16 may 2023 16:17
441

FHN-in Tibb Xidmətində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider və milli səhiyyəmizin inkişafı” mövzusunda tədbir keçirilib.

Bu barədə “İki sahil”ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə FHN-in Tibb Xidmətinin və Nazirliyin digər qurumlarının əməkdaşları iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan danışıb, Ümummilli Liderin Azərbaycan səhiyyəsinin inkişafı üçün həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərindən bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizin səhiyyə sisteminin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin dayanıqlı və sabit inkişafının təmin edilməsi üçün əlverişli şərait yaradıb.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən səhiyyə sistemində mütərəqqi islahatların aparıldığ, insanların sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin artırılması məsələlərinə daim diqqət göstərildiyi qeyd edilib. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan səhiyyəsi, vətəndaşların sağlamlığı üçün böyük işlər görülür.

Həmçinin, “Heydər Əliyev İli” çərçivəsində Tibb Xidmətinin bir qrup əməkdaşı Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyi ilə yaxından tanış olublar. Xidmətin əməkdaşlarına Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən eksponatlar haqda geniş məlumat verilib, fotoşəkil və videomateriallar nümayiş etdirilib.