17 iyun 2023 17:11
650

Parisdə Xocalı sıyqırımınına həsr olunan filmin nümayişi və kitabın təqdimatı olub

Fransanın paytaxtı Parisdə litvalı rejissor Andreas Brokasın Xocalı sıyqırımı mövzusunda lentə aldığı "Sonsuz dəhliz" sənədli filminin və fransalı vəkil Jan Emmanuel Medinanın Xocalı qırğını barədə yazdığı "Sivilizasiyaların toqquşmasından sonra panantropik yaxınlaşma" kitabının təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Ekran əsərinin nümayişi və nəşrin təqdimatı müasir Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Orxan Kərimov, diplomatlar, tanınmış fransız fotojurnalist Reza Deghati, filmin prodüsserləri, fransalı hüquqşünaslar, vəkillər, professorlar, jurnalistlər və digər şəxslər iştirak ediblər. Fransada Azərbaycanın Dostları Assosiasiyasənın İdarə Heyətinin üzvü Jerom Begən qonaqlara Birinci Qarabağ müharibəsi, bu müharibənin ən qanlı faciəsi Xocalı soyqırımı haqqında məlumat verib.

Filmdə 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis keçmiş Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. O, ermənilərin atəşi altındakı "sonsuz dəhliz"də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları-erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını gözü ilə görmüş insanların xatirələri əsasında qurulub.

Filmin prodüserləri Aleksandras Brokas və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşundur.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın "Xocalıya ədalət!" kampaniyası çərçivəsində lentə alınan film bir sıra mükafatlara, habelə, 2015-ci il Milan Beynəlxalq Film Festivalının "Ən yaxşı montaj olunmuş sənədli film" nominasiyasına, 2015-ci il Madrid Tenerife Beynəlxalq Film Festivalının "Ən yaxşı sənədli film" və digər mükafatlara layiq görülüb.

Film Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fransız dilinə dublyaj edilib. Məqsəd Xocalı faciəsinin daha geniş auditoriyaya çatdırmaq və müxtəlif fransızdilli ölkələrdə nümayiş etdirməkdir.

Filmin nümayişindən sonra fransalı vəkil Jan Emmanuel Medina "Kəpəz" nəşriyyatı tərəfindən nəşr olunan Xocalı soyqırımına həsr olunmuş "Sivilizasiyaların toqquşmasından sonra panantropik yaxınlaşma"adlı kitabının təqdimatı olub. Müəllif kitabı haqqında qonaqlara ətraflı məlumat verib.

O bildirib ki, uzun müddət fransalılar Xocalı soyqırımı ilə bağlı məlumatları xarici dillərdəki, o cümlədən ingilis dilindəki mənbələrdən əldə ediblər. Jan Emmanuel Medina Xocalı faciəsi kimi qanlı bir hadisə haqqında fransızların məlumatlandırılmasının vacibliyinə toxunub. Müəllif xüsusilə bir sıra xarici mənbələrdən fərqli olaraq Fransada Xocalı qətliamının səbəblərinin olduğu kimi, düzgün təhlil edilərək vətəndaşlara olduğu kimi çatdırılmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb. Vəkil bəzi xarici mənbələrdə göstərildiyi kimi bu qətliamın xristianların müsəlmanlara qarşı soyqırımı olmayıb, ölkənin suverenliyinə hücum zəmnində törədilmiş soyqırımı olduğunu qonaqların diqqətinə çatdırıb.

Tədbir zamanı qonaqlarla fikir mübadiləsi aparılıb, Diasporla İş üzrə Dövlət komitəsinin fəaliyyəti barədə geniş məlumat verilib.