01 iyun 2023 13:19
476

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Uşaq Paralimpiya Kuboku keçirilib FOTO

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq Paralimpiya Kuboku keçirilib.

“İki sahil” xəbər verir ki, turnir 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və UNICEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Açılış mərasimindən öncə Dövlət Himni səsləndirilib. Kubokun rəsmi açılış mərasimində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və icraçı direktor Eldar Babayev çıxış edərək, sağlamlıq imkanları məhdud uşaqlara uğurlar arzulayıblar.

Sumqayıtdakı Paralimpiya İdman Kompleksində keçirilən yarışda 100-dən çox sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Bakıdan və ölkənin müxtəlif bölgələrindən yarışlara qatılan uşaq paralimpiyaçılar 4 idman növündə (cüdo, üzgüçülük, stolüstü tennis, pauerliftinq) öz güclərini sınayıblar.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə 2013-cü ildə Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitədə 100-dən çox sağlamlıq imkanları məhdud uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıblar.