04 may 2018 14:57
2301

Azərbaycana qarşı aparılan təzyiq və təhdid kampaniyaları iflasa məhkumdur

OCCRP adlanan təşkilatın (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” Layihəsi”), AŞPA-nın, ATƏT DTİHB-nin, ABŞ Dövlət Departamentinin, Avropa Parlamentinin... üzdəniraq “hesabatları” və  bu sənədlərdə yer alan əsassız faktlar”ın ictimailəşdirilməsi üçün bəzi KİV-lər vasitəsilə yayılması Azərbaycana qarşı aparılan təxribatların növbəti olmaqla, qərəzi və məkrli niyyətlərin eyni mənbədən qaynaqlandığını da təsdiqləyir.

Bundan əvvəl də ölkəmizlə bağlı qeyri-obyektiv mövqeyini  böhtan xarakterli hesabatı ilə bildirən OCCRP-in qərəzli yanaşmasını təxribat adlandıran Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayırdı ki, ölkəmizə qarşı qarayaxma kampaniyası ilə bağlı hüquqi prosedurlara başlayacağıq. Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarı Azərbaycanda demokratiyanın əsas tələblərindən olan şəffaflıq və obyektivliyə ciddi əməl edildiyini, korrupsiyaya qarşı mübarizənin davamlı proses olduğunu göstərir: “Milan məhkəməsinin 2018-ci il 13 fevral tarixli qərarı ötən ilin ortalarında məlum anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güddüyünü təsdiqləyib.”

Əli Həsənov onu da vurğulayır ki, anti-Azərbaycan mərkəzlər və şəbəkələr bu kimi çoxsaylı feyk-məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəmizə dost münasibəti bəsləyən, onunla bağlı pozitiv fikirlər bildirən tanınmış şəxsləri - ictimai-siyasi xadimləri, ekspertləri, jurnalistləri və s. hədəfə götürmək və qınaq obyektinə çevirmək istəyirdilər. Təsadüfi deyil ki, həmin vaxt OCCRP-nin “Azərbaycanın pulyuyan maşını” adlı qondarma materialı dünya mediasında sürətlə tirajlandı, məsələ ilə ayrı-ayrı ölkələrin rəsmi instansiyaları maraqlandı və orada adları keçən şəxslər, o cümlədən də guya Azərbaycandan 2 milyon 640 min dollar almış AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə xüsusi araşdırma başladıldı.  Nəticədə qazanan Azərbaycan demokratiyası oldu.

Qərb və erməni mənbələrindən maliyyələşdirilərək və təlimatlandırılaraq Azərbaycana qarşı aparılan qərəzli qarayaxma kampaniyasının davamlı xarakter daşıması da, adları çəkilən və çəkilməyən beynəlxalq təşkilatların, dünyanın çərxini idarə edən siyasi dairə və qüvvələrin bilərəkdən ölkəmizdə yaratdıqları “5-ci kolon”un formalaşdırması da Azərbaycanda sürətli, davamlı inkişafa qara pərdə arxasından baxmaq niyyətlərindən irəli gəlir. İllərdən bəri Qərb və Avropa təsisatlarının maliyyələşdirdikləri Azərbaycandakı müxalifyönlü” QHT və media vasitələrinə milyonlarla vəsaitin ayrılmasının əsasında da  ölkəmizə qarşı ikili standartlar dayanır. Bəzi dairələrin “azad ölkə adlandırdığı” işğalçı Ermənistanda intensivləşən vətəndaş itaətsizliyini, iqtidarın istefası tələbini görmək istəməyən, mitinq iştirakçılarına qarşı törədilən fiziki, mənəvi təzyiqləri “demokratik prinsiplərə” uyğun hesab edən ABŞ Dövlət Deapartamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının vəziyyəti haqqındakı hesabatında Azərbaycanla bağlı faktların təhrif olunması bu təşkilatın və hazırlanan sənədin obyektivliyini şübhə altına alır.

