19 iyun 2023 22:58
776

Ulu Öndərin həmişə canlı xatirəsi

Heydər Əliyevin unudulmaz xatirəsi hər bir azərbaycanlı üçün çox əzizdir. Onun Uca şəxsiyyətinin cazibəsi elə idi ki, hətta ötəri  də olsa, Onunla görüşən şəxs ömrü boyu həmin anı həyatının xoş xatirəsinə çevirirdi. Lakin Ulu Öndərin rəhbərliyi altında işləyən,  ünsiyyətdə olanlar üçün Onun parlaq xatirəsi daha canlı və əzizdir.

Xoşbəxtlikdən mənə də 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olaraq Ulu Öndərin dövlətçilik və azərbaycançılıq məktəbini keçmək, yaxından ünsiyyətdə olmaq nəsib oldu.

1992-ci ilin yazında qonşu Zəngəzur ərazisindən, Ermənistanın Sisian rayonundan  Şahbuz rayonunun Biçənək kəndinə gecə erməni təxribatçıları soxulub  bir ailənin üç üzvünü qətlə yetirmişdilər. Eyni zamanda, bu sərhəd kəndinə tez-tez top atəşləri edilirdi. Buna qədər də muxtar respublikanın sərhəd kəndlərinin topa tutulması nəticəsində Biçənək kəndinə də zərər dəymişdi və kənd əhalisi vahimə içərisində idi, hətta kəndi tərk edənlər var idi. Bir neçə sərhəd kəndinin seçiciləri tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş deputat kimi Ali Məclisin Sədri Heydər Əliyevin yanına gəlib vəziyyəti danışdım. Onun etimad etdiyi deputatlar arasında mən də var idim. Hadisə barəsində məlumatlı olmasına baxmayaraq  məni dinləyəndən sonra dedi ki, kəndə qayıdıb camaatın içində olum və deyim ki, Heydər Əliyev kəndə gələcək, camaatla görüşəcək. Həmin gün axşamüstü köməkçisinin müşayiəti ilə kəndə gəldi, yas yerinə gedib mərhumların yaxınlarına başsağlığı verdi, sonra kənd mərkəzində camaatla görüşdü. Öncə sakinlərin bir neçəsini dinlədi, sonra isə kəndin müdafiəsi və mühafizəsi üçün təcili lazımi tədbirlərin görüləcəyini bildirərək hər kəsi səbirli və dəyanətli olmağa çağırdı. Hamı Heydər Əliyevə xilaskar kimi, hər şeyə qadir qüvvə kimi baxırdı, onun özünə də, sözünə də güvənirdi.

Həmin gecə Şərur rayonunun Ermənistanla sərhəddəki mövqeyindəki yeganə tank təqribən 150 km məsafədən xüsusi maşınla Biçənək kəndinin Batabat ərazisindəki aşırıma qaldırıldı və oradan ermənilərin atəş nöqtələri olan kəndlərə top atəşləri edildi, bir neçə yerdə yanğınlar göründü. Bundan sonra Biçənək kəndinə bir daha top atəşi açılmadı, tank isə yenidən Şərur rayonundakı mövqeyinə aparıldı.

Naxçıvan Muxtar Respublikası Ermənistan tərəfindən blokadaya salındığına, Bakıdan da lazımi dəstək alınmadığına, hətta ciddi təzyiqlərin davam etdiyi şəraitdə Heydər Əliyev Təbrizdə nümayəndəlik açmaq və bu sətirlərin müəllifini də nümayəndə olaraq göndərmək niyyətində idi ki, həm gediş-gəliş İran ərazisindən asanlaşdırılsın, həm də Naxçıvan əhalisinin üzləşdiyi problemlər İranın Naxçıvandakı Baş Konsolluğunun inhisarından çıxarılsın. Azərbaycanla-İran arasında imzalanmış razılaşmaya uyğun olaraq İranın Naxçıvanda Baş Konsulluğunun dərhal açılıb fəaliyyətə keçdiyinə baxmayaraq, Bakıda Xalq Cəbhəsi hökuməti Təbrizə baş konsul təyin edilməsini təmin etmədi. Eyni zamanda, Təbrizdə Naxçıvan MR nümayəndəliyinin açılması məsələsinə  də xoş baxmadı.

1996-cı il fevralın 5-də məni İranın Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edərkən qəbul edəndə Ulu Öndər o zamankı  mənimlə söhbətini  xatırlatdı, gərəkən təlimatları verdi, yola salarkən də əlini çiynimə qoyaraq dedi: “O zaman kəndinizin problemini mənə danışdın, gəldim, bütün tədbirlər görüldü... İndi isə Biçənək kəndindən bir diplomat  təyin edirəm”. Yüksək etimadı üçün minnətdarlığımı bildirib bu etimada layiq olacağıma söz verdim.

