15 may 2023 23:35
533

Heydər Əliyev ideyalarının demokratik, siyasi proseslərin inkişafında rolu

HEYDƏR ƏLİYEV- 100

Müasir müstəqil  Azərbaycanın banisi və qurucusu olan, görkəmli dövlət xadimi Heydər Əliyevin  ictimai –siyasi, fəlsəfi, milli- mənəvi zəngin sərvəti olan  siyasi irsi  getdikcə daha geniş mənalar kəsb edir. Əbədi rəhbərimizin stateji  təfəkkür konsepsiyasın  ideal tərəflərinə nəzər salsaq, həmin dərin, intellek xəzinənin əsasən Azərbaycanın dövlətçilik, müstəqillik habelə elm, bilik, siyasi fəlsəfə, inkişaf və tərəqqi strategiyasının, idarəetmə mexanizminin təkmilləşdirilməsi, kütlələrin əhval- ruhiyyəsi, prosesin iştirakçıları və onların ideologiyası, ictimai əhatə dairəsinin vəziyyəti və dərin islahatlar konsepsiyasını  daha yaxından  görmüş olarıq.  Müstəqil Azərbaycanın memarı olan Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə xalqın inadli təkidi ilə ölkə rəhbərliyinə gəldiyi ilk günlərdən Azərbaycan cəmiyyətinin yeni transformasıya ehtiyaclarını əsas götürərək “İslahatlar hər bir cəmiyyətin tərəqqisinin fundamental əsasını təşkil edir”,- deyə ağır tarixi şəraitdə demakratik siyasi proseslərin islahatlarına başladı. Məlumdur ki, siyasi hadisələr  heç nədən, boş yerdən təşəkkül tapmır, o, özünə aid olan ideyalar, nəzəriyyə və konsepsiya əsasında təşkil edilir. Bu nəzəriyyə və konsepsiyaların işlənib hazırlanması isə özündə siyasi məqsədlərin seçilməsini, ideallaşdırılmasını geniş və hər tərəfli sürətdə  əks etdirir. Həm də siyasi prosesə aid məqsədlər elə formalaşdırılmalıdır ki, mövcud prosesin idea və konsepsiyalarına cavab verə bilsin. İdeal məqsəd siyasətin meyarı kimi səciyyələnirsə, konkret məqsədlər real surətdə həyata keçirilə bilməsi ilə fərqlənir. Bu baxımdan Azərbaycanda demokratik və plüralist ruhlu siyasi proseslərin uğurlu addım səsləri məhz 1995 –ci il 5 iyun tatixində yeni Konstitusiya layihəsini hazırlayan komisıyanın iclasında Heydər Əliyevin proqram istiqamətli çıxışı ilə eşidildi:

-“Komisiyanın qarşısında çox böyük iş durur. Biz gərək həm tarixi keçmişimizi, həm də son illərin təcrübəsini təhlil edək və müstəqil Azərbaycan dövləti üçün uzunmüddətli bir Konstitusiya layihəsi hazırlayaq. Guman edirəm ki, biz bu işin öhdəsindən gələcəyik və qarşımıza qoyulan bu vəzifəni layiqincə həyata keçirəcəyik. Komisiyamızın üzərinə düşən məsuliyyət böyükdür. Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun.”  Yeni Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə siyasi proses sosial- tarixi proseslərin uğurlu fəaliyyəti özünə yer aldı.

Siyasi və idarəetmə qərarlarını qəbul edən təsisatların qrupların mənafeyini nəzərə alması, qərarların qəbulu,  siyasi iradənin idarəetmə fəaliyyəti vasitəsilə reallaşması və bu kimi siyasi proseslərin timsalında Ulu Öndərin ideyaları nəzəriyyə və konsepsiya kimi təşəkkül tapdı.

Dünya siyasətinin  patriatxı adlandırılan bir şəxsiyyətin- Heydər Əliyevin yaratdığı dövlət hakimiyyəti təsisatları Azərbaycan mənəviyyatının tələbatının nəzərə alınmasının və siyasi inkişafının ümumölkə məqsədlərinin işlənib hazırlanmasının ən mühüm vasitəsi kimi qəbul edildi. Bu baxımdan müxtəlif əhəmiyyət kəsb edən siyasi proseslərin bütün iştirakçıları öz ümimxalq mənafe və tələbatının dövlət hakimiyyət təsisatlarının qərarlarında nəzərə alınmasına güclü təsir etdi. Məlumdur ki, belə fəaliyyət istiqaməti siyasi elitanın funksiyalarında həmişə obyektiv öz əksini tapır.

