09 iyun 2023 19:13
384

Ağ Ev: Rusiya yüzlərlə İran PUA-sı alır, onları istehsal etməyi planlaşdırır

“İran Moskvaya Rusiyada dron zavodu tikməkdə kömək edir”.

“İki sahil” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

Con Kirbi bildirib ki, İran iki ölkə arasında dərinləşən hərbi tərəfdaşlığın bir hissəsi olan və gələn il istifadəyə verilə biləcək pilotsuz uçuş aparat istehsalı zavodunun tikintisinə Moskvaya kömək etmək üçün Rusiyaya materiallar göndərir: “Bu zavod gələn ilin əvvəlində tam istifadəyə verilə bilər”.

O, Tehranın Moskvanın Ukraynadakı müharibəsi üçün keçən ay Rusiyaya yüzlərlə PUA verdiyini deyib.

İran və Rusiya arasında artan müdafiə əlaqələrinə dair xəbərdarlıq edən Kirbi Rusiyanın Tatarıstan Respublikasındakı Alabuqa xüsusi iqtisadi zonasında pilotsuz təyyarələr istehsal edən zavodun planlaşdırılan yerinin peyk fotosunu da yayımlayıb. Ağ Ev rəsmisi həmçinin İran istehsalı olan dronların Rusiyaya necə daşındığını təsvir edərək marşrutu göstərmək üçün qrafik yayımlayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi vurğulayıb ki, pilotsuz təyyarələr Xəzər dənizi vasitəsilə İranın Əmirabad şəhərindən Mahaçqalaya göndərilir və daha sonra Rusiya qüvvələri tərəfindən Ukraynaya qarşı əməliyyatda istifadə olunur.