24 may 2023 22:36
662

Ulu Öndər Heydər Əliyevin neft strategiyası ilə başlanan uğurlu inkişaf yolu

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini saymaqla bitirmək mümkün deyil. Bu yazıda onun çoxsaylı xidmətlərindən yalnız biri – neft strategiyası haqqında qısa məlumat verilir.

Neft və təbii qazı çox vaxt planetimizin qara və mavi qızılı da adlandırırlar. Bu bənzətmə heç də təsadüfi deyil. Həqiqətən də müasir insan cəmiyyətini neft və təbii qaz olmadan təsəvvür etmək mümkün deyil. Bu təbii sərvətlər bir tərəfdən ölkələrin enerjiyə olan tələbatını ödədiyi halda, digər tərəfdən neft-kimya sənayesi üçün ən qiymətli xammal sayılırlar. Müasir dövrdə həmin xammallar əsasında alınan və gündəlik məişətimizdən tutmuş sənaye və texnikanın ən müxtəlif sahələrində işlədilən maddələr o qədər çoxdur ki, onların dəqiq sayını söyləmək belə çətinlik törədir. Elə bu səbəbdəndir ki, son illərdə praktiki olaraq dünyanın bütün ölkələrində neft və qaza olan tələbat durmadan artmaqdadır. Həm də elə bu səbəbdən beynəlxalq ticarətdə, ən başlıcası isə siyasətdə neft və qaz amili demək olar ki, ən aparıcı amilə çevrilmişdir. Bu gün dünyada, eləcə də bizə yaxın bölgələrdə baş verən qaynar hadisələrin arxasında əsasən neft amilinin durduğu hətta siyasətdən uzaq insanlara da bəllidir. Neft amilinin dünya siyasətinə nə qədər güclü təsir göstərdiyini keçən əsrin 70-ci illərinin əvvəllərində baş vermiş məlum hadisələrdən də görmək olar. O vaxtlar Qərb ölkələrinin istəyinin əksinə olaraq dünyanın əsas neft ixracatçısı olan Yaxın və Orta Şərq ölkələrinin və SSRİ-nin neft hasilatını azaltmaq və onun qiymətini qaldırmaqla bağlı çıxardıqları qərar həmin Qərb ölkələrində və ABŞ-da uzun müddət davam edən enerji böhranına gətirib çıxarmışdı. Elə son illərdə Rusiya Federasiyasının neft və qaz amilindən istifadə edərək Qərb ölkələrinə göstərdiyi təzyiq, onları özündən enerji asılılığına salması da deyilənlərə bariz misal ola bilər.

Yuxarıda söylənilənlərə əsasən belə bir yanlış fikir formalaşa bilər ki, zəngin karbohidrogen ehtiyatlarına malik ölkələr mütləq iqtisadi və siyasi cəhətdən də qüdrətli ölkələr siyahısında olmalıdırlar. Lakin tarixi təcrübə göstərir ki, bu fikri heç də neftlə zəngin olan ölkələrin hamısına aid etmək olmaz. Onların sırasında elələri də vardır ki, deyilənlərin əksinə olaraq bu gün istər iqtisadi, istərsə də siyasi baxımdan ən ağır durumdadırlar. Məsələn, Nigeriyada olduğu kimi.

Tarixi təcrübə onu da birmənalı olaraq sübut etmişdir ki, təbii sərvətlərindən istifadə ilə bağlı milli maraqlara söykənməyən siyasət yürüdən ölkələrin taleyi elə Nigerya kimi ölkələrin taleyindən fərqlənmir. Onların sərvətlərindən əldə edilən sərmayə öz xalqlarının firavanlığına deyil, yadellilərə xidmət edir.

