24 may 2023 23:57
591

Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib

Azərbaycan deyəndə səni düşünürük biz

Gözlərində açılır bu millətin səhəri,
Sənin adınla bağlı bu xalqın hər zəfəri.
Qədəmin dəyən yerdə səhralar da gül açır,
Gülüstana çevrilir yurdun kəndi, şəhəri.
Günəş doğur elə bil, harda çəkilir adın,
Dosta fəxarət gəlir, gözü kor olur yadın.
Azərbaycan deyəndə səni düşünürük biz,
Azadlığa inamı xalqa sən bağışladın.

Yazıma Baba Vəziroğlunun “Sən elə bir zirvəsən” adlı şeirindən misralarla başladım. Bu  şeir səslənəndə hər birimiz müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşmüş, xalq üçün yaşadan və yaradan, milyonların sevimlisi olan Heydər Əliyevi şüurumuzda və gözlərimizin önündə canlandırırıq. “Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” deyən Ümummilli Lider bütün ömrünü Azərbaycan xalqına xidmətə həsr etmiş, xalqın xoşbəxt gələcəyi üçün canından keçməyə belə hazır olmuşdur. Azərbaycanlı olmağı ilə fəxr edən dahi, misilsiz fəaliyyəti ilə “Nə qədər ki Azərbaycan var, mən də varam”  kəlamını reallığa çevirmişdir…

Bütün dövrlərdə  hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi yadda qalan,  böyük fəxrlə yad etdiyimiz  dahi şəxsiyyət Heydər Əliyevdir. Azərbaycan xalqının  nicatı, ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi, demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi fəaliyyətinin bəhrəsidir.  Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmiş, Azərbaycan dövlətinin müstəqilliyi və Azərbaycan xalqının rifahı naminə öz həyatını itirmək təhlükəsi ilə üz-üzə qoymuş, lakin heç vaxt öz əqidəsindən, müqəddəs amalından geri çəkilməmişdir. Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları daim xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə misilsiz töhfələr vermişdir. Dahi şəxsiyyətin  həyat fəlsəfəsinin ana xəttini isə  öz xalqına  həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Onun fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi  gördüyü işlərin - bu məqsədi daşıdığının şahidi oluruq. Ona görə də  Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt  itirməyən məsələdir.

Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər yüksək əzmkarlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur. Komitədə işlədiyi dövrdə kəşfiyyat və əks-kəşfiyyat məsələlərinə dair ən çətin tapşırıqları Heydər Əliyev lazımi səviyyədə  yüksək peşəkarlıqla icra edirdi. Heydər Əliyevin sonrakı fəaliyyətini isə 4 mərhələdə, yəni  Azərbaycan Respublikasına birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illəri, SSRİ rəhbərliyində təmsil olunduğu 1982-1987-ci illər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri olduğu 1990-1993-cü illər və müstəqil Azərbaycan Respublikasına ikinci dəfə rəhbərlik etdiyi 1993-2003-cü illəri əhatə edən  dövrdəki gördüyü işlərə əsasən xarakterizə etmək olar.

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi. Respublikada görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı.      Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Hər il yüzlərlə gənc hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və burada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi məhz Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindəndir.

Sonralar Ulu Öndər Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması qürurverici hadisə olmaqla,  Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi. Ümummilli Lider  artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu və nəticədə Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi.

1990-cı illərin əvvəllərini, Azərbaycanın müstəqillik tarixinin ilk illərində dərin böhranın hökm sürdüyü vaxtları yada salaq. O dövrdə ölkəyə rəhbərlik edənlərin qətiyyətsizliyi, cəsarətsizliyi, yaranmış tarixi şansdan istifadə edə bilməmələri müstəqilliyini yenicə qazanmış Azərbaycanı addım-addım ağır böhranlı vəziyyətə yaxınlaşdırırdı. Bir tərəfdən mənfur qonşularımızın torpaqlarımızı işğal etməsi, digər tərəfindən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu təhlükəli vəziyyətdən ölkəmizi yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Və belə bir ağır vəziyyətdə, dövlətin varlığı, xalqın gələcək müqəddəratı sual altında qaldığı belə bir çətin dövrdə – 1993-cü ilin iyununda dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi və müstəqilliyimizin dönməzliyi təmin olundu. Daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, bütün sahələrdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi,xalqımızın milli birliyi və həmrəyliyi təmin olundu, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı. 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. Məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində xalqımız çoxdan arzusunda olduğu əsl müstəqilliyinə qovuşdu.

Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq Ulu Öndərin səyi nəticəsində Xəzərin  Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının birgə  işlənməsinə   dair öz əhəmiyyətinə görə 20 sentyabr “Əsrin müqaviləsi” adını almış beynəlxalq müqavilə dünyanın 8 ölkəsini təmsil edən 13 iri  transmilli şirkət tərəfindən imzalandı. Bundan sonra Azərbaycanın enerji resurslarını  dünya bazarlarına çıxarmaq üçün Bakı- Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi. 

Bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.

Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi.

Heydər Əliyevin xalqımızın qarşısında ən böyük xidmətlərindən biri cənab İlham Əliyev kimi lider yetişdirməsi olub

Dahilərin böyüklüyü  ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi. Heydər Əliyevin son qərarı əslində Azərbaycana son borcu, son xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun 2003-cü il 1 oktyabr tarixində  doğma xalqına ünvanladığı son müraciəti Vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Ulu Öndərin  tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi. Bu tarixi müraciətdən keçən  iyirmi il  Onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Prezident İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını daha yaxşı gələcəyə apardığını sübut etdi. Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində  işğalçı Ermənistan üzərində qazanılan parlaq Qələbə isə  Prezidentinin Azərbaycan xalqına vədini və ata vəsiyyətini həyata keçirməsi idi.  

Yeniləşən, müasirləşən, demokratikləşən dövlətimizin qazandığı bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır. Qürurla deyirik ki, Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan indi Ulu Öndərimizn layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır, eyni zamanda, dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında addımlayır. Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması, Ulu Öndər Heydər Əliyevin  və  Prezident İlham Əliyevin misilsiz fəaliyyətlərinin  nəticəsi kimi qeyd edilir.   Ulu Öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək tənəzzüldən inkişaf yoluna çıxardı. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə  Azərbaycanın daha da  inkişafı üçün geniş imkanlar yaratdı, torpaqlarımızı işğaldan azad etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-Zəfərə çatdırdı. Hazırda müstəqil dövlətimizin qarşısında müqəddəs vəzifələr dayanır: İlk növbədə, işğaldan azad edilmiş əraziləri bərpa etmək və insanları o doğma yurdlarına qaytarmaq. Bu yolda dövlətimiz qətiyyətli addımlar atır.  

“Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam” deyən Heydər Əliyevin  ideyaları  və əməlləri yaşayır və Onun adı Azərbaycanla  daim qoşa çəkiləcəkdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Yazı “Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə  yeni zirvələrə doğru” istiqaməti üzrə Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında elan etdiyi fərdi yazı müsabiqəsinə təqdim olunur.