09 may 2023 23:11
365

1969-cu il 14 iyul: Azərbaycanın dirçəliş və intibah dövrünün başlanğıcı

Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır. 

Ümummilli Lider Heydər Əliyev

Dünya şöhrətli siyasətçi və dövlət xadimi, çağdaş Azərbaycan tarixinin ən parlaq və şanlı salnaməsini yaradan Ulu Öndər Heydər Əliyevin respublikamızda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə yaddaşlara əbədi həkk olunub.

1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyev birinci katib seçildi. Bununla da SSRİ-nin geridə qalmış əyalətlərindən biri olan Azərbaycanın həyatında yeni bir dövr başladı. Yeni birinci katib ətalət və durğunluq buzunu sındırdı, həyat ritmini dəyişdirdi. 1969-cu il avqustun 5-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK-nın plenumu keçirildi.  Plenumda Ulu Öndər Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi böhran vəziyyətinin, uzunmüddətli geriliyinin təhlilini verdi, səbəblərini açıqladı və çıxış yollarını müəyyənləşdirdi. Həmin vaxtdan da Azərbaycanda tənəzzüldən tərəqqiyə dönüş başladı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda iqtisadi dirçəliş, inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa dönüş mərhələsinin başlanğıcı qoyuldu. 1969-1982-ci illər Azərbaycanın ictimai-siyasi, о cümlədən iqtisadi həyatında intibah dövrü başladı.

Həmin illər respublikamız böyük tikinti meydanını xatırladırdı. Bakıda “Gülüstan” və Respublika sarayları inşa edildi. Yeni Əhmədli, Günəşli yaşayış massivlərinin, mikrorayonların salınması əhalinin mənzil probleminin həllinə yol açdı. Eyni zamanda, kənd təsərrüfatı dirçəldildi, pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı, kənd əhalisinin güzəranı yaxşılaşdı.

1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektləri istifadəyə verilmiş, 630 min nəfərlik yeni iş yerləri açılmışdı. Bu illərdə sənaye istehsalı 2,7 dəfə, xalq tələbatı mallarının istehsalı 3 dəfə, kənd təsərrüfatı istehsalı 2,7 dəfə, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 1,8-2,6 dəfə, heyvandarlıqda 2,7 dəfə artım olmuşdu. Bir çox mühüm istehsal sahələrinə görə respublikamız SSRİ-də aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi.

O dövrdə respublikamızda kənd təsərrüfatında intensiv və dinamik inkişafı təmin olundu, bu sahədə dərin ixtisaslaşma və təmərküzləşmə həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin tələbkarlığı, böyük idarəçilik, təşkilatçılıq bacarığı sayəsində respublikada təkcə 1981-ci ildə 831,2 min ton pambıq, 1 milyon 616 min ton üzüm istehsal olunmuşdu. Taxıl istehsalı 1969-cu ildəki 573,9 min tondan 1982-ci ildə 1211,3 min tona, üzüm istehsalı 272 min tondan 1982-ci ildə 1725,4 min tona, pambıq istehsalı isə 299,4 min tondan 1981-ci ildə 831,2 min tona çatdı. Meyvə-tərəvəz istehsalının 1970-ci ildəki 410 min tondan 1982-ci ildə 850 min tona yüksəlməsi də Heydər Əliyevin fədakar əməyi nəticəsində mümkün olmuşdu.

Ulu Öndər o illərdə respublikamız üçün həyati əhəmiyyət kəsb edən milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirirdi. Belə ki, o dövrdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

Həmin dövrdə bütün çətinliklərə baxmayaraq Azərbaycanda peşəkar hərbçilərin yetişdirilməsi sahəsində ciddi addımlar atıldı. Ümummilli Liderin qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradıldı. Ulu Öndər, həmçinin azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, qırx dörd günlük Vətən müharibəsində yüksək peşəkarlıq və misilsiz qəhrəmanlıqlar göstərdilər.

1969-1982-ci illərdə ölkə iqtisadiyyatının bütün sahələrində istehsalın sürətlə artması nəticəsində ölkənin iqtisadi və sosial inkişafının ümumiləşdirici göstəricisi olan milli gəlir 2,5 dəfə artmışdı. Bu illərdə respublika sənayesinin strukturunda da əsaslı dəyişikliklər baş vermişdir. 1982-ci ildə respublikada 16,9 milyard kilovatt-saat elektrik enerjisi, 12,9 milyon ton neft, 221,8 min ton mineral gübrə, 318,7 min ədəd dəyişən cərəyan elektrik mühərrikləri, 430 min ədəd məişət kondisionerləri istehsal olunmuşdu. Ümumi istifadədə olan nəqliyyatla 1969-cu ildə 243,1 milyon ton yük, 527,8 milyon nəfər sərnişin daşınmışdır. Daşınan yüklərin həcmi və sərnişinlərin sayı hər il özündən əvvəlki ilə nisbətən artımla müşahidə olunmuş və 1982-ci ildə 477,9 milyon ton yükə, 961,5 milyon sərnişinə çatdırılmışdı. 1969-cu ilə nisbətən yük daşınması 2 dəfəyə yaxın, sərnişin daşınması isə 82,2 faiz artmışdı. Yük daşınması dəmir yolunda 21,1 faiz, hava nəqliyyatında 25,0 faiz, boru kəmərləri üzrə 3,7 dəfə, avtomobil nəqliyyatında 2,2 dəfə çoxalmışdı.

O illərdə mədəni-maarif müəssisələrinin şəbəkəsi genişlənmiş, 1982-ci ildə 35 milyon nüsxə kitab fonduna malik olan 4008 kütləvi kitabxana, 3301 klub müəssisəsi, 14 teatr, 82 muzey, 2317 kinoqurğu əhaliyə xidmət göstərirdi. Şəki və Lənkəran şəhərlərində yeni dram teatrları açılmış, teatra gələnlərin sayı 1969-cu illə müqayisədə 1982-ci ildə 45 faiz, kinoqurğulara gələnlərin sayı 33 faiz artmışdı.

Göründüyü kimi, Azərbaycanın çağdaş tarixinin bütöv bir dövrü Ümummilli Lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Оnun rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yоlu keçmişdir. Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qətiyyətlə deyə bilərik ki, bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir, Azərbaycan xalqını daha böyük qələbələrə aparır.

Zahid Rza, “İki sahil”