21 iyun 2023 01:56
835

Tarixi faktlar iddiaların əksini deyir

Tarixi ərazimiz olan Zəngəzurun Azərbaycana qaytarılması Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi

«Ermənistan silahlı qüvvələrinin bölmələri Vedibasar rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub» kimi informasiyalar belə bir sual yaradır: Niyə məhz Naxçıvan.

Bəllidir ki, daşnakların Naxçıvanla bağlı ərazi iddiaları tarixin müxtəlif dönəmlərində gündəmə gətirilmiş, bu qədim Azərbaycan torpağının guya Ermənistana məxsus olması xülyası həqiqət kimi qələmə verilmiş, mənfur planlarının geniş mənada təbliği üçün batalyonlar, komitələr yaradılmışdır. Ən çox diqqət yetirilən məsələ isə Zəngəzuru Ermənistana birləşdirməklə Naxçıvanı Azərbaycandan ayırmaq olmuşdur. «Bəli, o vaxt ermənilər Naxçıvana iddia edirdilər. Naxçıvanı öz torpaqları kimi hesab edirdilər və Naxçıvanı Ermənistanın tərkibinə daxil etmək istəyirdilər» söyləyən Ulu Öndər Heydər Əliyev tarixi hadisələri ötən əsrin sonlarında baş verənləri təhlil etməklə dəyərləndirib. Bildirib ki, tarixi nöqteyi- nəzərdən çox ağır, gərgin bir dövrdə Zəngəzuru, Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi kimi qoruyub saxlamaq böyük cəsarət tələb edirdi.

Daşnakların Azərbaycan torpaqlarına, xüsusilə Naxçıvana ərazi iddiaları son dövrlərdə də aktuallaşıb. Ermənistanın daşnak ideologiyası ilə idarə olunan dövlət siyasətində təkcə Qarabağa deyil, Naxçıvana da sahiblənmək iddiası həmişə gündəmdə olub. Məqsədlərinə çatmaq üçün azərbaycanlılara qarşı soyqırımlar törətsələr də istədiklərinə nail ola bilməyən ermənilər niyyətlərindən də əl çəkməmişlər. Amma tarixi faktlar iddiaların qarşısında daim qırmızı xətdir.

…Rusiya-İran müharibəsi zamanı İrəvan və Naxçıvan xanlıqlarını işğal etmiş, bəzi əraziləri saxta yolla erməniləşdirməyə çalışan çar imperiyası Azərbaycan torpaqlarının bir hissəsini zorla Ermənistana birləşdirsə də daşnakların Naxçıvan iddiaları baş tutmamışdır. Həmin tarixi hadisələrin canlı şahidi, rus yazıçısı və diplomatı A.S.Qriboyedov məhz o illərdə Naxçıvanı «müsəlman ölkəsi» adlandırmışdır.

Ermənistanın birinci baş naziri olmuş O. Kaçaznuni 1923-cü ildə Naxçıvandakı vəhşiliklərini və uğursuzluqlarını etiraf edərək yazırdı: «Müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur olduq. Şərur və Naxçıvan kimi mühüm yerlərdə hətta silah gücünə öz hakimiyyətimizi qura bilmədik, məğlub olduq və geri çəkildik.» XIX yüzillikdə, XX əsrin əvvəllərində ermənilərin Naxçıvana yerləşdirilməsi prosesi davam etdirilsə də, qırğınlar törədilsə də yerli əhali əzmini itirməmiş, düşmənə layiq olduğu cavabı vermiş, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim ulu məskəni qorumuşlar. Ötən əsrin sonlarında Azərbaycana məxsus Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün «miatsum» hərəkatına başlayan ermənilərin «Qarabağı başlayan adam» adlandırdıqları və ideoloqları hesab etdikləri Zori Balayanın sərsəmləmələrini xatırladaq.

