17 iyun 2023 10:14
541

Heydər Əliyev Mərkəzində Vyana Kamera Orkestrinin konserti keçirilib

Heydər Əliyev Mərkəzində dünya şöhrətli Vyana Kamera Orkestrinin konserti keçirilib.

“İki sahil” xəbər verir ki,  Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan gecə klassik musiqi sevənlər üçün əsl bayrama çevrilib.

Dünya mədəni məkanında ən yaxşı kamera orkestrlərindən biri olan Vyana Kamera Orkestri hələ 1946-cı ildə yaradılıb. Orkestrin yaradıcı aktivində görkəmli dirijorlar, solistlər və müğənnilərlə əməkdaşlıq var. Hələ 70-80-ci illərdən orkestrdə XVIII əsrə aid konsertləri dirijor rolunda solist olmaqla ifa etmək ənənəsi formalaşmışdı ki, bu da klassik əsərlərin ifasına xüsusi kolorit qatır və böyük peşəkarlıqdan xəbər verir. Kollektiv konsertlərini əsasən özünün daimi yaradıcı platforması olan "Vienna Musikverein" konsert zalında verir, həmçinin aktiv qastrol səfərlərinə çıxır və tez-tez beynəlxalq festivalların qonağı olaraq həm erkən dövrlərə aid məşhur bəstəkarların, həm də müasir müəlliflərin ən qeyri-adi, nadir və müstəsna əsərləri ifa edir.

Kolektivin Bakı səfəri Premier LTD tərəfindən təşkil olunub.

Gecədə Heydər Əliyev Mərkəzinin Auditorium zalının səhnəsində böyük Avstriya bəstəkarları, dünya musiqi tarixi və mədəniyyətinə böyük təsir göstərmiş Frans Yozef Haydn və Volfqanq Amadey Motsartın əsərləri səsləndirilib.

Maraqlıdır ki, konsertin solisti gənc azərbaycanlı fleyta ifaçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, beynəlxalq müsabiqələrin laueratı Nicat Məmmədov olub. "Altı yaşımdan etibarən fleyta ilə məşğul oluram və 24 il müddətində, təhsil dövrümdə, habelə müxtəlif müsabiqə, festival və səhnələrdə çıxışlarımda daima milli incəsənətimizi təbliğ etməyə çalışmışam. Lakin bu gecə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev Mərkəzinin səhnəsində dünya şöhrətli Vyana Kamera Orkestri ilə çıxış etmək mənim üçün böyük şərəf və fəxrdir. Bu konsertdə çıxış yaradıcı həyatımdakı ən parlaq çıxışlardan biri olacaq", - Nicat Məmmədov konsert öncəsi Trend-ə deyib.

Fleyta ən qədim nəfəsli və zərif musiqi alətlərindən biri olub klassik janrdan folklor və estrada janrınadək bütün janrlarda istifadə edilir. Konsert proqramının qonaqları bu musiqi alətinin ifasının gözəlliyi, dəqiqliyi və saflığından həzz aldılar. Nicat Məmmədov öz virtuoz ifası ilə fleytanın orkestrlə birgə ifasının xüsusiyyətlərini və gözəlliyini nümayiş etdirdi.

Konsert proqramı Vyana Kamera Orkestri üçün hazırlanmış xüsusi sürprizlə - böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arazbarı" əsəri ilə sona çatıb.

Tamaşaçılar ifaçıları gurultulu alqışlarla qarşılayaraq davamlı əl çalmaqla və çiçəklərlə valehedici gecəyə görə öz minnətdarlıqlarını bildiriblər.