fikir verdiyi məsələlərdən biri Azərbaycan ədəbiyyatının, dramaturgiyasının, incəsənətinin, bütövlükdə mədəniyyətinin inkişafı və dünyada tanıdılması idi. Azərbaycanın məşhur ədəbiyyat incəsənət nümayəndələrinin ölkədən kənarda keçirilən yubileyləri, dahi Azərbaycan şair və mütəfəkkirləri Nizami Gəncəvi və Nəsiminin yubileyləri, 1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyinin keçirilməsi, çoxlarının müqavimətinə baxmayaraq Azərbaycan dilinə dövlət statusunun verilməsi, repressiya qurbanı olaraq Sibir çöllərində vəfat etmiş Hüseyn Cavidin cənazəsinin qalıqlarının Bakıya gətirilməsi kimi mühüm hadisələr o dövr Azərbaycan mədəniyyətinin əlamətdar hadisələrindən idi.

Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.

Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən Ümummilli Lider Heydər Əliyev «Ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.

Ədliyyə Nazirliyinin də yenidən yaradılması Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə təsis edilmiş Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərməyə başladı, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli Lider Heydər Əliyevin xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilmişdir. "Qoy ədalət zəfər çalsın!" – o zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrildi.

Heydər Əliyev 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

1990-ci ilin yanvarında Heydər Əliyev Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmiş, Dağlıq Qarabağda yaranmış münaqişə ilə bağlı SSRİ rəhbərliyinin ermənipərəstliyinə etiraz edərək, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.Həmin dövrdə Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan Naxçıvana getdi və Ulu Öndər yekdilliklə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçildi. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Soveti Sədrinin müavini olmuşdur. 1992-ci ildə Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir.

1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar respublikanın adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 Yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq Sovet qoşun hissələri muxtar respublikadan çıxarıldı.

Lakin 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü.Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “Dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Heydər Əliyev də Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi.Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, «Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdı. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Ölkə daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategityasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası təşkil edirdi. Konstitusiyada hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür. Tarix şəxsiyyəti, bu cür şəxsiyyətlər isə tarixi yaradır. Deyildiyi kimi, boş zaman yoxdur, boşa keçən zaman var. Məhz fəaliyyətinin hər dövründə zamanı boşa keçirməyən, əksinə, zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü və qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Azərbaycan faktiki olaraq xarici siyasətin bütün istiqamətlərində uğur qazanan və onları bir-biri ilə uyğunlaşdıra bilən perspektivli dövlətdir. Ölkəyə etibarlı tərəfdaş kimi yanaşırlar. Buraya xarici iş adamları külli miqdarda sərmayə yatırmaqdan çəkinmirlər. Azərbaycan bütün sahələr üzrə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Və həmin irəliləyişin memarı Ulu Öndər Heydər Əliyevdir.

Müstəqilliyimizin on ili - 1993-2003-cü illər ərzində dahi Heydər Əliyev “Siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı.

Dahi şəxsiyyət Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür. Tarix şəxsiyyəti, bu cür şəxsiyyətlər isə tarixi yaradır.

Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir. Bunu Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki Qələbəsi də göstərir. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir.

Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Elman Qazıbəyov,
Penitensiar Xidmətin Təlim Mərkəzinin rəisi,
ədliyyə polkovniki