24 may 2023 11:25
1723

Azərbaycan və Litva münasibətləri etibarlı əməkdaşlığa söykənir

Anar Məmmədov,

Milli Məclisin deputatı

Azərbaycanla Litva arasında sıx münasibətləri şərtləndirən bir sıra siyasi-iqtisadi elementlər mövcuddur. Hər iki ölkənin keçmiş SSRİ respublikası olması birgə əməkdaşlığın qurulmasında bu nöqteyi-nəzərdən xüsusi rol oynayıb. Keçmiş ittifaq daxilində yaxşı əlaqələrə malik olan hər iki ölkə ötən əsrin ortalarından başlayaraq bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirməyə nail olub. Bunun nəticəsidir ki, iqtisadiyyatları bir-birinə yaxın olan Azərbaycan və Litva hər bir sahədə normal əlaqələrə malikdir və istər siyasi, istərsə də iqtisadi məsələlərdə daha tez anlaşmaya nail olur, bir-birini dəstəkləyirlər.

Hər iki ölkənin müstəqillik əldə etməsindən sonra tərəflər arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və əməkdaşlığın bütün sferaları dinamizmi ilə seçilməyə başlayıb. Ötən illər ərzində tərəflər arasında sıx diplomatik münasibətlər qurulub, hökumətlərarası komissiyalar çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrə təkan verən layihələrin həyata keçirilməsi üçün addımlar atılıb. Azərbaycanla Litva arasında möhkəm təməllərə dərin əsaslar yaradan hüquqi baza təmin olunub. Litvanın Azərbaycanla iqtisadi-siyasi münasibətləri dərinləşdirərək qarşılıqlı maraqlara söykənən əməkdaşlıq münasibətlərinə yeni dinamizm elementləri əlavə etmək üçün bir sıra təkliflərlə çıxış etməsi isə ölkələr arasında əlaqələrdə yeni üfüqlər açıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri də bu dinamikliyin daha intensivləşməsinə baza yaratmış olur. Bu baxımdan səfər çərçivəsində imzalan sazişlər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni perspektivlər vəd edir. Belə ki, Prezident İlham Əliyev səfər çərçivəsində Litvanın Prezidenti Gitanas Nauseda və bu ölkənin Baş naziri xanım İnqrida Şimonite ilə görüşdü, ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı, ikitərəfli müzakirələr aparıldı, biznes forumu təşkil edildi. Bütün bunlar isə qarşıdakı mərhələdə ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə əhəmiyyətli təsir göstərəcək.

Keçirilən biznes forumunda səslənən fikirlər də bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi potensialı yüksəkdir, xarici investorlar üçün əlverişli mühit var. Neft-qaz sektoru ilə yanaşı, digər sahələrdə də bu imkan mövcuddur. Biznes forumu bu sahədə də münasibətlərin dərinləşməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə böyük zəmin yaradacaq.

Litva uzun müddət ölkəmiz üçün strateji tərəfdaş olan Azərbaycanın Avropa tərəfdaşları sırasındadır. Şərq Tərəfdaşlığı ölkələri çərçivəsində Aİ-nin Litvaya təqdim etdiyi tvinninq layihələrində Azərbaycan Litvanın ən etibarlı tərəfdaşlarından biridir. Bu günə qədər Litva Azərbaycanda 26 layihənin seçimində iştirak edib, onlardan 17-də iştirakını təmin edib. Bu baxımdan Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır. Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri iki ölkə arasında iqtisadi-siyasi münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq. Bu səfər ölkələr arasında sıx münasibətlərin inkişafına töhfə verərək əlaqələrin yüksək dinamik səviyyəyə çatmasına imkan yaradacaq.