10 may 2023 14:10
402

GUAM: Heydər Əliyevin strategiyası sayəsində Azərbaycan enerji təhlükəsizliyi sahəsində nüfuzlu oyunçuya çevrilib

"Heydər Əliyevin xalqına sadiqliyi, dəmir iradəsi, siyasi müdrikliyi, strateji səbri, uzaqgörənliyi və rəhbərlik məharəti əvvəlcə ölkədə vəziyyətin sabitləşməsinə, sonra isə xalqın dirçəlməsinə yol açdı".

“İki sahil” xəbər verir ki, bu fikirlər GUAM təşkilatının baş katibi Altay Əfəndiyevin bəyanatında deyilir.

"O, xarici təcavüzə və işğala, daxili siyasi mübarizəyə və təlatümlərə məruz qalmış xalqın xilaskarına çevrilmək üçün Vətəninə - Azərbaycana qayıtdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkə süqut ərəfəsində idi. Onun xalqına sadiqliyi, dəmir iradəsi, siyasi müdrikliyi, strateji səbri, uzaqgörənliyi və rəhbərlik məharəti əvvəlcə ölkədə vəziyyətin sabitləşməsinə, sonra isə xalqın dirçəlməsinə yol açdı. Bugünkü Azərbaycan onun əsəridir, buna görə də Heydər Əliyevi haqlı olaraq ölkənin memarı və qurucusu adlandırırlar", - Altay Əfəndiyev bildirib.

GUAM-ın baş katibi qeyd edib ki, Heydər Əliyevin əsas prioritetləri sırasında Azərbaycanın gələcəyi üçün insan kapitalının inkişaf etdirilməsi olub.

"Onun enerji və nəqliyyat strategiyasının həyata keçirilməsi ilə Azərbaycan beynəlxalq enerji və tranzit təhlükəsizliyinə töhfə verən nüfuzlu oyunçuya çevrilib. Azərbaycanın o dövrdə təşəbbüskası olduğu layihə və təşəbbüslərin həyata keçirilməsi ilə Xəzər və Qara dəniz regionlarının geosiyasi mənzərəsi köklü şəkildə dəyişdi, regional əməkdaşlıq üçün böyük ümidlər vəd edən perspektivlər açıldı və böyük iqtisadi potensial ortaya çıxdı. Ölkə Ümummilli Liderin yaratdığı təməl üzərində yüksəlişini uğurla davam etdirir”, - Altay Əfəndiyev qeyd edib.

GUAM-ın baş katibi Heydər Əliyevin həm də ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi ortaq problemlərin və çağırışların, eləcə də gələcəyə ümumi baxışın birləşdirdiyi dost xalqların və strateji tərəfdaşların regional qrupu olan bu təşkilatın qurucularından biri olduğunu diqqətə çatdırıb.