29 iyun 2023 19:58
1310

Azərbaycanın Polşadakı səfirliyində Ümummilli Lideri Heydər Əliyevin büstünün açılışı olub - FOTO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması çərçivəsində Azərbaycanın Polşadakı səfirliyində Ulu Öndərin büstünün açılışı mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli, Polşa Müftisi, bu ölkənin Xarici İşlər Nazirliyi başda olmaqla, müxtəlif dövlət qurumlarının təmsilçiləri, çox sayda səfirlə yanaşı, diplomatik korpusun, elm, təhsil, mədəniyyət, işgüzar dairələrin, dini konfessiyaların nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, Polşa vətəndaşı olan həmvətənlərimiz və azərbaycanlı tələbələr iştirak ediblər.

İlk olaraq çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova qonaqlara Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, müstəqil Azərbaycanın yenidən qurulmasında Ümummilli Liderin rolundan söhbət açıb. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışının tariximizdə dönüş nöqtəsi olduğunu ifadə edən səfir Ulu Öndərin hakimiyyəti illərində qazanılan nailiyyətləri sadalayıb.

Səfirin nitqi zamanı Azərbaycanın dövlətçilik salnaməsində silinməz iz qoymuş Heydər Əliyevin Polşa ilə əlaqələrin qurulmasındakı tarixi rolu qeyd olunub və Ulu Öndərin 1997-ci ildə Polşaya, həmkarı Polşa Prezidenti Aleksandr Kvaşnevskinin 1999-cü ildə ölkəmizə səfərlərinin sonrakı strateji tərəfdaşlıq üçün yeni perspektivlər açdığı vurğulanıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli çıxışında ölkəmizin böhranlı bir dövründə Azərbaycanda rəhbərliyə gələn Ulu Öndərin xalqımızı yüksək sosial rifaha və tərəqqi aparan siyasətindən danışıb. Ulu Öndərin siyasi kursunun ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardığı və bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldığı ifadə olunub.

Vurğulanıb ki, müstəqilliyin qazanılmasından sonra xalqımızın nail olduğu bir çox ilklər məhz Heydər Əliyev şəxsiyyəti ilə bağlı olub.

Sonra Azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən həmişə uca tutulduğunu və minnətdarlıqla anıldığını qeyd edən natiqlər Nərgiz Qurbanova və deputat Müşfiq Məmmədli büstün üzərindəki örtüyü götürüblər.

Ağ mərmərdən hazırlanan və postamentində Ulu Öndərin imzası yer alan büstün müəllifi tanınmış heykəltəraş Orxan Nəbizadədir.

Tədbir çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Polşanın ən nüfuzlu mətbuat orqanı olan “Reçpospolita” qəzetinin xüsusi buraxılışı qonaqlara təqdim olunub.

Tədbir ziyafətlə davam edib.