Ulu Öndər ailəmi, uşaqlarımı da tanıyırdı, Cəlil Məmmədquluzadə adına  Naxçıvan Musiqili Teatrında keçirilən Şəhriyar gecəsində böyük şairin məşhur “Azərbaycan” şeirini yaxşı ifa etdiyinə görə məktəbli qızım Nigarı təqdir etmişdi. Biz də Onu minlərlə naxçıvanlı kimi ürəkdən sevirdik. Tehranda çalışdığım beş il ərzində dəfələrlə Ulu Öndəri müxtəlif səfərlərdə, görüşlərdə müşayiət edənlərin, ya heyətin arasında oldum, bəzi sualların mənə yönəltməsi Azərbaycanın Tehrandakı səfirini qıcıqlandırsa da bu, belə idi. Bir dəfə Ulu Öndər İrana səfərdən sonra Bakıya dönərkən general Vaqif Axundovdan həyat yoldaşımın təcili Bakıya – övladlarımızın yanına getməli olduğunu söyləyib Prezidentin təyyarəsində uçmasının mümkün olub-olmamasını soruşmuşdum. Ulu Öndər icazə vermişdi, hətta uçuş zamanı ümumi salona gəldiyində  ayrıca mənim həyat yoldaşımla maraqlanmış, görüşüb hal-əhval tutmuşdu.

Ölkəmizə, onun Prezidentinə qarşı İranda dərc edilən iftiralara qarşı kəskin mövqeyim, yerli mətbuat orqanlarında milli maraqlarımızı müdafiə edən yazılarım, çıxışlarıma görə  İranın müvafiq dairələri  əleyhimə müəyyən işlər aparmağa başlamışdılar və belə bir şəraitdə, 2001-ci ilin iyulunda tutduğum vəzifədən geri cağırıldım. Ulu Öndərin tapşırığı ilə bir neçə gün sonra Xarici İşlər Nazirliyində müşavir olaraq işləməyə başladım və 2002-ci il aprelin 18-də Ulu Öndərin Fərmanı ilə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edildim. Həmin gün məni qəbul edən Ulu Öndər İrandakı fəaliyyətimə dair suallar verdi, Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi zaman baş verən bəzi hadisələri xatırladı, İran-Əfqanıstan, İran-Pakistan münasibətlərinə dair fikirlərimi soruşdu və Pakistanın bizim ölkə üçün çox önəmli olduğunu vurğuladı. Ötən illər ərzində Pakistanın bir-birini əvəz edən Baş nazirləri Nəvaz Şərif, Benəzir Bhutto,  prezident Faruk Əhməd Xan Leqari və Pərviz Müşərrəflə göüşlərini yada saldı, fəaliyyətim zamanı keçmiş Prezident F.Ə.Leqariyə  diqqət göstərməyi, onunla görüşüb salamını yetirməyi tapşırdı.

Qeyd etməliyəm ki, Ulu Öndərin 1990-cı illərdə Pakistanın Prezidenti və Baş nazirləri ilə şəxsi dostluq münasibətləri yaranmışdı. 2001-ci ildə Prezident Heydər Əliyevin Pakistan İcra Hakimiyyətinin başçısı, general Pərviz Müşərrəflə Tehrandakı görüşü yaxşı yadımdadır. Dinc hərbi çevrilişlə hakimiyyətə gələn Pərviz Müşərrəf hələ prezident seçilməmişdi və dövlət başçıları onunla görüşməyə həvəsli deyildilər.  Pakistan rəhbərinin Azərbaycan Prezidenti ilə görüşmək arzusu Pakistan səfiri tərəfindən bizə bildiriləndə Ulu Öndər bu istəyi məmnunluqla qarşıladı və bu görüşün qarşıdakı səkkiz ildə münasibətlərimizin daha da inkişafında böyük rolu oldu.  Pakistan İslam Respublikası 1990-cı illərdə olduğu kimi, indi də  beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini qətiyyətlə dəstəkləyir, Ermənistan dövlətini isə rəsmən tanımamaq siyasətini davam etdirir. Bu mövqe xalqımızın 44 günlük Vətən müharibəsi zamanı Pakistanın qəti siyasi dəstəyi ilə nümayiş olundu. Pakistanın  Baş naziri Şahbaz Şərif  14-15 iyun 2023-cü il   tarixlərində ölkəmizə rəsmi səfəri zamanı Prezident İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bu münasibətləri belə dəyərləndirdi:” Pakistan və Azərbaycan qardaş xalqlardır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və qarşılıqlı etimad üzərində qurulub”. Ölkələrimiz arasında qarşılıqlı münasibətlərin bu günə qədər ancaq yüksələn xətlə davam etməsi və əməkdaşlığın bütün sahələri üzrə daha yüksək səviyyəyə qaldırılması bu sahədə Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə uğurla həyata keçirilməsinin nəticəsidir. İndi vəfatından iyirmi ilə yaxın bir müddət keçsə də Ulu Öndərin əziz xatirəsi mənim qəlbimdə, yaddaşımda hər zaman canlıdır. Hər gün, hər saat möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ölkəyə çevrilmiş ölkəmizin nailiyyətləri ilə qürur duyuram. Qazanılan hər bir zəfər Ulu Öndər Heydər Əliyev ideyalarının yeni təcəssümüdür.

Eynulla Mədətli,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir