17 may 2023 00:24
543

Mən həmişə fəxr etmişəm ki...

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev sələfindən  ötən əsrin 60-cı illərinin sonuna doğru keçmiş İttifaq miqyasında adı sonuncular sırasında çəkilən, durğunluq, ətalət, geriləmə burulğanında boğulan bir Azərbaycan təhvil almışdı. Ulu Öndərin 1969-cu ilin iyulunda respublikaya rəhbərlik etməyə başlamasından keçən qısa müddətdə bu durumda olan Azərbaycanı istisnasız olaraq bütün sahələrdə tənəzzüldən intibaha daşımaqla gələcək müstəqil dövlətin əsasını qoyması artıq heç kəsin dana bilməyəcəyi faktdır. Bu gün kainatın kahkəşanında parlaq ulduz kimi bərq vuran  Heydər Əliyev adlı ZİRVƏNİN ən uca nöqtəsinə hansı prizmadan baxsaq yalnız və yalnız inkişafın, tərəqqinin, intibahın işıq saçan şöləsini görərik.

Ulu Öndər Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda bir tarixçi kimi yaxşı bilirdi ki, vaxtilə Rusiya imperiyasının tərkibinə ayrı-ayrı xanlıqlar şəklində qatılmasından  sonra ölkəmizdə vüsət alan maarifçilik hərəkatına qədər xalqımızı vahid məqsəd uğrunda birləşdirən milli ideologiya yox idi. Həmin vaxtlar ara-sıra elmi ədəbiyyatda rast gəlinən azərbaycançılıq  ifadəsi əsasən vətənçilik, vətənsevərlik mənasında işlədilirdi. Bu ideyanın milli səfərbəredici və azərbaycanlıların gündəlik həyatına  praktiki təsiri son  dərəcə zəif idi. Həmin dövrdə yenicə formalaşan milli aydınlarımız tarix boyu yadellilərin “ayır, buyur” siyasəti  nəticəsində parçalanmış vəziyyətdə olan azərbaycanlıları vahid ideologiya  ətrafında birləşdirməyin zəruriliyini anlayır, bu istiqamətdə təbliğat aparırdılar. Bu təbliğatın ilkin nəticələri 1918-ci ildə real həyatda öz əksini tapmağa  başladı. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ilk dəfə azərbaycançılıq ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa cəhd göstərdilər. Lakin AXC-nin tezliklə süqut etməsi  azərbaycançılıq ideyasını da gündəmdən çıxararaq mentalitetimizə yad olan kommunist ideologiyasının kölgəsinə saldı.

Belə bir mürəkkəb şəraitdə respublikanın idarəetmə sükanı arxasına keçən Ümummilli Lider onu da yaxşı dərk edirdi ki, Azərbaycanı bütün sahələrdə düçar olduğu tənəzzüldən çıxarıb intibaha yönəltmək üçün ilk növbədə xalqımızı zorla cəlb edildiyi kosmopolit “marksizm-leninizm ideologiyası”nın iti caynağından qoparıb  onun milli yaddaşını, milli kimliyini özünə qaytarmaq lazımdır. Bunun üçün isə hər bir azərbaycanlıya milli ruh, milli ləyaqət hissi aşılamaq tələb olunurdu.

“Mən həmişə fəxr etmişəm ki...”

Yuxarıda qeyd etdiyimiz kimi, dahi lider Heydər Əliyev respublikamıza birinci dəfə rəhbərlik etməyə başlayarkən Sovet təbliğat maşınının fasiləsiz şüurumuza yeritməyə çalışdığı qondarma “marksizm-leninizm ideologiyası”nın Azərbaycanda özünə həqiqi  tərəfdarlar tapmamasının fərqində idi. Eyni zamanda, onun da fərqində idi ki, uzun illər əvvəlcə çar Rusiyasının, sonralar isə “qırmızı imperiya”nın boyunduruğu altında əzildiyinə görə azərbaycançılıq xalqın yaddaşında yaşasa da milli ideologiyaya çevrilə bilməmişdi. Bu gün isə müstəqil ölkəmizdə azərbaycançılıq vahid ümummilli ideologiya rolunu oynamaqdadır. Müasir müstəqil Azərbaycan Respublikasında  böyükdən tutmuş kiçiyə kimi hər kəs azərbaycançılıq məfkurəsinin dünyadakı 50 milyondan artıq soydaşımızı birləşdirən vahid platformaya çevrilməsini haqlı olaraq Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə əlaqələndirir. Amma açıq demək lazımdır ki, günü bu gün də aralarında hətta cəmiyyətdə böyük nüfuz sahibi olan tanınmış ictimai-siyasi xadimlərin də yer aldığı əksər vətəndaşlarımız belə hesab edirlər ki, Ulu Öndər azərbaycançılığın əsasını 1993-cü ildə xalqın təkidli tələbi ilə respublikamızda yenidən hakimiyyətə gəldikdən sonra qoymuşdur. Əslində bu fikrin həqiqəti tam əks etdirmədiyini Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci dövründə proseslərin şahidi olmuş müxtəlif peşə sahələrini təmsil edən yaşlı nəslin nümayəndələri, o cümlədən həmkarlarım təsdiq edə bilərlər.