1993-cü ildə Latviyada çıxan «SM- Seqodnya» qəzetinin müxbiri A. Geronyanın «Dağlıq Qarabağ faciəsinin ideoloqlarından biri kimi həlak olanlar, qaçqınlar qarşısında özünüzü günahkar sayırsınızmı» sualını cavablandıran Zori Balayan «Mən bu işi başladığıma görə yox, xalqımı gec ayağa qaldırdığıma görə günahkaram. Görünür, məsələni Naxçıvandan başlamağa cəsarətim çatmadı.» Türk övladlarını divara mıxlayaraq bıcaqla doğrayan, onların neçə saniyə tab gətirəcəklərini vəhşicəsinə seyr edən həmin qaniçən 1998-ci il sentyabrın 27-də «Azq» qəzetində dərc etdirdiyi məqaləsində yazırdı ki, hərəkatın lap əvvəlindən onlar təkcə Dağlıq Qarabağ məsələsini qaldırmaqla səhvə yol veriblər. Gərək o vaxt Naxçıvan məsələsi də qaldırılaydı.

«Naxçıvan və Qarabağ-bir medalın iki üzü» adlı məqaləsində « Qarabağ hərəkatı bizi qətrə-qətrə kölə olmaqdan xilas etdi. Tarixi məğrurluğumuzu, tarixi qeyrətimizi qaytardı. Başlıcası isə bizi Naxçıvan haqqında düşünməyə məcbur etdi. O Naxçıvan ki, onsuz Ermənistanın gələcəyi yoxdur» sözləri ilə faşizm xislətini ortaya qoyan ermənilərin baş qaniçəni Balayan bilməli idi ki, Ermənistanın Naxçıvanla bağlı nəinki gələcəyi, keçmişi belə yoxdur.
 Azərbaycanın Şərqə açılan qapısı, tarixi İpək Yolunun üzərində yerləşən Odlar diyarı ilə bağlı iddialar «böyük Ermənistan» xülyasında olan daşnakların məğlubiyyəti ilə nəticələnib.

Azərbaycanın min illik tarixini əks etdirən daşüstü yazıları pozub erməniləşdirməklə, Azıx mağarasında «haylara» aid «tarixi mənbə» yerləşdirməklə dövlət yaradan daşnakların Naxçıvanla bağlı iddialarına ən tutarlı cavab Ulu Öndər Heydər Əliyevin bu sözləridir: «Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq.»

Ulu Öndər Heydər Əliyev Azərbaycanın ayrılmaz parçası olan Zəngəzurun Azərbaycana məxsusluğunun təsdiqi ilə bağlı müəyyən işlər görmüşdür. Ulu Öndər Heydər Əliyevin Sov.İKP.MK Siyasi Bürosunun üzvü olan zaman çəkilişinə başlanılan, uzaqgörən siyasətçinin inşasına dəstək göstərdiyi Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu Kremlə daha yaxın olan ermənilərin guya həmin ərazilərin çox sərt dağlıq relyefə malik olması bəhanəsi ilə dayandırılır. Amma Ulu Öndər Zəngəzur dəhlizi” adlanan yolun çəkilməsində çox maraqlı idi. Bu yolun çəkilməsi ilə bağlı Kremldəki müvafiq adamlarla danışıqlar da aparmışdı. Lakin həmin yol yalnız Mincivandan Nüvədiyə kimi inşa edilir.

«Dörd günlük Aprel müharibəsini və Tavuşdakı (?) hadisələri müqayisə edə bilməzsiniz. Əlbəttə ki, Tavuşda Silahlı Qüvvələrimiz ən yaxşı tərəflərini göstərdi və son dərəcə vacib bir məsələni (söhbət görəsən hansı məsələdən gedir?-Red.) həll etdi. Silahlı Qüvvələrimiz təbrik edilməlidir. Ancaq eyni şey 2018-ci ilin may-iyun aylarında Naxçıvan istiqamətində aparılmalı idi. Bu, zərurət idi» söyləyən, uşaq qatili kimi tanınan, Xocalı soyqırımının müəlliflərindən olan sabiq prezident Serj Sarkisyan sayıqlamasında Balayandan heç də geridə qalmamışdı.

2011-ci ildə erməni tələbələri ilə görüşündə gənclərin «Ağrı dağının nə zaman Ermənistana birləşdiriləcəyi» ilə bağlı sualını «Bu, sizin və sizin kimi gənc nəslin əlindədir» sözləri ilə cavablandıran Sarkisyanın nəzərdə tutduğu «qəhrəman» erməni gəncləri İkinci Qarabağ müharibəsində silahlarını atan, səngərlərini qorxaqcasına tərk edən dığalardır. Sarkisyanlar gənclərinə babaları Andronikin Naxçıvanda kəsilən qulağı barədə açıqlama verməyi unutmamalıdırlar.