Heydər Əliyevin illər boyunca yaratdığı siyasi elitanın yerinə yetirdiyi funksiyalar böyük məsuliyyət hissi ilə Azərbaycan cəmiyyətin inkişaf strategiyasının və taktikasının işlənib hazırlanmasında, siyasi fəaliyyət proqramının müəyyənləşdirilməsində də öz sözünü dedi. Bəli, zamanın, dövrün ucalığına, fövqünə yüksəlmiş və öz dövrünü, öz zamanını yaratmış Heydər Əliyev ideyaları strateji funksiyanın və yeni ideyaların əsaslandırılmasında, ictimai inkişafın milli-mənəvi istiqamətinin müəyyənləşdirilməsində, vaxtı çatmış islahatlar konsepsiyasının işlənib hazırlanmasında və həyata keçirilməsində təzahür etdi.

Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi  məqsədilə 1994- cü ildə “ Əsrin müqaviləsi”nin imzalanması, Neft Fondunun yaradılması, xalqın rifahının yaxşılaşdırılması üçün qəbul edilən bir sıra Dövlət proqramları,  Azərbaycan- Ermənistan münaqişəsinin əsl mahiyyətinin dünyaya çatdırılması, həmin dövrdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, həmçinin ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatının qərar və qətnamələrinin qəbul edilməsi Heydər Əliyevin diplomatik uğurlarının sırasında idi.

Ümummilli Liderimizin rəhbərliyi ilə formalaşan Azərbaycan siyasi elitanın fəaliyyətini ifadə edən təşkilatçılıq funksiyası isə işlənib hazırlanmış xəttin praktikada reallaşmasını, siyasi qərarların həyatda təcəssümünü həmişə öz vacibliyi ilə fərqlənirdi. 1994 –cu ildə ATƏT-in 1994-cü ildəki Budapeşt, 1996-ci ildəki Lissabon, habelə 1999-cu ildə İstanbul sammitlərində münaqişənin tez, dinc və siyasi yolla həll olunması və həmçinin ABŞ konqresinin Azərbaycan Respublikasına yardım göndərilməsini yasaq edən həmin o ədalətsiz 907 düzəlişinin dayandırılması Ulu Öndərin siyasi tədbirlər sistemində naliyyətləri idi.

Məlumdur ki, siyasi hakimiyyətin fəaliyyətinin başlıca məzmunu bütövlükdə cəmiyyəti idarə etməkdən, ona rəhbərlikdən ibarətdir. Həmin fəaliyyət nəinki cəmiyyətin, dövlətin idarə edilməsində, eləcə də ictimai həyatın ayrı- ayrı sahələrinin tənzimlənməsində üzə çıxır. Hər bir siyasi hakimiyyət təşəkkül tapdığı andan ölkənin konkret şəraitinə, iqtisadi və siyasi vəziyyətinə uyğun olaraq müəyyən strategiya və taktika işləyib hazırlayır. Heydər Əliyevin illər boyu zamanı sınaqlarından uğurla çıxıb, gələcəyə inamla üz tutduğu dövrlərdə biz bu fəaliyyət xəttinin ilk növbədə bütövlükdə cəmiyyətin, onun ayrı- ayrı sahələrinin idarə olunmasına yönəldilməsində gördük. Cəmiyyətin idarə edilməsi anlayışı sözün konkret mənasında isə əhalinin müxtəlif təbəqələri arasındakı ziddiyyətlərin aradan qaldırılmasını, xüsusən də 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyünün ayrı-ayrı məmurlarının “demokratiya bayrağı” altında törətdikləri qanunsuzluqlar və vəzifə özbaşınıqları Azərbaycanda demokratiyanın gercək mahiyyəti üzrə qavranılmasına imkan vermirdi. Belə fəaliyyətdə Heydər Əliyev siyasi müxalifət və hakimiyyət münasibətlərinin məqsədyönlü təşəkkülünə xüsusi diqqət yetirdi.

