22 iyun 2023 23:26
437

Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri müasir dövrün tələblərinə uyğun aparılır - Vüqar Bayramov

Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımların əhatə dairəsi günü-gündən genişlənir. Son 20 ildə əmək haqları, pensiyalar və müavinətllər dəfələrlə artırılmışdır. Pandemiya dövründə əhalinin sosial vəziyyətinin pisləşməsinin qarşısını almaq məqsədilə sosial paketlər icra olundu. Son 20 ildə keçmiş məcburi köçkünlər və qaçqınlar üçün 300 mindən çox mənzil tikilib, onların sosial vəziyyəti yaxşılaşdırılıb. Müharibənin başa çatdığı 2,5 il ərzində heç bir xarici dəstək olmadan Azərbaycan ermənilərin 30 ildə minaladıqları əraziləri minalardan təmizləyir və 10 min kvadrat km ərazidə geniş yenidən qurma və bərpa işləri aparılır. Ermənilərin dağıdaraq viran qoyduqları yaşayış məntəqələrimiz yenidən canlanır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılma prosesinə başlanılıb.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov «İki sahil»ə açıqlamasında bildirib.

Vüqar Bayramov qeyd edib ki, bu günədək Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə ümumilikdə 86 ailə - 420 nəfər köçürülüb.  İşğaldan azad olunan rayonlarımızda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Gələn ilin əvvəlindən etibarən Füzuli, Ağdam və digər rayonlarımızda minlərlə vətəndaşımızın öz doğma və tarixi torpaqlarına qayıtması reallaşacaq. Füzuli və Ağdam şəhərlərində inşa edilən birinci massiv yaşayış binalarının ilin sonunadək tam hazır olması gözlənilir. 2026-cı ilədək isə Qarabağ və Şərqi Zəngəzurda 150 mindən çox vətəndaşımız məskunlaşacaq. Xərclər istiqaməti üzrə prioritet sahələrin nəzərə alınması təqdirəlayiqdir. Yeni dəyişikliklərdən sonra Qarabağ və Şərqi Zənguzurun bərpasına 5 milyard 260 milyon manat vəsait ayrılacaq. 2021-2023-cü illərdə işğaldan azad olunan ərazilərimizin bərpasına ayrılan vəsaitin həcmi 11.7 milyard manatdan çoxdur. Bu isə məskunlaşma prosesini daha da tezləşdirəcək.

Deputat diqqətə çatdırıb ki, 2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, daha çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək. Belə ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artımı üçün əlavə 2 milyard 260 milyon manat nəzərdə tutulur. 2023-cü ildə bütövlükdə bu istiqamətə 5 milyard 260 milyon manat vəsait ayrılacaq. Bu, Böyük Qayıdış prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə və bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək.

Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi üçün 1 milyard 105 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitin 1.0 milyard manatı birbaşa xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə yönəldiləcək. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 70 milyon manat təşkil edəcək.

V.Bayramov əlavə edib ki, digər zəruri xərclər 973,4 milyon manat nəzərdə tutulur. Bura iqtisadi dəstək və digər iqtisadi fəaliyyət, dövlət borcuna xidmətlə bağlı xərclər, dəmir yolu, elektrik təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işlər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər,dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların büdcədənkənar xərclərinin artırılması, bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin Muxtar Respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi və digər zəruri dövlət xərclərin maliyyə təminatı daxildir.

V.Bayramov sonda bildirib ki, Naxçıvanda azad iqtisadi zona yaradılacaq. Azad iqtisadi zonanın yaradılması Azərbaycan Prezidentinin təsdiq etdiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Azad iqtisadi zonanın layihəsinin hazırlanmasına bu ildən başlanılacaq. Məqsəd ticarət və logistika imkanlarının genişləndirilməsi ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının sürətli inkişafını təmin etməkdir. Eyni zamanda, Naxçıvanın bütün ərazisi üçün gömrük rüsumu güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması da həyata keçiriləcək. Bu siyahıya Azərbaycanda istehsal edilən mallar daxil edilməyəcək. Proqram çərçivəsində Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu, o deməkdir ki, şəhərdə daha aşağı qiymətə məhsulların satışını həyata keçirəcək ticarət mərkəzi fəaliyyət göstərəcək. Proqrama əsasən, hava yolu ilə Naxçıvan Muxtar Respublikasına səfər edən  Azərbaycanın digər bölgələrindən olanlar üçün idxal gömrük ödənişləri üzrə güzəşt hədlərinin və şərtlərinin müəyyən edilməsi də həyata keçiriləcək.

Şəmsiyyə Əliqızı, «İki sahil»