Şükürlər olsun ki, zəngin karbohidrogen ehtiyatlarına malik respublikamızda müstəqilliyimizin bərpasından sonra neft siyasəti həyata keçirilərkən bütün bu amillər nəzərə alınmış, daha rasional yol seçilmişdir. Bu işdə xalqımızın bəxti onda gətirmişdir ki, ölkəmiz üçün həlledici olan həmin dövrdə dünya şöhrətli siyasi xadim, böyük dövlət adamı, Ulu Öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlmişdir. Həmin dövrlərdə respublikamızda mövcud olan ictimai-siyasi mənzərə güman edirəm ki, hamımızın gözü önündədir. Müstəqilliyinə yenicə qovuşmuş ölkəmiz saysız-hesabsız problemlərlə üz-üzə qalmışdı. Qeyri-sabit vəziyyətin mövcud olduğu, vətəndaş müharibəsi təhlükəsinin başımızın üstünü aldığı, total böhranın hökm sürdüyü, mənfur qonşularımız və onların havadarlarının süni şəkildə yaratdıqları “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı yaranmış problemlərin üst-üstə yığıldığı bir zamanda Azərbaycan müstəqil ölkə kimi ilk addımlarını atmağa başlamışdı.Ölkəmizin gələcəyi üçün lazımi tədbirlərin görülməsi böyük bir tarixi zərurət idi. Məhz belə bir çətin dövrdə dövlətimizin və dövlətçiliyimizin əsasları Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində formalaşdırılırdı. Hələ o vaxtlar Ulu Öndər söyləyirdi ki, iqtisadiyyatı möhkəm olmayan, iqtisadi müstəqilliyi olmayan ölkənin siyasi müstəqilliyindən danışmaq olmaz. Ölkəmizin iqtisadi müstəqilliyinin əldə edilməsi üçün konkret addımlar atılmış, çox mühüm iqtisadi və siyasi islahatlar həyata keçirilməyə başlanmışdı. Heç şübhəsiz onların içərisində ən mühümü və çox böyük tarixi əhəmiyyət kəsb edəni 1994-cü il sentyabr ayının 20-d “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur. Belə ki, Ulu Öndər yaxşı bilirdi ki, neft strategiyasını düzgün qurmadan qarşıya qoyulmuş möhtəşəm siyasi və iqtisadi vəzifələri həyata keçirmək mümkün olmayacaq. Bu isə sonda böyük çətinliklər və qanlar bahasına əldə etdiyimiz müstəqilliyimizin itirilməsinə, bizim də mənfur qonşularımız kimi forpost ölkəyə çevrilməyimizə gətirib çıxaracaqdır. O da bəlli idi ki, böyük miqdarda sərbəst maliyyə vəsaitlərinə malik olmadan neft yataqlarını yerli resurslar hesabına geniş miqyasda istismar etmək mümkün deyildir. Məhz bu səbəbdən həmin dövrdə Azərbaycana sərmayə axınına nail olmaq ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bir məsələ idi. Bununla belə, yuxarıda göstərilən səbəblərdən, eləcə də şimal və cənub qonşularımızın neft kontraktlarının imzalanmasına cidd-cəhdlə mane olmağa çalışmaları (dəfələrlə ölkədə dövlət çevrilişinə edilən cəhdlər, Ulu Öndərə qarşı hazırlanan sui-qəsd planları, Xəzərin sahilyanı ölkələr arasında pay bölgüsünü aparmadan neft yataqlarının istismara başlanmasının mümkün olmadığını iddia etmələri, istismarı nəzərdə tutulan yataqların perspektivsiz yataqlar olması fikirini ortaya atmaları və s.) Azərbaycanı dünyada çox riskli bir dövlət kimi tanıtmışdı. Belə bir vəziyyətdə xarici investorların ölkəyə dəvət edilməsi və buna müsbət cavab alınması möcüzə kimi görünürdü. Lakin Ulu Öndərin fövqəladə bacarığı bu möcüzəni reallığa çevirdi. Sözsüz ki, bu hadisə Heydər Əliyev siyasətinin çox böyük uğuru idi. Şübhə yoxdur ki, dünyanın nəhəng neft şirkətlərinin Azərbaycana dəvət edilməsi onlar üçün lazımi şərait yaradılmadan, qoyulacaq investisyaların qorunacağına dair etibarlı təminat verilmədən, o cümlədən qanunvericilik sahəsində lazimi addımlar atılmadan mümkün düyildi. Bütün bu sadalananların öhdəsindən Ulu Öndər Heydər Əliyev layiqincə gələ bildi. Sösüz ki, onun şəxsi nüfuzu, hələ sovet dövründən dünyanın söz sahibi ölkələrində qüdrətli bir dövlət xadimi kimi tanınması bu işdə çox mühüm amillərdən biri olmuşdur. Beləliklə, 1994-cü il sentyabır ayının 20-də yenicə müstəqilliyini bərpa etmiş respublikamız üçün çox böyük tarixi əhəmiyyət kəsb edən bir hadisə- “Əsrin kontraktı” imzalandı. Azərbaycanın Xəzər sektorunda yerləşən “Azəri”, “Çıraq”, “ Günəşli” (AÇG) neft yataqlarının birgə istifadəsini nəzərdə tutan bu müqavilə dünyaca məşhur bir çox neft şirkətləri – BP (Böyük Britanya) , “Amoko” (ABŞ), “Lukoil” (Rusiya), “Statoil” (Norveç), 