Mənim özümə gəldikdə isə... Hər dəfə  vaxtilə Ulu Öndərin sonsuz qürur hissi ilə bəyan etdiyi və bu gün artıq aforizmə çevrilmiş “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” müdrik kəlamlarını dinləyəndə 45 il bundan əvvəl eşitdiyim epizodu xatırlayır,  bir daha əmin oluram ki, müstəqilliyimizin ilk illərində Ümummilli Liderimizin dahiyanə uzaqgörənliklə işləyib hazırladığı azərbaycançılığın konturları o dövrdə cızılmışdır...

Romanov nə üçün zəng etmişdi?..

 ...1978-ci ilin avqustu idi.  Pambıq yığımı ərəfəsində tərkibində Yevlaxda çıxan “Təşəbbüs” qəzetinin gənc müxbiri kimi mənim də olduğum rayonumuzun nümayəndə heyəti “yarışdığımız” keçmiş Qasım İsmayılov  (indiki Goranboy) rayonunda “sosializm yarışı”nın şərtlərinin  yerinə yetirilməsi vəziyyətini yoxlamağa getmişdi.   Günün sonunda yoxlamanın yekunları ilə bağlı müşavirədən sonra “raykomun qonaq evi”ndə  təşkil olunan ziyafətdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin rəhbərliyi ilə  bütün İttifaqa səs salan uğurlarımız barədə çox danışıldı.  Söhbət əsnasında Qasım İsmayılov Rayon Partiya Komitəsinin o zamankı birinci katibi mərhum  Vilayət Seyidov Ümummilli Liderimizin keçirdiyi büro iclasında şahidi olduğu bir hadisədən söhbət açaraq dedi: “ İclasın gedişində köməkçi arxa qapıdan zala daxil olub  sakitcə yoldaş Əliyevə yaxınlaşdı və qulağına nə isə pıçıldayıb geri döndü. Ardınca yoldaş Əliyev üzrxahlıq edərək tezliklə qayıdacağını bildirib zaldan çıxdı. Təxminən 15 dəqiqədən sonra əsəbi vəziyyətdə zala daxil olub Rəyasət Heyətindəki yerini tutdu və özünü ələ alıb sakit tonda dedi: “Leninqrad Vilayət Partiya Komitəsinin birinci katibi, Sov.İKP MK Siyasi Bürosunun üzvü  Qriqori Romanov zəng etmişdi.  Leninqradın bazarlarında alver edən azərbaycanlılardan şikayətlənirdi. Deyirdi ki, sizinkilər şəhərin bütün bazarlarını zəbt ediblər.  Şübhəsiz, mən Sov. İKP MK Siyasi Bürosunun üzvləri arasında Azərbaycana qarşı neqativ münasibəti ilə seçilən Pomanovun bu ittihamları ilə razılaşmadım. Soruşdum ki, siz niyə rəhbərlik etdiyiniz vilayətin hakimiyyət strukturlarında, elm və istehsalat sahələrində,   hüquq-mühafizə orqanlarında vicdanla çalışan, ali məktəblərdə müvəffəqiyyətlə təhsil alan azərbaycanlılar haqqında bircə kəlmə də danışmır, ancaq hansısa 5-3 nəfər alverçini gözümüzə soxmağa çalışırsınız?   Təbii ki, o, haqlı sualıma cavab verə bilmədi. Amma gəlin, açıq danışaq. Bəli, xalqımızı xaricdə ləyaqətlə təmsil edən onminlərlə soydaşımız var. Eyni zamanda, etiraf etməliyik ki, xoşagəlməz davranışları ilə başımızı aşağı edənlər də yox deyil. Mən istəyirəm ki, heç kim bir nəfər azərbaycanlıya belə  “alverçi”, “dələduz” damğası vurmağa cürət etməsin. İstəyirəm ki, xaricdəki hər bir soydaşımız azərbaycanlı olmasından  qürur duysun, xalqımızın qədim olduğu qədər də  zəngin milli-mənəvi dəyərlərini davranışlarında təcəssüm etdirsin, yüksək mədəniyyəti, mənəvi və əxlaqi keyfiyyətləri ilə başqa xalqların nümayəndəsinə nümunə göstərilsin.”

