29 iyun 2023 18:45
1308

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə növbəti töhfə

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə növbəti töhfə olaraq “44 günlük müqəddəs müharibənin xronologiyası” adlı 3 cildlik kitabın birinci cildi işıq üzü görüb.

“İki sahil” xəbər verir ki, yüksək poliqrafik üslubda işıq üzü görən 508 səhifəlik bu kitab uzun illərdir Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərın Sıyasətınə Dəstək Fondu tərəfindən hazırlanaraq çap edilib.

Qeyd edək ki, Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu Fondun rəhbəri böyük vətənpərvər və xeyriyyəçi Nüsrət Məmmədovdur.

Kitabda 44 günlük müharibə ərzində müvafiq dövlət qurumları rəhbərlərinin keçirdikləri brifinqlər, görüşlər, müsahibələr xronoloji ardıcıllıqla verilib.

Bişkekdəki “Uluu Toolor” nəşriyyatında çap edilən “44 günlük müqəddəs müharibənin xronologiyası” 3 cildliyində yer almış bütün materiallar Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-dan götürülüb.

Kitabın rus dilində çap edilməsi ondan təkcə Türkdilli dövlətlərində deyil, bütün postsovet məkanında istifadə imkanlarını genişləndirəcək. Onu da vurğulayaq ki kitabın Bişkekdə nəşr edilməsi Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycanda deyil, həm də digər ölkələrdə sevilməsindən xəbər verir.

Fond öz ənənəsinə sadiq qalaraq geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr etdirdiyi bu 151-ci kitabı da pulsuz paylayacaq.

Xatırladaq ki, kitabın ilk təqdimatı Fondun Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Bişkekdə nəşr etdirdiyi kitablarla birlikdə Şuşada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr edilən “Planetlə dialoq” adlı filmin premyerası zamanı nəzərdə tutulur.