07 iyun 2023 17:11
1320

Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı statusunu daha da möhkəmləndirib

Anar Məmmədov,

Milli Məclisin deputatı

Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Yəni Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Bunu tərəfdaşlıq etdiyimiz böyük ölkələr də bölüşür. Əsas strateji məqamlardan biri də budur ki, Azərbaycanın praqmatik enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir.  

Məlum olduğu kimi, 1994-cü ildən etibarən “Xəzər neft və qaz” sərgisi keçirilir. “Xəzər neft və qaz” sərgisinin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bəri “Xəzər neft və qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb. Sərgi yarandığı ilk günlərdən respublika rəhbərliyinin ciddi diqqəti altındadır. Belə ki, hər il Prezident İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusunu bir daha təsdiqləyir.

Ötən həftə Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə - Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil&Gas və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgilərinə ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak və çıxış etdi. Dövlətimizin başçısı çıxışında “Əsrin müqaviləsi” haqqında danışaraq bildirdi ki, “Əsrin müqaviləsi”-nin imzalanması ölkəmizdə vəziyyəti təmamilə dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.

Prezident İlham Əliyev öz çıxışında Cənub Qaz Dəhlizinin böyük önəm daşıdığını qeyd etdi. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi 2020-ci ilin dekabr ayının 31-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə tamamlandı. Bu nəhəng layihənin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Bu gün dünyada, o cümlədən Avropada əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Beləliklə, Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı statusunu daha da möhkəmləndirib.

Və ənənəvi “Xəzər Neft və Qaz” sərgisi əvvəlki illərdə olduğu kim, bu dəfə də uzun illər uğur qazandıqları üçün sərgiyə ABŞ, Böyük Britaniya və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndərmələri dünya liderlərinin Prezident İlham Əliyevin şəxsinə olan hörmətdən irəli gəlir. Çünki bu gün cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycan dünyada çəkisi və rolu artan bir ölkəyə çevrilib. Ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirdi, bölgədə yaratdığı yeni reallıqlarla dünya siyasətinə təsir imkanlarını artırdı. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istər multikultural dəyərlərin inkişafı, istərsə də iqtisadi tərəqqi baxımından yeni model təqdim edir.

Azərbaycanın qitədə enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkəsərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Məhz eləbuna görədir ki, dünyanın hətta ən qüdrətli dövlətləri belə enerji sahəsində Azərbaycanlaəməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan, sözün əsl mənasında, qürur hissikeçirdiklərini də açıq bildirirlər.