25 may 2023 07:49
530

Peru televiziyasında Heydər Əliyevdən danışılıb - FOTOLAR

Peru dövlət televiziyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycanın müstəqilliyinin 105-ci ildönümünü barəsində danışılıb.

Azərbaycanın Meksikadakı səfirliyindən “İki sahil"ə verilən məlumata görə, respublikamızın Perudakı səfiri Məmməd Talıbov həmin ölkənin ən nüfuzlu sayılan dövlət televiziyası “TV Peru”nun məşhur “Conecta Peru” verilişinin qonağı olub, canlı yayımda aparıcıların suallarını cavablandırıb, ölkəmizin tarixi və reallıqları barədə ətraflı məlumat verib.

Verilişin əvvəlində ölkəmizin tanıtım videoçarxı yayımlanıb. Videoçarxda Azərbaycanın müsəlman Şərqində ilk demokratik parlamentli respublika olduğu, dünyada tolerantlıq və multikulturalizm mərkəzlərindən biri kimi tanındığı, 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etdiyi və həmin ərazilərdə genişmiqyaslı yenidənqurma işləri apardığı xüsusi vurğulanıb.

Səfir M.Talıbov bu ilin ölkəmizin müstəqilliyinin 105-ci il dönümü ilə yanaşı, müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etməsi ilə əlamətdar olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan 1918-ci ildə bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi qurmaqla adını tarixə yazdırıb, Xalq Cumhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, dövlətçilik tarixində misilsiz rol oynayıb.

90-cı illərdə Azərbaycan müstəqillik qazandıqdan sonra sosial-iqtisadi tənəzzül və dövlət suverenliyinin itirilməsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorumasından, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldıraraq dinamik inkişafın təməlini qoymasından bəhs olunub. Bildirilib ki, Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlətə, mühüm energetika və nəqliyyat qovşağına çevrilib, ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılıb və müasir Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir.

Veriliş zamanı həmçinin Azərbaycanın multikulturalizm dəyərlərindən, zəngin turizm potensialından, əcnəbi vətəndaşlar, eləcə də perulu gənclər üçün ölkəmizdə mövcud olan təhsil və təqaüd imkanlarından bəhs olunub.