“Türkişh Petrolium” (Türkiyə), “Unokal” (ABŞ), “İtochuco” (Yaponiya), “Ramco” (Böyük Britaniya), “Delta” (Səudiyyə Ərəbistanı), “Penzoil” (ABŞ) və “Exon” (ABŞ) şirkətləri ilə Azərbaycan Respublikası Dövlət Neft şirkəti (ARDNŞ) arasında 30 il müddətinə imzalanmışdır. SOCAR 2017-ci ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalanmışdır. Yenilənmiş sazişlə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı. Bu hadisə sözün əsl mənasında Heydər Əliyev neft strategiyasının böyük təntənəsi idi. “Əsrin müqaviləsi” həm də ona görə tarixi hadisə sayılmalıdır ki, xarici şirkətlərlə əməkdaşlığımızın ilk təcrübəsi uğurlu olmuşdur. Birinci kontraktdan sonra Azərbaycana maraq artmış, ölkəmiz özünü dünyada etibarlı tərafdaş kimi tanıda bilmişdir ki, bu da sonrakı mərhələlərdə çox vacib idi.

“Əsrin müqaviləsi“ imzalanmaqla Azərbaycanda nəhəng neft siyasətinə başlanmış və bu iş Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

“Əsrin müqaviləsi” imzalandıqdan cəmi üç il sonra (1997-ci il) ilk neft hasil olunmuş, beş il sonra (1999- cu il ) isə mənfəət nefti ixrac olunmağa başlanmışdır. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri, həm də ən mühümü çıxarılan nefti xarici bazarlara çatdırmaq üçün neft kəmərlərinin inşası idi. Doğrudur, bu məqsədlə sovet dövründən qalan neft kəmərlərindən (Bakı–Novorossiysk, Bakı-Supsa) müəyyən təmir və yenidənqurma işləri aparıldıqdan sonra istifadə edilə bilərdi və edildi də. Lakin Ulu Öndər gözəl bilirdi ki, Azərbaycan neftinin taleyini yalnız həmin kəmərlərin öhdəsinə buraxmaq gələcəkdə böyük problemlər yarada bilər. Buna görə də, neft kəmərlərinin (sonralar isə həm də qaz kəmərlərinin) şaxələndirilməsinə (diversifikasiyasına) nail olmaq müstəsna əhəmiyyət kəsb edən bir problem kimi qarşıda dururdu. Bu problemin həlli də Heydər Əliyevin neft strategiyasının ən mühüm tərkib hissələrindən biri idi. Şükürlər olsun ki, çoxsaylı, həm də çox ciddi maneələrə baxmayaraq sonda Ulu Öndərin bu ideyası da reallığa qovuşdu. Təsadüfi deyil ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tikintisi və onun istifadəyə verilməsi elə “Əsrin müqaviləsi” kimi çox möhtəşəm tarixi hadisə sayılır. Möhtərəm Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi,BTC-nın tikilib istifadəyə verilməsi təkcə ona görə tarixi hadisə sayılmır ki, o ilk dəfə olaraq Xəzər dənizinin neftini Aralıq dənizinin bazarlarına çıxardı, həm də ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. Bölgədəki çox çətin geosiyası vəziyyətə baxmayaraq xarici investorlar bu layihəyə də böyük vəsait cəlb etdilər , beynəlxalq maliyyə qurumları isə öz dəstəyini göstərdilər.Bununla da neft kəmərlərinin şaxələndirilməsi ilə bağlı ideya da reallaşdırıldı . Bu gün artıq üç istiqamətdən nəql edilən neftimiz (BTC əsas istiqamət olmaqla) dünya bazarlarına çox etibarlı şəkildə çatdırılır.

