27 may 2023 02:15
1444

Niyə qadınlar kişilərdən çox yaşayırlar? - DNK sirləri

Niyə təbiət qadınlar üçün daha əlverişlidir və kişilər müstəqil olaraq ömrünü necə artıra bilərlər suallarını “Rossiya 1” kanalının efirində gerontoloqlar Vladimir Xavinson və Svetlana Trofimova cavablandırıblar.

Statistikaya görə, bütün dünyada qadınlar kişilərdən daha uzun yaşayır və əsas səbəb genetik fərqlərdir. Məktəb illərindən başlayaraq hər kəs bir insanın 23 cüt xromosomu olduğunu bilir. Eyni zamanda, 22 cüt tamamilə eynidir, lakin sonuncu, 23-cü cüt fərqlidir. Qadınlarda iki X xromosomu, kişilərdə isə X və Y xromosomları var. Əsas fərq buradadır.

Cənubi Uelsdən olan elm adamları 229 növ orqanizmi araşdıraraq qadın və kişilərin ömrünü təxmin etdikləri bir araşdırma aparıblar. Müasir statistik üsullardan istifadə etməklə müəyyən edilib ki, bütün növlərdə dişilərin ömrü erkəklərə nisbətən 17% daha uzundur.

Fərqli genetikaya görə kişilərdə və qadınlarda cinsi hormonlar fərqlidir. Kişilərdə yüksək miqdarda testosteron, qadınlarda isə yüksək miqdarda estrogen olur. Hər iki hormon həm kişi, həm də qadın orqanizmində mövcuddur, lakin fərqli miqdarda.

Kişilər yaşlandıqca cinsi hormonların səviyyəsi dəyişir: kişilərdə testosteron azalır və estrogen yüksəlir. Bu, xüsusilə metabolik sindromun inkişafı, başqa sözlə, piylənmə ilə bağlıdır.

Hormonal balanssızlığın səbəbləri stress, yuxusuzluq, yanlış pəhrizlər, ekologiya, pis vərdişlər, uzunmüddətli oturaq iş, fiziki fəaliyyətin olmamasıdır.

Bir çox tədqiqatçılar qadınların daha şanslı olduğuna inanırlar. Çünki estrogenlər telomeraza aktivliyinə təsir edir və sağlamlığa müsbət təsir göstərir.

Çox yaşamaq istəyirsinizsə həyat tərzinizi dəyişdirməlisiniz. Bu, uzunömürlülüyün əsas sirlərindən biridir.

Nubar Süleymanova, “İki sahil”