25 iyun 2023 12:22
1524

Azərbaycan Pediatrlar Assosasiyasının 41-ci Milli Qurultayı keçirilib - FOTO

İyunun 22-də öz işinə başlayan Azərbaycan Pediatrlar Assosiasiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci Milli Qurultayının iyunun 25-də yekun toplantısı keçirilib.

Tədbirdə Beynəlxalq Pediatriya Assosiasiyası (IPA), Rusiya Pediatrlar İttifaqı, TƏBİB, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, digər səhiyyə təşkilatları və dövlət qurumlarından rəhbər şəxslər, Milli Məclisin deputatları, Azərbaycan, Türkiyə, Rusiya, eləcə də Avropa və Asiya ölkələrindən tanınmış səhiyyə işçiləri, elm xadimləri iştirak ediblər.

Qurultayın elmi proqramı pediatriyanın müxtəlif problemlərinə həsr olunmuş 15 elmi paneldən ibarətdir. 

Qurultay çərçivəsində konqreslərdə iştirak etmək üçün 350-yə yaxın pediatr qeydiyyatdan keçib.

Qurultayda ilkin olaraq Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Səhiyyə nazirinin müavini İlqar Qasımov açılış mərasimində qeyd edib ki, erkən uşaqlıq dövründə ortaya çıxan problemlərin aradan qaldırılması vacib məsələdir. Bu məsələdə əsas ağırlıq ölkələrin səhiyyə nazirlikləri və pediatrların üzərinə düşür: “İnanıram ki, panel tədbirlərdə müzakirə ediləcək məsələlər uşaqların sağlam böyüməsinə öz töhfəsini verəcək. Ona görə, tədbir iştirakçıları diskussiyalara açıq olmalıdır”.   

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, pediatrlar ailələrimizin dəyərli varlığı olan uşaqların sağlamlığına cavabdehlik daşıyan şəxslərdir: “Ayrı-ayrı təşkilatlar olsaq da ümimi məqsədimiz sağlam uşaq böyütməkdir. Çünki gələcək nəslimizin necə olacağı uşaqların sağlamlığından asılıdır. Dövlət uşaq siyasətinin də əsas məqsədi ölkədə sağlam uşaq böyütməkdən ibarətdir. Bu baxımdan uşaqların sağlamlığı dövlətin prioritet məsələlərindəndir. Bu sahədə təkmil qanunvericilik bazası var və qanunvericiliyimiz günü-gündən təkmilləşdirilir”.

Sədr müavini qeyd edib ki, ana və uşaqların sağlamlığı məsələsi də dövlətin nəzarətindədir: “Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır. Həmçinin vətəndaş cəmiyyətləri bu sahədə ciddi iş aparır. Valideynlərin maarifləndirilməsi kimi vacib iş görürlər. Yaxşı olardı ki, gələcəkdə valideynlər də belə tədbirlərə cəlb olunsun. Bu zaman müzakirələrin nəticəsi daha uğurlu ola bilər”.

Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib ki, uşaq sağlamlığı ölkəmiz üçün prioritet məsələdir: “Bu, nəsillərimizdən, milli-adət ənənələrimizdən gələn fəaliyyət növüdür. Uşaq sağlamlığı təkcə tibbi baxımdan deyil, həm də onların mənəvi baxımdan yetişməsi, milli dəyərlərə sədaqətli olmaları üçün vacibdir.Odur ki, uşaq sağlamlığının qarşısında durmaq həkimlərin vacib vəzifə borclarındandır. Məhz bu məcbur edir ki, yeni bliklərə nail olaq.”

Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə diqqətə çatdırıb ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti Azərbaycanda milli strategiyaya çevrilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğıdan da bəhs edən Təranə Tağızadə onun təşəbbüsü ilə bütün uşaqların, xüsusilə də həssas qrupa aid uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb.

