11 may 2023 22:14
646

“Kompleks Qazma İşləri” Trestində Ümummilli Liderimizin 100 illik yübileyi ilə bağlı tədbir keçirilib

Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyi tədbirləri çərçivəsində SOCAR-ın “Kompleks Qazma İşləri” Trestinin istehsalat bölümlərinin ardınca 10 may tarixində Trestin İdarəetmə aparatında yekun toplantı keçirilib.

İlk olaraq Heydər Əliyevin Trestin inzibati binasındakı büstü önünə güllər qoyulub. Sonra tədbir şəhidlərimizin və Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə akt zalında davam etdirilib.

Trestin müdiri Elnur Süleymanov Ümummilli Liderimizin həyat və fəaliyyəti haqqında geniş çıxış etdi. Bildirdi ki, məhz Ulu Öndərimizin zəkası, siyasi uzaqgörənliyi, qeyri-adi idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan  regionun lider ölkəsinə çevrildi. Əsrin müqaviləsinin hansı çətin şəraitdə imzalanması, onun ölkəmizə gətirdiyi siyasi və iqtisadi dividendlər vurğulanıb. Elnur Süleymanov bildirib ki, Heydər Əliyevin  ölkənin neft sənayesinin inkişafındakı əvəzedilməz xidmətlərini neftçilər heç zaman unutmayacaq.

Baş mühəndis Ramiz Aslanov Azərbaycanın bugünkü uğurlarına görə Ümummilli Liderimizə borclu olduğumuzu, Onun əziz xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağını söyləyib.

 Ümumi məsələlər üzrə müdir müavini Faiq Hüseynov Heydər Əliyevin dövlətimizin möhkəmləndirilməsində, ordu quruculuğu, Qarabağ probleminin Azərbaycanın Zəfəri ilə həll olunması üçün gördüyü işləri xatırlatdı, Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi ilə parlaq qələbəmizin bünövrəsinin məhz Ümummilli Liderimizin zamanında qoyulduğunu deyib.

İnsan Resursları Departamentinin rəisi Sübhan İsmayılov Heydər Əliyevin 20-ci əsrin ikinci yarısında, 21-ci əsrin əvvəllərində dünya siyasətinin ən nəhəng fiqurlarından olduğunu söyləyib. O, Ümummilli Liderimizin  birinci dəfə siyasi hakimiyyətə gələndə Azərbaycanın sosial-iqtisadi, digər göstəricilərinə görə SSRİ respublikaları arasında yalnız Tacikistandan öndə - 15 respublika arasında 14-cü yerdə qərarlaşdığını, geridə qalmış aqrar respublika olduğunu bildirib. Heydər Əliyevin titanik əməyi nəticəsində respublikamızın tezliklə ən inkişaf etmiş respublikalar sırasına çıxarıldığını diqqətə çatdırıb. Onun hakimiyyət illərini Azərbaycan üçün qızıl dövr, mədəniyyətimizin əsl intibahı dövrü adlandırıb.

Texnoloji şöbənin rəisi Coşqun İbrahimli Ümummilli Liderə həsr etdiyi şeiri səsləndirib. Təchizat və logistika bölümünün rəisi Bəxtiyar Hüseynov Heydər Əliyevin neftçilərə, neft sənayesinə diqqət və qayğısından danışıb.

Trestin Həmkarlar İttifaqı Komitəsinin sədri Əhmədağa Əhmədov Ümummilli Liderimizin 100 illik yubileyinin bütün azərbaycanlılar üçün bayram olduğunu bildirib və hər kəsi bu bayram münasibətilə təbrik edərək, qazmaçılara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Ümummilli  Liderimizin məzarını ziyarət etdikdən sonra  Şuşanın alınması ilə bağlı raportunu əks etdirən kadrların nümayişi ilə başa çatıb.

Zamin Məmmədov, “İki sahil”