Artıq təsdiq olunmuş faktdır ki, ölkəmizdə beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ərəfədə, siyasi kampaniyalar zamanı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Soros Fondu, dövlət büdcəsindən maliyyələşdirilən NED, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycana qarşı təxribatlar törətmək, “qara piar layihələrini” reallaşdırmaq üçün xeyli vəsait sərf edirlər. Dünya ictimaiyyətinin maraqla izlədiyi, Azərbaycanda yüksək səviyyədə keçirilən birinci Avropa Oyunları, Formula-1 yarışması, İslam Həmrəyliyi Oyunları ilə bağlı səslənən xoş sözlərdən qıcıqlanaraq obyektiv şəraitdə, seçici mütəşəkkilliyi, vətəndaş həmrəyliyi, demokratiyanın tələblərinə uyğun keçirilən siyasi kampaniyalara qeyri-obyektiv yanaşma artıq heç kimi təəccübləndirmir. Ötən illərdə də “People in Need”, həmçinin Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan “Human Rights Watch”, Danimarkanın “İnternational Media Support”, “Article XlX”, Sərhədsiz Reportyorlar kimi təşkilatları  təxribat kampaniyalarına cəlb edən ermənipərəst dairələrin məqsədi “siyasi məhbus” kimi təqdim olunan şəxslərin guya “hüquqlarını müdafiə etməklə” Azərbaycanla bağlı mənfi imic formalaşdırmaq, hakimiyyətdə təmsil olunan şəxslər haqqında qarayaxma kampaniyası təşkil etmək idi. Xüsusi olaraq qeyd edilməlidir ki, bütün bu kampaniyalar bir çətir altında birləşdirilir və mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Qərbin korrupsiya bataqlığında “yuyulan şəffaflığı” görməyən həmin dairələrin ölkəmizdə “milçəkdən fil düzəltmək istedadları” artıq ifşa olunmuşdur.

AŞPA-da Azərbaycanla bağlı “korrupsiya”, olmayan “siyasi məhbus” məsələlərinin gündəmə gətirilməsi Azərbaycana qarşı ikili standartların hələ də təzyiq vasitəsi kimi istifadə olunduğunu göstərir.

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması, ölkəmizin Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı konvensiya”larına qoşulması respublikamızdakı mövcud şəffaflığın göstəricisidir. Korrupsiyaya qarşı mübarizənin kampaniya xarakteri daşımayacağını, davamlı proses kimi daim diqqətdə saxlanılacağını bəyan edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda bu sahədə də bütün işlər ən yüksək səviyyədə aparılmalıdır: “Bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələdir. Bu mübarizədə yaxşı nəticələr, uğurlar vardır. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin işi yüksək qiymətləndirilməlidir. Əminəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bu bəla Azərbaycandan tamamilə silinməlidir, olmamalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır.” “Elektron hökumət” sisteminin təkmilləşdirilməsi, Azərbaycan brendi olan “ASAN xidmət”in yaradılması korrupsiyaya qarşı mübarizədə yenilik və təbliğ olunan təcrübədir. BMT tərəfindən korrupsiyaya qarşı mübarizədə ən müasir metod kimi dəstəklənən “ASAN xidmət”in Azərbaycan brendi olması da ölkəmizlə bağlı söylənilən iddiaların əsassızlığını sübut edir. Şəffaflıq indeksinə görə isə Azərbaycan dünya miqyasında ön sıradadır.  “Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, korrupsiya sosial ədaləti pozan bir amildir. Məmur- vətəndaş münasibətlərində şəffaflığın təminatı üçün yaradılan “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsi Prezident İlham Əliyevin “ Dövlət siyasətimizin əsasında insan amili dayanır” tövsiyəsinin real həyatda əksinin təsdiqidir.

