31 may 2023 16:50
618

Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır - Kamran Bayramov

"Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla İsrail arasındakı  əlaqələr də yüksələn xətlə inkişaf edir. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır.Dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlıq isə, ən yüksək səviyyədədir. Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır və Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də, məhz,İsrail olub. Ölkələrimiz arasında sıx, etibarlı və hər iki tərəf üçün faydalı əməkdaşlıq mövcuddur. Xalqlarımız ümumi tarixlə, dini əlaqələrlə, mədəniyyət və musiqi ilə, eləcə də, tolerantlıqla bir-birinə  bağlıdırlar."

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Dağ yəhudiləri 2000 ildən çoxdur ki, Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Burada yəhudilərin dinc şəraitdə, daim hörmət görərək yaşamalarının və öz dini etiqadlarına azad şəkildə əməl etmələrinin qarantı Azərbaycan hökuməti və xalqıdır.  Dövlət  başçımızın qeyd etdiyi kimi, müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin, bizim qədim tariximiz boyu  Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. 
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan ilə İsrail arasında enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahələrdə sıx əməkdaşlıq prosesi uğurla davam edir. Azərbaycanda çoxsayda İsrail şirkətləri fəaliyyət göstərir. Son zamanlar iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə dövlət başçılarının görüşləri daha da təkan verib.  İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan səfəri bu əlaqələrin möhkəmliyinə xidmət edir. Dövlət başçımız bildirib ki, “ İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.

İsrail Prezidenti İsxak Hersoq da öz növbəsində vurğulayıb ki, Azərbaycanda yaşayan yəhudi icması təhlükəsiz mühitdə yaşayır, ölkənin ictimai siyasi həyatında fəal iştirak edir. İsrail və Azərbaycan arasındakı mövcud münasibətlər bütün dünya üçün dəyərdir, nümunədir”. 
Deputat diqqətə çatdırıb ki, hələ birinci Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəman Albert Aqarunovun adı xüsusi çəkilir. O, ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Jurnalistin təxribat xarakterli «Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?» sualına  Albert  belə cavab verib: «Mən bu torpağın övladıyam, burada doğulmuşam, burada yaşayıram,vətəni qorumaq isə hər kəsin borcudur.». Bu cavab, Azərbaycanda yaşayan yəhudilərin torpağımıza, millətimizə bağlılığının aydın göstəricisidir.

K.Bayramov xüsusi olaraq qeyd edib ki, İsrail-Azərbaycan münasibətləri bütün sahələri, demək olar ki, əhatə edir. İqtisadi göstəricilər ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu göstərir. "Biz ayrı-ayrı istiqamətlər - ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq, çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, bu istiqamətdə böyük potensial mövcuddur", - deyən Prezident çoxlu işlərin görülməli olduğunu da diqqətə çatdırıb və İsrail prezidentinin Azərbaycana səfərini tarixi səfər kimi dəyərləndirib. İki ölkə arasında önəmli əməkdaşlıq müqavilələri imzalanıb. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün” Əməkdaşlıq Planı” imzalanıb. Eyni zamanda,  İsrail və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf edir və möhkəmlənir.