Zənnimcə,  təkcə bu epizod 1-2  nəfər  “bazar alverçisini” əlində dəstəvuz edərək azərbaycanlıları aşağılamağa çalışan, keçmiş SSRİ-nin iyerarxiyasında vəzifə və titulca özündən yüksəkdə dayanan birisini dəmir məntiqi ilə susduran  Ulu Öndərin hələ totalitar Sovet rejimi şəraitində xalqımızın qədim və zəngin milli-mənəvi dəyərlərinə, yüksək mədəni, əxlaqi keyfiyyətlərinə əsaslanan azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu sübuta yetirməyə kifayət edər.

Millətçi, yoxsa milli ideologiya?..

Yazının bu hissəsinə təsadüfən belə bir yarımsərlövhə seçməmişəm. Məsələ burasındadır ki, müstəqilliyimizin ilk illərində Azərbaycanı idarə edənlər, xüsusilə AXC-Müsavat cütlüyü ölkənin milli-etnik xüsusiyyətlərini nəzərə almadan azərbaycançılığı başqa səmtə istiqamətləndirirdilər. Qatı millətçilik  şüarı ilə hakimiyyəti zəbt etmiş “milli demokratlar” azərbaycançılığı milli müstəsnalıq kimi dəyərləndirərək onu ümumtürkçülük ideyası ilə eyniləşdirməklə ölkədaxili etnik etimadsızlıq mühiti yaradırdılar.

Beləliklə, Ümummilli Liderin hakimiyyətə qayıdışı ərəfəsində kommunist ideologiyasından imtina edilsə də, xalqı müstəqil dövlətçilik ətrafında birləşdirən, vətəndaşları səfərbər etmək gücünə malik vahid ideya-siyasi təlim yaradılmamışdı.

Xarici təhdidlərə, separatçılığa qarşı Ulu Öndərin mükəmməl ideoloji silahı

Gəlin bir anlığa 1993-cü ildə xalqın təkidli  tələbi ilə yenidən hakimiyyətə qayıdan  Heydər Əliyevə sələflərinin hansı  Azərbaycanı miras qoyduqlarına nəzər yetirək. Ermənistanın təcavüzü nəticəsində getdikcə dərinləşən hərbi-siyasi və iqtisadi böhran, vətəndaş qarşıdurması, xaos, anarxiya, milli-etnik zəmində ixtilaf, bölücülük tendensiyası  idarəolunmaz həddə çatmışdı. Bu vəziyyətdə dahi liderin özündə "dövlətçilik" və "vətənpərvərlik" kimi müqəddəs anlayışları birləşdirən azərbaycançılığı  ümummilli ideologiya olaraq seçməsi gənc müstəqil ölkəmizə qarşı müxtəlif istiqamətlərdən yönələn təhdidlərin qarşısında güclü sipər oldu.  “Bizim üçün bir tarixi amil – azərbaycançılıq ideologiyası var” deyən Ümummilli Lider təkcə bu ideologiyanı yaratmaqla kifayətlənmədi, onu dünya azərbaycanlılarını vahid amal naminə birləşdirən ümummilli platformaya çevirdi. Məhz bu platformada son 32 ildə dünya azərbaycanlılarının paytaxtı statusunu qazanmış Bakıda Ümummilli Liderimizin və möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 5 dəfə həmvətənlərimizi bir araya gətirən  Dünya Azərbaycanlılarının qurultayları keçirilmişdir.   Bu qurultaylarda qəbul olunan qərarlar bugünkü qüdrətli, 2020-ci ildə Ermənistanın 30 il davam edən işğalına son qoymaqla xalqımıza şanlı Zəfər sevincini yaşadan Azərbaycan dövlətinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurların dünyada təbliğinə, eyni zamanda, xaricdəki  həmvətənlərimizin vahid milli  ideologiya ətrafında təşkilatlanmasına, diaspor quruculuğuna böyük  töhfələr vermişdir. “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.” Bu gün qürur hissi ilə deyirik ki, dünyadakı 50 milyondan artıq azərbaycanlının Prezidenti olduğunu əməli fəaliyyəti ilə sübut etmiş cənab İlham Əliyev Ulu Öndərin bu tövsiyəsinə layiqincə əməl etməklə azərbaycançılığı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir.

Əhməd  Qurbanoğlu, “İki sahil”

Yazı YAP-ın «Heydər Əliyev İli» çərçivəsində jurnalistlər arasında elan edilən «Heydər Əliyev və yeni Azərbaycan» mövzusunda fərdi yazı müsabiqəsinə təqdim etmək üçündür.