BTC-nin reallaşması Heydər Əliyevin neft strategiyasının ikinci böyük təntənəsi idi. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin və bununla həm də siyasi müstəqilliyinin məhək daşına çevrilərək azad iqtisadi mexanizimlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyanı təmin edərək ölkəmizin inkişafında müstəsna əhəmiyyətə malik rol oynamışdır. Sonrakı mərhələlərdə xarici investisiyaların, ən müasir avadanlıq və texnologiyaların, o cümlədən idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək kefiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi, dövlətimizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühim tərkib hissəsinə çevrilmişdir. Neftdən gələn gəlirlərin sayəsində maliyyələşən daxili investisiyaların artımı hesabına iqtisadiyyatda tarazlı inkişaf təmin edilmiş, yüz minlərlə yeni-yeni iş yerlərinin açılması mümkün olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, məhz bunun nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsində yaşayanların sayı ilbəil azalmaqda davam edir. Ölkəmizdə ilbəil artan büdcə gəlirləri sosial sahələrin ehtiyaclarının qarşılanmasında əhəmiyyətli mənbəyə çevrilmişdir. Təhsilə və səhiyyəyə, ordu quruculuğuna, eləcə də cəmiyyət həyatının digər sahələrinə yönəldilən vəsaitlər neft gəlirlərindən səmərəli istifadənin göstəriciləridir. Artıq ölkəmiz region dövlətləri arasında istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən qüdrətli bir dövlətə çevrilmişdir. Son illər Azərbaycanın təkcə müdafiə sahəsinə ayırdığı büdcə xərcləri təcavüzkar Ermənistanın bütün xərclərindən yüksək olur. Digər tərəfdən, Qarabağ həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasında da “Əsrin müqaviləsi”nin müstəsna rolu olmuşdur. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbənin təməli də Ulu Öndərin neft strategiyası ilə qoyulmuşdu. “Əsrin müqaviləsi” həm də Bakının dünyanın neft mərkəzi olmaq şöhrətini özünə qaytardı. O, Azərbaycanın bugününü yaratdı, gələcəyini müəyyən etdi. Həm müasirlərimiz, həm də gələcək nəsillər üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunu formalaşdırdı.

Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən möhtəşəm quruculuq işləri də məhz “Əsrin müqaviləsi”nin imzalanması, Ulu Öndərin neft strategiyasının reallaşması sayəsində mümkün olmuşdu (təkcə son bir neçə ildə respublikamızda həyata keçirilən quruculuq işləri bütün sovet dövründə olduğundan daha çoxdur desək, zənnimcə yanılmarıq).

Qeyd etmək lazımdır ki, bu gün respublikamızda qeyri-neft sektorunun inkişafı da sürətlə gedir və buna təkan verən də məhz neft siyasəti, neft strategiyası olmuşdur. Onu da qeyd etmək vacibdir ki, “Əsrin kontraktı” Ulu Öndər Heydər Əliyevin daha bir xidmətinin parlaq şəkildə üzə çıxmasına səbəb oldu. Belə ki, vaxtı ilə -1970-ci illərdə Heydər Əliyev tərəfindən göstərilən təşəbbüslər nəticəsində yaradılmış infrastruktur kontraktın sürətlə icra olunmasına xidmət göstərdi. Əgər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə dərin özüllər zavodunu tikdirməsəydi müqavilənin icrası çox yubana bilərdi. Həmin dövrdə Ulu Öndərin Bakıda neft avadanlıqları zavodunu, neftayırma və neft emalı zavodlarını və s. tikdirməsi, neftlə zəngin yataqların istismarını ləngidərək gələcək nəsillərə saxlaması da kontraktın imzalanmasına təkan verən amillərdən sayılmalıdır.

Beləliklə, müstəqillik əldə etdikdən sonra Azərbaycanın qazandığı bütün uğurlarda Ulu Öndər Heydər Əliyev siyasi kursunun və onun tərkib hissəsi olan neft strategiyasının əvəzedilməz rolu olmuşdur. Bu strategiya beynalxalq birliyin Azərbaycana inamını, etimadını formalaşdıran əsas amildir. Bu, həm də iqtisadi amildən siyasi təsir vasitələrinə çevrilərək ölkəmizin geosiyasi maraqlarını təmin edən, qlobal məkana inteqrasiyanı reallaşdıran, Cənubi Qafqazda, eləcə də digər bölgələrdə enerji təhlükəsizliyini qoruyan və sabitliyi mühafizə edən, əhalinin sosial təminatını, dövlətin iqtisadi rifah və tərəqqisini stimullaşdıran vacib faktordur.

 Bu gün ölkəmizin dinamik sosial-iqtisadi inkişaf yolunda inamla irəliləməsi, iqtisadi inkişaf tempinə görə böyük uğurlar qazanması, öz milli maraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir bir dövlət kimi müstəqil siyasət yürütməsi, iri tutumlu layihələri həyata keçirməsi, büdcə gəlirlərini ildən- ilə əhəmiyyətli dərəcədə artırması, müdafiə qüdrətini yüksəltməsi və İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə qazanması və s. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu neft strategiyası sayəsində mümkün olmuşdur. Sonralar respublikamızda qaz əsrinin başlanması, Avropanın enerji təhlükəsizliyinin təminində oynadığı mühüm rol da Ulu Öndərin neft strategiyası reallaşmadan mümkün olmazdı. Şübhə yoxdur ki, bu siyasət bundan sonra da Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdiriləcəkdir.

Tofiq Əliyev,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor