09 iyun 2023 00:11
656

Maraqlı dizaynı ilə seçilən otellər

Artıq yay mövsümü gəlib. Bir çox insanlar dincəlmək üçün müxtəlif xarici ölkələrə üz tuturlar.  Bu gün dünyanın ən qeyri-adi otelləri haqqında topladığımız məlumatları təqdim edirik.

“Bürc-Əl-Ərəb” (Dubay)

Dubayda yerləşən Bürc-əl-Ərəb oteli  öz hündürlüyü və qeyri-adi memarlığı ilə seçilir.  Bu otel dünyanın ən hündür oteli hesab edilir və görünüşcə  kosmik obyekti və ya yelkəni xatırladır. Qeyd edək ki, otel 22 karatlıq xalis qızılla bəzədilib.

“Dənizaltı” (Maldiv adaları)

Dəniz altında yerləşən  qeyri-adi otellərdən biri də Hind okeanındakı Maldiv adalarında tikilib.  Hər il yüzlərlə turist bu möhtəşəm otelin ecazkar sualtı mənzərəsinə görə bura axın edir.

Ağacın üzərində otel (İsveç)

İsveçin paytaxtı Stokholm ətrafında Xarads adlanan ərazidə "Tham + Videgard Hansson Arkitekter" studiyasının memarları tərəfindən ağac budaqları üzərində kiçik otelin layihəsi hazırlanıb. Otelin konstruksiyası alüminium materialdan olmaqla ağacın gövdəsi üstündə yerləşdirilib. Otelin fasadı isə işığı əks etdirən şüşədəndir.

“Dəniz qalası” (İngiltərə)

İngiltərənin cənubundakı “Wight” adasından təqribən bir kilometr uzaqlıqda yerləşən XIX əsr dəniz qalası bu gün dünyanın ən qəribə mehmanxanalarından biri kimi xidmət edir. Vaxtilə fransızların edə biləcəkləri hücumlara nəzarət etmək üçün tikilən 7 hektarlıq qala, bu gün istifadəçilərin “kite sörf”, “jet ski” və “kano” ilə gözəl vaxt keçirə biləcəkləri bir otel olaraq istifadə edilir. 200 nəfərlik oteldə iki gecəlik paket adambaşına təqribən 535 dollardır. Bu  məbləğə  qarşılama, yemək, içki və bütün xidmətlər daxildir.

“Anadolu evləri”- Türkiyə

Dünyanın növbəti maraqlı oteli Türkiyədə, daha doğrusu onun məşhur bölgəsi Kapadokyada “Anadolu evləri oteli” adlanır. Otel otaqları beş mağaranın içərisində tikilib. Onlar  bir-birinin ardınca yerləşir.  Bu otel öz  bahalı dizaynlı mebeli, ən son avadanlıq, əlavə olaraq əla xidmət və bizə tanış olan türk xidmətləri ilə seçilməkdədir.  Burada, həmçinin  şərab anbarı,  hamam, müxtəlif hovuzlar və  spa mərkəzi mövcuddur. Otelin ərazisi ətrafında qədim mağara yaşayış məntəqələri, kilsələr, yeraltı şəhərlər də var.

“Marina bay sands” (Sinqapur)

6 il əvvəl açılmış Sinqapur oteli "Marina bay sands" dərhal hər kəsin marağına səbəb oldu. Bu otel əlli beş mərtəbə və  iki yüz metrlik qüllələrdən  ibarətdir. Həmin  qüllələrin üstündə nəhəng qondol terrası, üzgüçülük hovuzları var. Otel əsasən  kənarları görünməyən yüz əlli metrlik açıq hovuzu ilə məşhurdur.  Bu hovuza girərkən özünü uçurumun kənarında hiss edəcəksiniz. Bundan əlavə, oteldə baxış platformaları, mağazalar, kazinolar, barlar və restoranlar da var.

Buzdan otel (İsveç)

Qeyri-adiliyi ilə seçilən bu buzdan olan otel İsveçdə yerləşir.  "Icehotel" adlanan bu məkan buzdan qurulduğu üçün  hər il yenidən tikilir.  Onun sahəsi beş min beş sotdur. Bu otel dekabrdan aprelin sonuna qədər işləyir.   Burada vaxt keçirmək istəsəniz   çoxlu müraciət edənlər olduğu üçün otaqları əvvəlcədən bron etməyi tövsiyə edirik.  Çox maraqlıdır ki, hər otaqda mebel və heykəllər tamamilə buzdan hazırlanıb və onlardakı temperatur mənfi beş dərəcədir. Oteldə ibadətgah, buz barı və sauna var, səhərlər hər kəsə isti içkilər verilir.