Siyasi hakimiyyətin fəaliyyətinin əhəmiyyətli istiqamətlərindən digəri isə idarəçiliyə intellektual yanaşma ilə cəmiyyətdə sabitliyin təmin edilməsinə nail olmaqdan ibarətdir. Bu məqsədlə ölkə daxilində müxalifət-iqtidar münasibətlərinin tənzimlənməsi, mövcud ictimai sistemin daxili əlaqələrinin həyata keçirilməsi vacibdir. Belə fəaliyyətin zəruriliyi onunla şərtlənir ki, hakimiyyətin legitimliyinə, başqa sözlə, qanuniliyinə, hüquqi əsasa malik olmasına xalq bütün varlığı ilə inanır. Sabitliyin təmin olunması dərəcəsi bilavasitə hakimiyyətin legitimliyindən, yəni xalqın hakimiyyətə inamından irəli gəlir. Xalqın iradəsi ilə formalaşan hakimiyyət nəinki legitimdir və eləcə də rasionaldır, səmərəlidir və uzunömürlüdür. Bütün dünya Heydər Əlyevin rəhbərliyi dövründə bunu gördü və inandı. Ölkədə münaqişələrin baş verməsi zəmini aradan qalxdı, heç bir sosial gərginlik nəzərə çarpmadı. Artıq rəsmi hakimiyyətin qanuniliyinin cəmiyyət tərəfindən etiraf olunması və qəbul edilməsi siyasi hakimiyyətin fundamental xarakteristikası kimi düzgün siyasətinin aydın ifadəsi idi.

Qeyd etmək lazımdır ki, siyasi fəaliyyət məhz siyasətin özünün mövcudluğunun xüsusi formalarından biridir. Bu baxımdan o, cəmiyyətin digər sferalarından fərqlənir. Nəzəri siyasi fəaliyyət siyasətin daşıyıcılarında siyasi şüur, təfəkkür, mentalitet, peşəkarlıq və digər dəyərli keyfiyyətlərin formalaşdırılmasını təmin edir. Siyasi fəaliyyət özündə bəzi yaradıcılıq istiqamətlərini birləşdirir. İncəsənət, intiusiya, emosional vəziyyət, nəzəri layihələşdirmə və digər aspektlər bu qəbildəndir. Nəzəri siyasi fəaliyyətdə siyasət üçün həlledici olan problemlər, arzuedilən və real surətdə mümkün ola bilən, həqiqət və yalan, düzgün və səhv məsələlər məqsədyönlü qiymətləndirilir.

 Ötən əsrin 1990-cı illərində Heydər Əliyevin təşəbbüsü ilə azərbaycançılıq ideyası dövlət quruculuğunun əsas ideologiyası səviyyəsinə qaldırıldı. “Azərbaycançılıq hər şeydən əvvəl öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq deməkdir”  deyən Heydər Əliyev həm  əməli, həm də nəzəri- idraki fəaliyyətini siyasi varlığın mənəvi- ideal forması üzərində qururdu. Dövlət dilinin tətbiqi, latın əlifbasına əməli olaraq qayıdış, 1994-cü ilin may ayında imzalanan atəşkəs  sazişi, Füzulinin və “Kitab-i Dədə Qorqud”un yubileyləri, Dünya Azərbaycanlılarının Qurultayı, söz və mətbuat azadlığı, MDB məkanında ilk olaraq torpaq islahatı, və əsasını qoyduğu tolerantlıq, ana və uşaqlarımızın mənafeyini qoruyan Dövlət Komitəsinin yaradılması  artıq tarixin səhifələrində əbədi olaraq Heydər Əliyevin imzası ilə həkk olunmuşdur. Heydər Əliyevin titanik fəaliyyətinin elmi-nəzəri baxımdan dəyərləndirilməsi və fəaliyyətin zəminini siyasi praktika, təşkilatçılıq və nəzarət, rəhbərlik, kadrların seçilməsi və yerləşdirilməsi, onların hazırlanması, təhsili, qərarların müzakirəsi və qəbulu, informasiya mübadiləsi, hakimiyyət orqanlarının təşkili və fəaliyyəti həmişə gündəmdə idi. Dahi siyasi xadim olan Heydər Əliyevin zəngin, çoxşaxəli, çox-istiqamətli siyasi irsini bir daha yenidən araşdırıb öyrəndikcə əbədi Liderimizin siyasi fəaliyyətini şərtləndirən amillərdən çox mühümü sayılanlardan birinin  də onun milli-mənəvi dəyərlərimizə bağlı parlaq, zəngin, siyasi, dövlət mənafe sahibi olduğunun şahidi oluruq. Məlumdur ki, siyasi münasibətlərin forması olmaq etibarilə, siyasi, dövlət mənafeyi ictimai həyatın nisbi müstəqilliyə malik sferası kimi səciyyələnir. Siyasi mənafelər mahiyyəti etibarilə sosial- iqtisadi mənafelərin təmərküzləşmiş ifadəsidir. Böyük alman filosofu Hegel yazırdı: “Tarixin yaxından nəzərdən keçirilməsi bizi inandırır ki, insanların fəaliyyəti onların tələbatlarından, cəhdlərindən, mənafelərindən irəli gəlir”. Bu baxımdan yanaşsaq artıq genişlənməkdə siyasi elmin bütün sferalarında özünə mökəm mənafe və mövqe tutmuş Heydərşunaslıq təliminin və Heydər Əliyev siyasi məktəbinin  dövlətçilik mənzərələrinin  bu mənafelərin  inteqrasiyasına yönəldiyini görürük. Bu baxımdan  cəmiyyət üzvlərinin siyasi fəaliyyətə maraq göstərməsi tamamilə təbii, qanunauyğun və obyektiv meyildir. Bu, ilk öncə siyasi həyatın məzmununu təşkil edən siyasi mənafeyin və marağın obyektiv təbiəti ilə bağlıdır. Həmin tarazlıq və bağlılıq  içində cəmiyyət arasında ucalıqlardan boy göstərən Heydər Əliyevin yaratdığı yetkin, çoxminli Yeni Azərbaycan Partiyası mütəşəkkil bir siyasi toplum kimi monolit xalq qüvvələrini özündə birləşdirir.  YAP –ın 20 illiyinə həsr olunmuş təntənəli iclasda cənab  Prezident, Partiyanın Sədri İlham Əliyev demişdir: “Partiyamızın iqtidara gəlməsi zəruri və labüd idi. Ancaq biz onu da yaxşı xatırlayırıq ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır.”

