"Böyük İyirmiliy"in Antalya zirvəsi: Azərbaycanın uğurlu iştirakı

24 noyabr 2015 04:00
1377

Türkiyənin kurort şəhəri kimi tanınan Antalya noyabrın 15-16-da böyük beynəlxalq tədbirə ev sahibliyi etdi. Dünyanın 20 ən güclü iqtisadiyyatına malik dövlətlərinin sammitinə qardaş ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi xüsusi dəvət etmişdi. Bu, şübhəsiz ki, ölkə rəhbərliyinin uzun illərdir həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bəhrələrindən biridir. Prezident İlham Əliyevin tədbirdəki dərin məzmunlu çıxışı bunu bir daha təsdiq etdi. Bundan başqa, sammitin xüsusi buraxılışında dərc olunan məqaləsində dövlət başçısı bir sıra strateji müddəalar irəli sürüb. Birmənalı demək olar ki, Azərbaycan "Böyük İyirmilik" (G20) ölkələrinin mötəbər tədbirində layiqincə təmsil olunub. Enerji təhlükəsizliyinin perspektivləri: iki strateji məqam kontekstində "Böyük İyirmiliy"in növbəti Antalya toplantısını dünya maraqla gözləyirdi. Təşkilatın əvvəlki sammitindən bu yana geosiyasi əhəmiyyətli bir sıra qlobal proseslər baş vermişdi. Onların sırasında terror və davamlı inkişaf məsələləri öndə yer almaqdadır. Bu səbəbdən, Türkiyənin məşhur kurort şəhərində dünyanın 20 ən güclü iqtisadiyyatına sahib olan ölkə başçılarının toplantısında qəbul ediləcək qərarların ciddi təsirə malik olacağı proqnozlaşdırılırdı. Bu gözlənti özünü doğrultdu. Bütün dünya üçün vacib sayılan müzakirələrdə Azərbaycanın dövlət başçısının da iştirak etməsi qürurverici bir hadisə idi. Bunu noyabrın 15-16-da tədbirdə baş verənlər bir daha sübut etdi. Sammitdə Azərbaycan fəxri qonaq statusunda təmsil olunurdu. Bu məqam ayrıca vurğulanmalıdır. Çünki söhbət Azərbaycanın əldə etdiyi uğurların dünya tərəfindən etiraf edilməsindən gedir. Prezident İlham Əliyev sammitdəki çıxışında ölkənin həyata keçirdiyi siyasətin uğurlarını dolğun şəkildə ifadə edib. Əlavə olaraq, Azərbaycan rəhbərinin "Böyük İyirmiliy"in xüsusi nəşrində dərc olunan "Ümumi strategiyanın formalaşdırılması" adlı məqaləsində də həmin məqam öz əksini tapıb (bax: Ümumi strategiyanın formalaşdırılması / AZƏRTAC, 17 noyabr 2015). Dövlət başçısı ölkənin 24 illik müstəqillik dövründə siyasi, iqtisadi, energetika və başqa sahələrdə reallaşdırdığı proqramların məzmun və məqsədini dəqiq ifadə edib. Prezident çıxışında əsas olaraq Azərbaycanın enerji siyasəti üzərində dayanıb. O cümlədən "Cənub qaz dəhlizi" layihəsinin iqtisadi üstünlükləri ilə yanaşı, strateji və geosiyasi əhəmiyyətini də lakonik surətdə ifadə edib (bax: Prezident İlham Əliyev "Böyük İyirmiliy"in Antalya Sammiti çərçivəsində keçirilən işçi lançda çıxış edib / AZƏRTAC, 17 noyabr 2015). Bu layihə Xəzər və Aralıq dənizini, Avropa ilə Asiyanı birləşdirəcək. Onu Azərbaycanın aktiv iştirakçısı olduğu və əvvəlki illərdə həyata keçirilən başqa enerji layihələrinin davamı kimi qəbul etmək mümkündür. Bu keyfiyyətdə Azərbaycan Prezidenti "Əsrin müqaviləsi"nin əhəmiyyətinə diqqət çəkib. 1994-cü ildə əsası qoyulan əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına ehtiyac vardır. Dövlət başçısı burada iki strateji məqamı vurğulayıb. Hər şeydən əvvəl, Prezident İlham Əliyev 1994-cü ildən başlanan əməkdaşlıq kursuna Azərbaycanın sadiq qaldığına işarə edib. Həmin dövrdən bu günə qədər rəsmi Bakı üzərinə düşən bütün öhdəliklərə tam əməl edib. Bunun əyani təsdiqi sonrakı mərhələdə Azərbaycanın özünün iri enerji layihələri təşəbbüsü ilə çıxış etməsidir. Məsələn, TANAP və TAP bu qəbildəndir. Deməli, rəsmi Bakı verdiyi sözlərə əməl edir. İkinci strateji məqam Azərbaycanın konkret olaraq "Cənub qaz dəhlizi" layihəsini həyata keçirməkdə qərarlı olması ilə bağlıdır. Bu layihə Gürcüstan və Türkiyədən keçməklə energetika sahəsində Avropa ölkələri ilə səmərəli əməkdaşlığa imkan verəcək. Böyük bir geosiyasi məkanı əhatə edəcək bu layihə faktiki olaraq Avropa üçün faydalı olacaq. Yəni, dəqiq deyilsə, burada söhbət Qərbin enerji təhlükəsizliyinin təminində Azərbaycanın oynayacağı roldan gedir. Nümunəvi tərəfdaşlıq: proqnozlaşdırılan ticarət rejimi və multikulturalizm Bu missiyanın yüksək səviyyədə yerinə yetiriləcəyini Azərbaycanın "Böyük