Əksinə öz gözlərində tiri görməyib başqasının gözündə tük axtaran Qərb ölkələrində korrupsiya çiçəklənmə dövrünü yaşayır. ABŞ-da isə korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəla hesab olunur. Amerikalıların 80 faizi hesab edir ki, ABŞ hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb. Bu gün Azərbaycana əsası olmayan böhtanlarla təsir etmək istəyən ölkələrin  xarici siyasətində ədalətsizlik və subyektivizm, islamofobiya, miqrantlara qarşı qeyri-insani münasibət, orqan və silah alverinin üstünlük təşkil etməsi nəinki, demokratiyaya, hətta insanlıq qanunlarına belə ziddir. İllərdən bəri Şərq ölkələrində davam edən, milyonlarla müsəlmanın qətli ilə nəticələnən müharibələr, xarabaya çevrilən şəhər və kəndlər, qiymətli tarixi əşyaların oğurlanmas “korrupsiyaya qarşı mübarizə aparan” Qərb dövlətlərinə milyardlar qazandırıb.

Bəzən liderlik iştahasında olan güclər müstəmləkəçilik siyasətlərini “demokratik dəyərlər” pərdəsi altında gizlətməyə çalışsalar da, artıq bir həqiqət var ki, beynəlxalq münasibətlərdə Qərb liberal ideyalar daşıyıcısı deyil. Müharibə və qarşıdurmalar yalnız silah alveri ilə məşğul olan və özləri üçün əlverişli bazar axtaranlara sərf edə bilər. Avropa polisinin jandarm siyasətindən əziyyət çəkənlər də yenə Qərbin bilərəkdən Şərq ölkələrində alovlandırdığı münaqişələr nəticəsində yaranan, bir çox hallarda transmilli cinayətlərin, orqan mafiyalarının qurbanlarına çevrilən miqrantlardır.

Avropa İttifaqının antikorrupsiya agentliyinin (OLAF) apardığı təhqiqatın nəticələrinə görə, Aİ ölkələri hər il korrupsiyaya görə 323 milyard avro itirir ki, bu da təşkilatın 2014-2020-ci illəri əhatə edən 7 illik büdcəsinin üçdə birini təşkil edir. Bu, yalnız aysberqin görünən tərəfi, başlanğıcdır. Ekspertlərin açıqlamalarına görə, korrupsiya artıq bütün Avropa ölkələrinin xarakterik xüsusiyyətinə çevrilir. Cenevrədə keçirilən BMT-nin Baş Assambleyasının İnsan Hüquqları üzrə Universal Dövrü İcmal Qrupunun iclasının Almaniyada insan hüquqlarının pozulmasına dair hesabatında da qeyd olunduğu kimi, qitənin ən böyük dövlətlərindən sayılan bu ölkədə irqi ayrı-seçkiliklə mübarizə strategiyası yoxdur. Miqrantların və onların ailə üzvlərinin hüquqlarını qoruyan beynəlxalq konvensiya ratifikasiya olunmayıb. Müsəlman və türk mühacirləri irqi ayrı-seçkilikdən daha çox əziyyət çəkirlər. Polisin özünün törətdiyi cinayətlər çox vaxt cəzasız qalır. Polis idarələrində zorakılıqla üzləşən insanların sayı artıb. Bu kimi hallar korrupsiya üçün münbit şərait yaradır. Vəzifədə olarkən korrupsiyaya yol verməkdə ittiham olunan Almaniyanın sabiq prezidenti K. Vulf ilə bağlı məhkəmədə açıqlanan faktların hər biri iri tutumlu korrupsiya hallarının Avropada daha geniş yayıldığını göstərir. Birinci Avropa Oyunlarına sərf olunan vəsaitlə bağlı əsassız ittihamlar irəli sürənlərə xatırladaq ki,  Almaniyanın Biber şəhərində “Siçanlar üçün körpü” ilə bağlı vəsaitdən 470 min avro mənimsənilib. Ötən illərdə ABŞ-da qaradərililərə, Avropa ölkələrində müsəlmanlara qarşı göstərilən qeyri-insani hərəkətlər, dinc əhaliyə qarşı Hollandiyada itlərin hücumunun təşkili qərb və avropasayaq “insan hüquqlarının qorunmasıdır.”

