10 may 2023 16:34
550

"Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində Ulu Öndə Heydər Əliyev 100 illik yubileyi çərçivəsində "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin, AMEA-nın əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva dünyəvilik, milli-mənəvi dəyərlərə sadiqlik, milli kimliyin təsdiqi kimi dəyərlərə söykənən azərbaycançılıq ideologiyasını dövlətçilik və müstəqillik ənənələrinin möhkəmlənməsində başlıca amil kimi səciyyələndirib.

Məruzəçi Ulu Öndərin azərbaycançılıq məfkurəsini, həmçinin dünya azərbaycanlılarını birləşdirən, onların hüquqlarını qoruyan və milli həmrəyliyi təmin edən ideoloji istinad mənbəyi kimi də dəyərləndirib.

S.Əliyeva bu ideologiyanın dövlətçiliyin fəaliyyət strategiyasını müəyyən edən başlıca konsepsiyaya çevrilməsində məhz Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətini xüsusi vurğulayıb: "Bildirilib ki, azərbaycançılığı və dövlətçiliyi özündə ehtiva edən bu konsepsiya milli-mənəvi maraqların və çoxəsrlik dövlətçilik ənənələrimizin qorunmasının, müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizənin parlaq təzahürüdür".

Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli ideologiya və vahid milli məfkurə ətrafında sıx birləşmək siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbiri "Heydər Əliyev və əbədiyaşarlıq" adlı məruzə ilə davam etdirən Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Səma Vəliyeva Ulu Öndər Heydər Əliyevin dili dərindən sevməklə onu hərtərəfli və elmi əsaslar zəminində öyrənməyin vacibliyi barədə verdiyi tövsiyələrdən, dilin qorunub saxlanılması və saflığının təmin olunması məsələsində gənc nəslin üzərinə düşən öhdəliklərdən bəhs edib.

Azərbaycan Yazıçılar Birliyinin üzvləri Sadiq Qarayev, Arzu Əsəd, Əsəd Əsədov, Əlirza Xələfli, Qəşəm Nəcəfzadə, AMEA-nın əməkdaşları fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova və digərləri azərbaycançılıq ideologiyasını Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına, milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemi kimi səciyyələndirib.

Çıxışlarda bildirilib ki, azərbaycançılıq ideologiyası xalqımızın mənəvi səfərbərliyi və vəhdətinin başlıca amilidir.