İyirmiliy"in sammitinə dəvət olunması da göstərir. Həmin tezis real faktlarla sübuta yetirilir. Ölkə başçısı xüsusi vurğulayıb: "Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu, təsdiqlənmiş rəqəmdir. Potensial ehtiyatların həcmi isə 5 trilyon kubmetr təşkil edir. Belə həcm bizim üçün, qonşularımız və Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi məsələsinə ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz" (bax: əvvəlki mənbəyə). Məhz kifayət qədər qaz ehtiyatına malik olması ölkəmizə Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynamağa imkan verir. Lakin burada rəsmi Bakının qətiyyətli siyasi iradəsini ayrıca qeyd etmək gərəkdir. Çünki təcrübə göstərir ki, bir sıra dairələr müxtəlif təzyiq üsulları ilə bu işə mane olmağa çalışırlar. Azərbaycan rəhbərliyi dəfələrlə bu kimi təsirlərə layiqli cavab verib, seçdiyi kursdan dönməyəcəyini bəyan edib. "Böyük İyirmiliy"ə daxil olan Qərb dövlətləri həmin məqama ciddi əhəmiyyət verməlidirlər. Bunlarla yanaşı, Azərbaycan rəhbərinin açıq vurğuladığı mühüm məqam enerji təhlükəsizliyi ilə milli təhlükəsizlik məsələsi arasındakı vəhdətdən ibarətdir. Bu, hər bir dövlətə aiddir. Bu aspektdə Prezident İlham Əliyevin "layihə Avropanın enerji xəritəsini tam dəyişəcək" fikri özündə böyük bir məna daşıyır. Burada söhbət siyasi, iqtisadi, təhlükəsizlik və strateji maraqların qarşılıqlı əlaqəsindən, onların uyğunlaşdırılmasından gedir. Buna görə də Avropa ölkələri öz milli təhlükəsizliklərini təmin etmək üçün Azərbaycanla sıx əməkdaşlığa can atmalı, ikili standartlar siyasətinə son qoymalı, münaqişələrin həllinə ədalətli yanaşmağa başlamalıdırlar. Qərb tərəddüd etmədən qəbul etməlidir ki, Azərbaycan müstəqillik illərində demokratikləşmə, müstəqil dövlət quruculuğu, bazar iqtisadiyyatı sisteminin formalaşdırılması istiqamətlərində böyük irəliləyiş əldə edib. O cümlədən yeni Konstitusiya qəbul olunub və çoxpartiyalı sistem əsasında parlament formalaşdırılıb. Prezident İlham Əliyev "Böyük İyirmiliy"in üzvü olan dövlət və hökumət başçılarının sammitin xüsusi buraxılışı üçün yazdığı məqalədə həmin kontekstdə qeyd edir: "...hüquqi dövlət quruculuğu çərçivəsində hakimiyyətlərin bölünməsi və demokratik idarəçilik təmin edilmiş, həyata keçirilən islahatlar nəticəsində liberal iqtisadi sistem formalaşmış, insan hüquqları, plüralizm, söz və məlumat azadlığı, azad internet bərqərar olmuş, vətəndaş cəmiyyəti institutlarının inkişafına hərtərəfli dövlət dəstəyi göstərilmişdir". Bütün bunlar göstərir ki, Azərbaycan "Böyük İyirmilik" çərçivəsində qəbul edilən qərarların həyata keçirilməsində vacib rol oynamağa qadirdir. Həmin müddəanı dövlət başçısı İlham Əliyevin Antalya sammitində iştirakının mühüm nəticələrindən biri kimi qəbul etmək olar. Tədbir iştirakçıları İlham Əliyevin çıxışından Azərbaycanın iqtisadi, maliyyə və mədəni imkanları haqqında çox şeyi öyrəndilər. Onlar əmin oldular ki, rəsmi Bakı iqtisadi və energetika layihələri ilə yanaşı, ciddi surətdə müxtəlif mədəniyyətlərin dialoqu istiqamətində də əhəmiyyətli addımlar atır. Təsadüfi deyil ki, Azərbaycan multikulturalizm sahəsində nümunəvi ölkəyə çevrilib. Bakı həmin mövzuda böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib və bu proses indi də davam edir. Həmin səbəbdən, "Böyük İyirmilik" liderləri Prezident İlham Əliyevin qeyd etdiyimiz məqaləsindəki aşağıdakı fikrə diqqətlə yanaşmalıdırlar. "Azərbaycan ölkələr arasında səmərəli və proqnozlaşdırıla bilən ticarət rejiminin yaradılması, qlobal səviyyədə insanların sosial vəziyyətinin yaxşılaşdırılması, investisiyaların təşviqi, gender bərabərliyi, qadınların məşğulluğunun gücləndirilməsi və digər məsələlərə dair irəli sürülmüş təşəbbüslərə qoşulur, bu istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan əməli tədbirləri dəstəkləyir". Ölkə rəhbəri "Böyük İyirmiliy"in Antalya sammitində qəbul edilən qərarların qlobal problemləri həll edən birgə fəaliyyətə dəstək olacağına inandığını ifadə edib. Azərbaycan-Türkiyə əməkdaşlığı bu sahədə başqalarına nümunə ola bilər. Bu nümunədən bütövlükdə "Böyük İyirmilik" ölkələri niyə faydalanmasın? Newtimes.az