“Crane” (Niderland)

Niderlandın məşhur  “Yay”şirkəti qeyri-adi bir layihəyə imza atmışdır. Məşhur şirkət   köhnə, istifadəyə yararlı olmayan bir qaldırıcı kranı otelə çevirmişdir. Beşulduzlu “ Crane” adlı bu oteldə siz  Amsterdamın möhtəşəm mənzərəsini seyr edə bilərsiniz. Çox maraqlıdır ki,  kranı idarə edən qutu isə toxunulmaz qalmışdır. Burada siz operatorun maraqlı səs yazılarını dinləyə bilərsiniz. Otelin ən yüksək mərtəbəsində isə eyniadlı klub fəaliyyət göstərir. Burada dünyanın  ən məşhur dj-ləri, müğənniləri müxtəlif şou proqramlar sərgiləyirlər. Bu otelə  Amsterdam Mərkəzi Stansiyasından 14 dəqiqəlik qatarla getmək olar. Burada iki nəfərlik  otaqda bir gecə qalmaq təxminən 450 avroya  başa gəlir.

“Giraffe Manor” (Keniya)

Afrikanın Safari kolleksiyası tərəfindən inşa edilmiş zürafə malikanəsi oteli “Instagram”da ən çox paylaşılan otellərdən biridir. 12 otaqdan ibarət bu malikanəyə gəldikdə burada olan işçilər sizə zürafələri düzgün yemləmək qaydalarını öyrədir, çünki zürafələr hər an  yeməyinizə şərik çıxa bilər. Bu otelin yaranma tarixi isə 1930-cu illərə gedib çıxır. O illərdə bu ərazidə inşa olunmuş binaların pəncərələrindən zürafələr başlarını tez-tez içəri salarlarmış. Bunu görən sahibkar isə buranı otelə çevirmişdir.Çox maraqlıdır ki, burada  hər bir otel nömrəsində zürafə yemi mövcuddur.

“Fantasyland” (Kanada)

Təkcə bir məkana getməklə özünüzü müxtəlif məkanlardakı kimi hiss etmək artıq mümkündür. Demək olar ki, Kanadada yerləşən “Fantasyland” otelində butün arzularınızı yerinə yetirə bilərsiniz. Alış-veriş mərkəzində yerləşən bu otel sizə 120 müxtəlif  otaqlar təklif edir. Seçimlər arasında kosmik gəmi, yanacaqdoldurma məntəqəsi, Polineziya, Roma, Ərəbistan səhrası və həbsxana kamerasına bənzəyən otaqlar var. Burada, həmçinin su parkı, miniatür golf və boulinq salonu da var.

“Helga’s Folly” (Şri Lanka)

Əgər normal, gözəl dizayn olunmuş bir otel axtarırsınızsa bu otel sizin üçün deyil. Dünyanın ən qəribə dizayna sahib olan otellərindən biri olan bu otel Şri Lankanın Kandy şəhərində yerləşir. 40 otaq bir-birinə dar kolidorlarla bağlanmış,pilləkanlar isə sanki qorxulu  filmlərdən çıxıb. Otaqlar başdan-başa qeyri-adi  əl işləri, skletlər, şamlarla bəzədilmişdir. Burada özünüzü Tim Burton filmlərindəki kimi hiss edəcəksiniz. Gecə qalmağı düşünmürsünüzsə, mütləq şam yeməyi üçün oraya gedin.

Duzdan otel (Boliviya)

Duzdan otel görmək istəyirsinizsə onda mütləq  Boliviyaya gedin. Buradakı  “Palacio de Sal” adlı otel tamamilə duzdan inşa olunmuşdur. Qeyri-adi otelin divarları, tavanı,içərisindəki dekorasiyalar, hətta  mebellərinin əksəriyyəti  yataqlar da daxil olmaqla böyük duz kərpiclərindən hazırlanmışdır. Döşəmələr isə qalın, xırtıldayan bir təbəqə ilə örtülmüşdür. Məhz bu səbəbdən otel hər 10-15 ildən bir yenilənmək məcburiyyətindədir, çünki yağış suları bu duz kərpicləri zamanla yuyub aparır. 4000 m-ə yaxın yüksəklikdə yerləşən bu otel, həmçinin spa, planetin ən böyük duz mədəni olan “Salar de Uyuni”yə turlar da təşkil edir.

Samirə Tağıyeva, “İki sahil”