10 may 2023 10:55
135

İqtisadiyyat Nazirliyi “Heydər Əliyev İli” münasibətilə müsabiqə elan edir

İqtisadiyyat Nazirliyi “Heydər Əliyev İli” ilə əlaqədar olaraq Ümummilli Liderin irsinin təbliği məqsədilə media nümayəndələri üçün “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.

“İki sahil” xəbər verir ki,  nazirlikdən bildirilib ki, müsabiqəyə mayın 8-dən 28-dək televiziya və radiolarda yayımlanmış, qəzet və saytlarda dərc olunmuş materiallar təqdim edilməlidir. Materialların son təqdim edilmə günü mayın 28-dir. Müsabiqəyə təqdim ediləcək məqalələr 800 sözdən, televiziya və radio süjetləri isə 3 dəqiqədən çox olmamalı, material təqdim edən media nümayəndələrinin çalışdıqları KİV-də yerləşdirilməlidir. Materialların əvvəlində və ya sonunda "İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar olaraq media nümayəndələri arasında elan edilmiş “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir" qeydi göstərilməlidir.

Tələb olunan sənəd - iş yerindən arayış.

Müraciət forması: Qəzetdə çap olunan, saytda yerləşdirilən, televiziya və ya radioda yayımlanan materialların linki, iş yerindən arayışla birlikdə elektron formada [email protected] ünvanına göndərilməlidir.

Materialların qiymətləndirilməsi İqtisadiyyat Nazirliyində yaradılmış müvafiq komissiya tərəfindən həyata keçiriləcək. Müsabiqədə materialları fərqlənən media nümayəndələri mükafatlandırılacaq.