15 iyun 2023 09:00
614

Əbədi müstəqillik yolu

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur

Hər bir tarixi gün, bayram keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. Həmçinin bu önəmli günlər dünənimizə baxış əsasında gələcək hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın həyatında mühüm rol oynayan, müstəqilliyimizin başlanğıc tarixi olan 15 İyun-Milli Qurtuluş Gününün 30 illiyini qeyd edirik.

Dövlət başçısı  İlham Əliyevin fikirlərinə istinad edək:  «Tarixçilər və politoloqlar bəzən belə bir sual verirlər: niyə 1993-cü ildə hakimiyyətə məhz Heydər Əliyev  gəldi? Axı o zaman ilk baxışda hər şey onun əleyhinə idi. O, hadisələrin  episentrində, daha doğrusu, Bakıda deyil, öz doğma Naxçıvanında idi.  Onun gələcək siyasi dayağı- Yeni Azərbaycan Partiyası hələlik ilk addımlarını atırdı. Partiya liderinin kütlə arasında böyük populyarlığına baxmayaraq, YAP Heydər Əliyevin paytaxta gəlişinə qədər özünü real siyasi qüvvə kimi göstərə bilmirdi. Məsələ burasındadır ki, Heydər Əliyevin heç kimlə müqayisəolunmayacaq  dərəcədə  böyük siyasi mübarizə təcrübəsi vardı.»

Cənab İlham Əliyev, həmçinin həmin dövrün xarateristikasını belə təqdim edir: «İki ildən də artıq bir  müddət ərzində ölkəni konkret hakimiyyət deyil, xaos idarə etmişdi. Azərbaycanda  sovet sistemindən demokratik sistemə asan keçid baş tutmamışdı. Adamlar hərc-mərclikdən, vəziyyətin qeyri-müəyyənliyindən cana doymuşdular.  Təbii ki,  cəmiyyətdə güclü, bacarıqlı liderə, «dəmir əl»ə ehtiyac yaranmışdı. Bu rol hamıdan çox Heydər Əliyevin boyuna biçilmişdi. O, Ə.Vəzirovdan, A.Mütəllibovdan və Ə.Elçibəydən özünün güclü və qətiyyətli xarakteri ilə, yüksək vətəndaşlıq məsuliyyəti hissi ilə, bütün ehtiyatları, öz iradəsinin qeyri- adi qüvvəsini bir yumruğa yığmaq bacarığı ilə seçilirdi.»

XX əsrin  sonu doğrudan da Azərbaycan dövlətinin,  xalqının həyatında  taleyüklü bir dövr idi. Bu reallığı da xüsusi qeyd etməliyik ki, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdı. Ümummilli Lider  1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdi. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdı. Əgər Ulu Öndər  Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

Müstəqilliyimizin bərpasının  ilk illərində Azərbaycanda yaşanan acınacaqlı mənzərə aydındır. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-cü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər,  ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması  ölkənin daxilində qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. 1991-ci ildən 1993-cü ilin iyununa qədər  Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdi. Bu dövr iki mərhələyə bölünür. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. Bütün bu amillərdən, xüsusilə Şuşanın və Laçın rayonunun işğal altına düşməsindən istifadə edərək, - halbuki bu rayonların işğal altına düşməsində bilavasitə AXC-Müsavat qruplaşmasının rolu vardı, - bu qruplaşma hakimiyyəti qanunsuz olaraq zəbt etmişdi və birinci dövrün ikinci dəhşətli mərhələsi başlamışdı. 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi. Baxmayaraq ki, Ermənistan ilə qanlı döyüşlər gedirdi, AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhəri onlar tərəfindən bombalanmışdı, qardaş qanı axıdılmışdı və bunun nəticəsində biz daha da böyük itkilərlə üzləşdik. Paytaxtda yaranan xaosun davamı kimi Gəncədə baş verən hadisələr Azərbaycanın hərtərəfli məhv edilməsinə yönəldilmiş cinayət idi.  Gəncə qiyamı o dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi.  Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi.

İllər bir-birini əvəzlədikcə bu tarixi günün önəmi daha aydın dərk olunur. Müstəqilliyimizin bərpasının  ilk illərində biri-birindən mürəkkəb hadisələr burulğanında  çabalayan və   sabaha inamı itmiş xalq vəziyyətdən çıxmaq üçün yollar axtarırdı.  Əslində o dövr Azərbaycanda  hakimiyyətsizlik illəri kimi xatırlanır.  Prezident  İlham Əliyev daim çıxışlarında bildirir ki, Azərbaycan gəncləri o illərin çətinlikləri, həmçinin  Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yolu barədə aydın təsəvvürə, biliyə malik olmalıdırlar. Çıxışlarında «Mən bu tarixə nəyə görə qayıdıram» sualı ətrafında fikirlərini belə açıqlayır ki, gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlib çatmışıq.  Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik.