Heydər Əliyevin siyasi dühasının şəfəqlərində yaranan YAP hakim partiya kimi getdikcə püxtələşir öz sıralarında yeni-yeni bacarıqlı kadr dəstələri yetişdirir.  Bu gün Azərbaycan Respublikasının  Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev indiki mürəkkəb zamanın tələbatını, inkişaf və tərəqqi tendensiyalarını hüquqi dövlətimizin və vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsini məhz milli ideologiya üzərində qurur.  Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası  Sədrinin  müavini Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi  Ulu Öndərimizin adını şərəflə daşıyan Heydər Əliyev Fondu, Azərbaycandan Avropaya, Asiyadan Afrikaya, Məkkədən Vatikana qədər mərhəmətli yollar keçərək, xeyriyyəçilik və humanist aksiyalarını həyata keşirmişdir. Onu da xatırlamaq xoş olar ki, Mehriban xanım Əliyeva doğma paytaxtımızda “Eurovision” mahnı  yarışmalarından  başlayaraq, neçə-neçə belə beynəlxaq tədbirlərin təşkilatçısı olmuş, dünyada ilk dəfə keçirilən 1 Avropa Oyunlarının hazırlığına da özü rəhbərlik etmişdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş çoxsaylı müxtəlif tədbirlərin keçirilməsi,muğama xüsusi qayğı,mədəni irs nümunələrimizin UNESCO-nun  sıyahısında özünə layiqli yer alması və hazırda Heydər Əliyev Fondunun tarixi mədəni-dini abidələrini  bərpası istiqamətində fəaliyyətini 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə davam etdirməsi Ulu Öndər Heydər Əliyevin şanlı 100 illiyi ərəfəsində dahi  rəhbərin müqəddəs ruhuna layiqli töhfədir. Bir daha xatırlamaq yenə düşər ki, yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyeva uzun illərdi ki,Azərbaycanı xaricdə ləyaqətlə təmsil edərək, Heydər Əliyev Fondunun maddi və mənəvi dəstəyi ilə 40 çox ölkədə “Azərbaycan günləri”ni uğurla keçirir. Bu gün bütün xalqımız Ümummilli Liderimiz Heydər Əliyevin tarixi 100 illyi ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərli sayəsində hələ uzun illər işıqlı gələcəyə doğru geniş vüsət alacaqdır.

Sədaqət Qəhrəmanova,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini,
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədr müavini