11 may 2023 13:32
565

Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib FOTO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunlarının final mərhələsi və bağlanış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə DVX-dən məlumat verilib.

Bildirilib ki, tədbir Ulu Öndərin xatirəsinin yad edilməsi ilə başlayıb. Final mərhələsində 18 komanda arasında oyunlar keçirilib, iştirakçılar öz intellektual bacarıqlarını nümayiş etdiriblər. Birinci yeri “Auditors”, ikinici yeri “Secret of Service”, üçüncü yeri isə “Mi-6” komandası tutub.

Mükafatlandırma mərasimindən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli turnirin bağlanış mərasimində qalib komandaları təbrik edib. DVX rəisi vurğulayıb ki, “Nə? Harada? Nə zaman?” oyunu üzrə ilk üç dünya çempionatı və Millətlər Kuboku məhz Bakıda təşkil olunub. Klubların Beynəlxalq Assosiasiyasının qərarına əsasən, intellektual oyunların inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyev xüsusi mükafatla təltif edilib.

O.Nəzərli bildirib ki, Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirin keçirilməsində əsas məqsəd vergi xidməti əməkdaşları arasında intellektual və yaradıcı inkişafa təkan verilməsi, xalqımızın tarixi və mədəniyyətinin təbliği olub.

Turnir əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, biliklərinin, erudisiyalarının və dünyagörüşlərinin daha da artırılması, kollektiv tədbirlər vasitəsilə DVX-nin müxtəlif strukturları və qurumları arasında qeyri-formal münasibətlərin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Vergi orqanlarında çalışan əməkdaşların yüksək intellektual qabiliyyəti yalnız onların iş xüsusiyyətlərindən irəli gəlmir, eləcə də vergi xidmətinə işə qəbul prosesində bu faktorlara - namizədlərin düşünmə, planlaşdırma, vaxtın idarəolunması, stressə davamlılıq kimi özəlliklərinə önəm verilir.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qalib komandalara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunlarına fevralda start verilib, turnirə ümumilikdə 36 komanda qatılıb.