 Təranə Tağızadə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci Milli Qurultayın əhəmiyyətindən söz  açıb: "Uşaqların sağlamlığına dair mövcud problemlərin aşkarlanması və bu problemlərin həll yollarını tapmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən pediatrlar arasında mədəni və elmi əlaqələri genişləndirmək, uşaqların sağlamlıq vəziyyətində baş verən dəyişikliklərin erkən aşkarlanması, onların gələcəkdə ağırlaşmasına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi pediatrların, neanatoloqların, uşaq nevroloqlarının, uşaq cərrahları və digər mütəxəssislərin qarşısında duran mühüm vəzifələrin gerçəkləşməsi baxımından mühüm  əhəmiyyət kəsb edir. Qurultayın keçirilməsində əsas məqsəd tibb elmi, xüsusilə də pediatriya və yan ixtisaslara dair yeni  naliyyətləri müzakirə etmək, əsasən də gənc nəsil həkimlərimizin inkişafına elmi-praktiki biliklərinin artırılmasına, eləcə də  həkimləri və tibb mütəxəssislərini pediatriyaya dair yeni tədqiqatlarla, innovasiyalarla tanış etmək, onların inkişafı ilə bərabər, xəstəliklərə, bütövlükdə tibbi xidmətə yanaşmanı təkmilləşdirmək, eləcə də tibbin bu sahəsinin inkişafına xidmət edən təşəbbüslərə dəstək verməkdir. Əminəm ki, bu möhtəşəm tədbir pediatriya sahəsində tanınmış görkəmli alim və həkimləri bir araya gətirəcək və nəticədə yeni layihələrin daha da səmərəli həyata keçirilməsinə stimul verəcək.”

T.Tağızadə qeyd edib ki, Azərbaycan Pediatrlar Assosiasiyası təsis edildiyi vaxtdan etibarən Azərbaycanda uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və pediatriyanın inkişafında fədakar xidmət göstərir. Ölkəmizdə pediatr həkimlərinin böyük tarixə dayanan peşəkar birliklərindən olan Azərbaycan Pediatrlar Assosiasiyası uşaqların sağlamlığının mühafizəsi istiqamətində dövlət siyasətini prioritet vəzifə kimi əsas tutaraq,  bu istiqamətdə məqsədyönlü fəaliyyətini həyata keçirir, xarici və beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirir, uşaq sağlamlığı ilə bağlı ixtisaslaşmış qurum və təşkilatların işindən bəhrələnir, onlarla təcrübə mübadiləsi edir.

Təranə Tağızadə bu sahədə xidmətlərə yeni yanaşmanın tətbiq edilməsinin zəruriliyinə də toxunaraq vurğulayıb ki, uşaqlara yardım göstərən, onların sağlamlığının keşiyində duran həkimlərin bilik və bacarıqları daim təkmilləşdirilməlidir.

Tədbir panel müzakirələri ilə davam edib. Müzakirələrdə "Tibbi xidmətin keyfiyyəti. Pediatrlar nə edə bilər?", Ana və uşaq sağlamlığının mühafizəsində dövlət siyasəti", " Azərbaycan Pediatrlar Assosiasiyasının səhiyyə sektorunda təcrübəsi: dünən, bu gün, sabah", "Nadir xəstəliklər və meonatal skrininq proqramları: beynəlxalq təcrübə" mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

4 gün davam edən qurultayın panel müzakirələrində TƏBİB-in tibbi yardım xidmətinin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva, Fərəcov adına ETPİ direktoru Lətif Zeyniyev, Fərəcov adına ETPİ baş həkimi Aynur Poluxova, Azərbaycan Uşaq Fondunun sədri müavini Aqil Məhərrəmov, “Lokman Hekim" Universiteti prof. Dr. Demet Soylu, Gazi Universitetində tibb fakultəsinin cocuk infeksionisti professor Dr. Hasan Tezer, Gazi Universitetində gənəl pediatr dosent Dr. Mutlu Karakaş, Baranova Rusiya Pediatrlar İttifaqının İcraiyyə Komitəsinin sədri, Rusiya Elmlər Akademiyasının akademiki, professor Leyla Namazova, International Pediatric Association  seçilmiş prezident prof. Dr.Jozef Haddad, ABŞ-ın Stenford Universitetindən professor Dr. Çandra Rammamoorti, ABŞ-ın Vanderbilt Universiteti tibb mərkəzindən Dr. Skott Osborn Gutriye,  LİV Bona Dea-nın həlimi Dr.Pınar Karadeniz, Azərbaycan Tibb Universitetinin prorektoru,tibb elmləri doktoru, proffessor Rauf Bəylərov və digər professor heyəti tərəfindən pediatriyaya dair müxtəlif mövzularda geniş təqdimatlar baş tutub, həmçinin pediatriyanın ən aktual problemlərinə dair aparıcı milli və xarici ekspertlərin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Yerli və xarici məruzəçilərin çıxışlar etdikləri tədbirdə elmi araşdırmalar, həmçinin digər mühüm məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, 22-25 iyun tarixlərində keçirilən qurultayın panellərində qeyd olunan ölkələrdən ümumilikdə 65-dən çox məruzəçi öz elmi işlərini təqdim edib.