Amma tolerantlığı əsrlərdən bəri qoruyub saxlayan Azərbaycanda multikulturalizm dəyərlərinə hörmət və sadiqlik əsl insani keyfiyyətlərdir. Siyasətini beynəlxalq hüquqa deyil, əksər hallarda güc prinsipinə əsasən formalaşdıran Qərb, Avropa təşkilatlarının milli dəyərlərə, suverenliyimizə zərbə olan , ikili standartlardan qaynaqlanan ədalətsiz mövqeyinə qarşı qətiyyəti ilə cavab verən cənab İlham Əliyevin siyasi iradəsi, xalqın dəstəklədiyi,  düşünülmüş daxili və xarici siyasətimizə sadiqlik bütün təzyiq və təhdidlərə qarşı keçilməz səddir. Fəaliyyətini tabeçilik, diktat və “böyük-kiçik”, “ögey-doğma” prinsipləri, sivilizasiyaların toqquşması ideologiyası üzərində quran Qərb strukturlarına xalq- iqtidar birliyi ilə cavab verən Azərbaycan dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini, cəmiyyətin layiqli inkişafını təmin etmək qüdrətində, bacarığındadır.

Ona görə də Avropa Parlamentinin, AŞPA-nın, ABŞ Dövlət Departamentinin, OCCRP şəbəkəsinin əsassız olaraq qəbul etdikləri qətnamələr Azərbaycan həqiqətləri ilə müqayisədə, böhtan, ədalətsizlik və əhəmiyyətsiz kağız parçalarıdır. Siyasi kampaniyaların gedişində ənənəvi çirkin simasını Azərbaycanla bağlı qəbul etdiyi qətnaməsi ilə bildirən təsisatların böhtanları Azərbaycan xalqının ümumi rəyinə təsir etmir və edə bilməz.

Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın tolerantlıq təcrübəsi, alternativi olmayan multikulturalizm sahəsində qazandığı nailiyyətlər nümunə, örnək, normal həyat tərzidir. Bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı ədalətsiz mövqeyi ilə barışmayacağını bildirən cənab İlham Əliyevin inteqrasiya ilə bağlı mövqeyi, siyasi iradəsi qətiyyətli və birmənalıdır: “ Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq...Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamofobiya, paxıllıq, bədniyyət...Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir. Ona görə, yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi.”

Doğrudan da Avropa dəyərlərinin dəyərdən düşdüyü, dini, irqi ayrı-seçkiliyin tüğyan etdiyi, insan hüquqlarının “dəyənəklə qorunduğu” qitə dövlətlərinin həqiqi siması müsəlman mühacirlərə münasibətdə açıq-aşkar aydın oldu. İndiki zamanda kimlərinsə qarşısında və yaxud yanında olmağı dəqiqləşdirmək üçün ciddi düşünmək, liderlik fəlsəfəsini incəliklərinə qədər təhlil etmək, hadisələrdən nəticə çıxarmaq üçün siyasi iradə, qətiyyət, xalqın gələcəyi naminə fədakarlıq tələb olunur. Artıq hər kəsə bəllidir ki, taleyini zamanın siyasi axarına buraxan, kimlərinsə dirijor çubuğu ilə idarə olunmağa üstünlük verən xalqların varlığı belə şübhə altındadır. Hüquqi dövlət kimi yolunu müstəqilliyinin ilk günlərindən müəyyənləşdirən Azərbaycan xalqının gələcəyi üçün isə heç bir narahatçılıq yoxdur. Çünki geosiyasi əhəmiyyətinə görə maraq dairəsində olan, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı Azərbaycanın taleyi etibarlı əllərdədir.

Xuraman İsmayılqızı, “İki sahil”