44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun arsenalında olan PUA-larla göyə sovrulan daşnakların həmişə həsrətində olduqları Naxçıvanı müntəzəm atəşə tutmaları həsəddən yanan ürəklərinə su səpmələridir. O « qəhrəman erməni gənclərinin» idarə etdikləri «qüdrətli ordunun müasir silah -sursatları» Bakıdakı Hərbi Qənimətlər Parkında növbəti sınıq-salxaq «hərbi avadanlıqlarını» gözləyir.

Günnüt əməliyyatı zamanı Naxçıvandakı Ümumqoşun Əlahiddə Ordunun qüdrətini görən ermənilərin muxtar respublikanın müxtəlif ərazilərində yerləşən mövqelərimizi atəşə tutmasının məqsədi aydındır: Zəngəzur dəhlizinin açılmasına əngər olmaq. Lakin Zəngəzur dəhlizinin bərpası ilə bağlı Prezident İlham Əliyevin göstərdiyi qətiyyət, siyasi iradə və region dövlətləri arasındakı əməkdaşlığın genişləndirilməsi naminə atdığı inamlı addımlar ermənilərin təxribatlarından qat-qat güclüdür. «Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq» söyləyən Prezident İlham Əliyevin Zəngilanda olarkən söylədiyi «Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Birinci mərhələdə Ermənistan tərəfi müqavimət göstərsə də, indi özləri artıq buna razılaşıblar. Burada, əlbəttə ki, yumşaq desək, bizim rolumuz az deyil» sözlərindən də aydın olur ki, Ermənistanın Naxçıvanla bağlı sərsəmləmələri boş xəyaldır. Artıq Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığı kimi, Naxçıvanın da Ermənistana aidiyyəti ola bilməz. Ermənistan rəhbərliyi qüdrətli Azərbaycan qarşısında dayanacaq gücə, iradəyə, hüquqi və mənəvi haqqa malik deyil. Dırnaqarası «sərkərdələri» ilə bağlı mifləri də boşboğazlıqdır. «Onların sərkərdələri də qorxaqdırlar, fəraridirlər. Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan müharibə zamanı Qarabağa soxulmuşdular, orada idilər. Amma görəndə ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını qəhrəmancasına azad edir, qaçdılar gizləndilər. Soruşmaq lazımdır onlardan, oradan nəyə görə çıxdılar? Onlar Xankəndidə idilər, üçü də. Niyə qaçmısınız? Niyə gizlənmisiniz? Mən demişəm, bir daha deyirəm, o dəmir-dümürləri çıxarın, onları atın zibil yeşiyinə. Siz fərarisiniz, qorxaqsınız. Biz sizi məhv etmişik. Xocalı soyqırımında ən fəal rollardan birini oynayan keçmiş müdafiə naziri Şuşadan güclə canını qurtardı, son anda canını qurtardı. Dovşan kimi qaçmışdılar. Biz onları məhv etmişik. Onların dırnaqarası «qəhrəmanlarını», «Artsax», olmayan «Artsax» qəhrəmanlarını məhv etmişik» söyləyən Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, fərarilərdən, satqınlardan, cəlladlardan, qorxaqlardan ibarət erməni terrorçularının sərkərdələr diyarı Naxçıvanla bağlı iddiaları boşboğazlıqdır. Çünki gücümüz daha da artıb. Xalqımızın yenilməz iradəsi dəyilmədiyi kimi, dəmir yumruq da yerindədir. Türkiyə ilə Azərbaycan prezidentləri -Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin Bakı görüşlərindən daha da aqressivləşən, hər ki qardaş ölkənin Zəngəzur dəhlizi məsələsində ortaq maraqlarından qorxan Ermənistan Arazdəyəndə metallurgiya zavodunu inşa etməklə Azərbaycanla ABŞ və Böyük Britaniya arasında gərginlik yaratmağa çalışsa da bu məqsədinə nail ola bilməyəcək. Naxçıvandakı mövqelərimizi davamlı atəşə tutmaqla Ermənistanda lövbər salan Avropanın, xüsusilə Fransanın müşahidə missiyasında guya Azərbaycanın atəşkəsə əməl etmədiyi barədə təsəvvür yaratmaq kimi mənfur cəhdləri də baş tutan deyil. Qarabağ da, Naxçıvan da Azərbaycan torpağıdır!

Xuraman İsmayılqızı, «İki sahil»