15 İyun Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsi kimi  dəyərləndirilir. Qurtuluşdan başlanan yol Azərbaycanın daha yüksək zirvələri fəth etməsini şərtləndirir. Tez-tez səsləndirilən   «Qurtuluş bizə nə verdi» sualına cavab Azərbaycanın bugünkü reallıqlarıdır.  1993-2003-cü illər tariximizdə dirçəliş, inkişaf dövrü, 2003-cü ildən sonrakı dövr isə Böyük Yolun davamı kimi yer tutur.  Dahi şəxsiyyət Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət  nəticəsində müstəqil  Azərbaycan xaos, anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik, inkişaf dövrünə qədəm qoydu.  Ulu Öndər Heydər Əliyev bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam  ictimai-siyasi mühit olmasa, heç bir  sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll  edilməsindən söhbət gedə bilməz.  Uğurlu, gələcəyə hesablanmış siyasət Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi.  Ümummilli Liderin  gərgin səyləri nəticəsində 1994-cü il  mayın 12-də Ermənistanla  atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini, eyni zamanda, digər sahələrdə uğurlu addımların atılmasını təmin etdi. Məhz həmin ilin sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi.  Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələri reallığa çevrildi. Onlarla neft və qaz sazişləri, Anlaşma memorandumları imzalandı.  Neft gəlirlərinin  idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə   Dövlət Neft Fondunun yaradılması da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir.

Ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılmasına yol açdı. Ümummilli Lider bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.  Dahi şəxsiyyətin ölkə iqtisadiyyatının inkişafında neft amilinə böyük dəyər verməsi də bugünümüzə hesablanmış inkişaf konsepsiyasının əsas tərkib hissələrindəndir. Məhz bu mühüm amilə söykənərək dövlət başçısı İlham Əliyev bildirir ki, neftlə zəngin çox ölkələr var. Amma heç də onların hamısında bu resurslar inkişafa, tərəqqiyə xidmət etmir. Əhali arasında təbəqələşmə prosesi sürətli hal alır. Amma Azərbaycanın öz neft strategiyasını,  inkişaf konsepsiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasını şərtləndirdi.  Neft gəlirlərinin ədalət prinsipinə uyğun olaraq bölgüsünün həyata keçirilməsi ölkəmizdə uğurlu sosial siyasətə geniş imkanlar açdı.  Ümummilli Lider, eyni zamanda, bildirirdi ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə etməklə yanaşı, həm də  istlahatlar aparmaq, bazar iqtisadiyyatı yolu ilə getmək, sərbəstlik vermək, torpağı kəndlilərə vermək, onları  torpağın sahibi etmək, mülkiyyət formasını dəyişmək lazımdır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən başlanan islahatlar hakimiyyətinin birinci dövründə gördüyü işlərin davamı idi.  Məhz o dövrdə həyata keçirilən islahatlara əsaslanaraq bildirilirdi ki,  yaradılmış iqtisadi potensial böyük sərvətimizdir. Bu sərvət Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir.

Bu ümumiləşdirməni apara bilərik ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl ölkələrindən birinə çevirdiyi kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla gerçəkləşdirməklə  özünün şah əsəri kimi dəyərləndirilən Azərbaycanı yüksəklərə qaldırdı, dünya birliyinin fəal üzvünə çevirdi.

Dahi şəxsiyyət Heydər Əliyev demokratiyanı   strateji kursun əsası kimi dəyərləndirərək bildirirdi ki, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqlara malik olması, siyasi plüralizm, mətbuat azadlığı,  beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan  Konstitusiyamızın ümumxalq səsverməsi yolu ilə qəbulu  Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu yoluna işıq saldı. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir.  Konstitusiyamızda bu maddə də öz əksini tapıb ki, hakimiyyətin yeganə mənbəyi xalqdır. Məhz xalqına güvənən, onların dəstəyinə arxalanan ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə bu günümüzün hədəflərinə yol açdı.

Demokratik inkişafa yönələn bu addımların ümumi ifadəsi Azərbaycanın 2001-ci ildə dünyanın ən nüfuzlu  beynəlxalq təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır. Ölkəmiz bu uğuru ilə bir daha təsdiqlədi ki, demokratik dəyərlərə  sözdə deyil, əməldə sadiqdir.   

Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğunu xüsusi qeyd etməliyik. Xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti, həmçinin dahi şəxsiyyətin bu müraciətə cavabı xalqın ümidinin yalnız ulu öndər Heydər Əliyevə olduğunu, Ulu Öndərin isə xalq, dövlət sevgisinin aydın mənzərəsini yaradır. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının çox keçmədən, 7 ay sonra iqtidar partiyası kimi fəaliyyət göstərməsi xalqın Ümummilli Liderə  sevgisini,  Yeni Azərbaycan Partiyasına inamını bir daha ortaya qoydu. Çox qısa zamanda milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası daim tutduğu yola sadiqliyi ilə nüfuzunu artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir.  Partiya ilk gündən adını qələbələr partiyası kimi tarixə yazdı. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP davamlı uğurları ilə Ulu Öndər Heydər Əliyevin böyük inam və qətiyyətlə söylədiyi, bu gününə böyük inamını ortaya qoyduğu «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» fikrini təsdiqləyir, gələcəyə daha böyük inamla addımlayır. Ümummilli Liderin bu inamının davamı olaraq dövlət başçısı, Yeni Azərbaycan Partiyası  Sədri İlham Əliyev belə bir əminliyi ifadə edir ki, YAP ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Azərbaycana hansı sahədən baxsaq böyük uğurların davamlılığını görərik.  Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi xarici siyasət kursu ölkəmizin diplomatik uğurlarının davamlılığında özünün aydın ifadəsini tapır.  Bu faktı da qeyd edək ki, Azərbaycanın diplomatik uğurlarında diasporumuzun rolu da inkaredilməzdir. Ulu öndər Heydər Əliyev  bir dövlətin xaricdəki varlığının təsdiqi kimi   Azərbaycan diasporunun birliyini, həmrəyliyini vacib amil kimi önə çəkirdi. Məhz onun təşəbbüsü ilə 2001-ci il  noyabrın 9-10-da Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultaydan öncə Ümummilli Liderin çağırışına uyğun olaraq dünyanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı. Onların vahid mərkəzdən idarə olunmasına xidmət edən Dünya Azərbaycanlılarının I Qurultayı  soydaşlarımızın bir araya gəlməsinə geniş yol açdı. Artıq  2001-ci ildən başlayaraq  hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi fonunda həmin ölkələrdə cərəyan edən proseslərə təsir imkanları artır.

2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq  Prezident seçilən cənab İlham Əliyev  andiçmə mərasimində  Azərbaycanın daha  qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Son 20 ilə yaxın dövrün reallıqları  bu vədin konkret əməli işdə təsdiqini tapdığını nümayiş etdirir. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz keçilən yolun aydın mənzərəsini yaradır.  Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider məcburi köçkünlərlə görüşlərində bu əminliyi ifadə etmişdir:“Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik.» Məhz bu əminlik onun 2003-cü ildə xalqa tarixi müraciətində özünün aydın ifadəsini tapmışdır. Ümummilli Lider cənab İlham Əliyevə Özü qədər inandığını, axıra çatdıra bilmədiyi işləri onun axıra çatdıracağını bildirmişdir. Təbii ki, görüləcək işərin əsasında ərazi bütövlüyümüzün təmin olunması dayanırdı. Bu gün qürurla qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev   torpaqlarımızın xilaskarı kimi adlarını çoxəsrlik tariximizə qızıl hərflərlə yazdılar.  Bu gün işğaldan azad edilmiş torpaqlarımız cənnət məkana çevrilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş torpaqlara tarixi səfərlərinin hər biri Ermənistana və ona havadarlıq edən dövlətlərə belə bir mesajdır ki, bu torpaqlar bizimdir və biz burada əbədi olacağıq.

Müstəqilliyimizin bərpasının başlanğıc tarixi olan 15 iyun 1993-cü ildən bizləri ayıran 30 illik zaman möhtəşəm uğurlara bələdçilik edərək yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amildir. Böyük qürur hissi ilə deyirik: Qalib Azərbaycan dövləti, yenilməz, məğrur, tarixin bütün sınaqlarından şərəflə çıxan, tarixinə sahib olan Azərbaycan xalqı, Zəfər dolu Milli Qurtuluş Gününüz mübarək! Tezliklə Milli Qurtuluş Gününü  Qərbi Azərbaycana qayıdışımızın sevinci ruhunda qeyd etmək arzusu ilə…

Yeganə Əliyeva, «İki sahil»