KÖŞƏ

Taleh Turqut

Terrorun Avropadakı ayaq səsləri

31 mart 2016 23:37
528

Yaxud, “gen qaz, dərin qaz, özün düşərsən”

Beynəlxalq terrorizm bu gün dünyanın ən təhlükəli problemlərindən birinə çevrilib. İndi bir çoxları planetimizin müxtəlif bölgələrində cərəyan edən terrorizmi və terror aktlarını, əslində III Dünya savaşı kimi qiymətləndirməkdə haqsız sayılmazalar. Görünən odur ki, maraq dairələri toqquşan böyük güclər bu vasitə ilə rəqiblərinə təsir etmək və öz maraqlarını təmin etmək yolunu tutublar. Dünyanı qana çalxayan terror qruplarının yaradılması və idarə olunmasını ayrı-ayrı böyük dövlətlərin həyata keçirdiyi bu gün ən sadəlövh insana da bəllidir. Lakin artıq onların terror siyasəti də “bumeranq effekti” verməyə başlayıb. Necə deyərlər, “gen qaz, dərin qaz” prinsipi artıq özünü göstərməkdədir...

Martın 21-də Belçikanın paytaxtı, Avropa İttifaqının da mətkəzi sayılan Brüsseldə bir gündə başqa-başqa yerlərdə terror aktları törədildi. Rəsmi məlumata görə, 31 nəfər həlak oldu, 300-ədək insan isə yaralandı. Məhz bundan sonra bütün Qərb dövlətlərinin rəhbərlərindən terrora qarşı birgə mübarizəyə çağırışlar eşidilməyə başlandı. Avropalı rəsmilər terrorizmin ümumbəşəri bəla olduğunu səsləndirməyə və bu bəlaya qarşı birlikdə amansız mübarizə aparmağa yönəlik çağırışlar etməyə başladılar.

Qərb rəsmiləri belə bir həmrəyliyi ötən ilin noyabrında Parisdə baş verən terror hadisəsi zamanı da sərgiləmişdilər. Terror aktına qarşı etirazlarını dövlət rəhbərləri birlikdə yürüş keçirərək ifadə etmişdilər.

Lakin bu dəfə vəziyyət fərqli idi. Terror Avropanın “beynini”, “ürəyini” hədəf almışdı. Terrorizm artıq onu yaradanlara meydan sulamağa başlayıb...

Xatırladaq ki, həmin terror aktından cəmi 9 gün əvvəl, martın 12-də Brüsseldə 35 ildir ki, Qərbin dəstəyi ilə Türkiyəni qana boyayan PKK terror təşkilatının icazəli aksiyası keçirilmişdi. Ümumiyyətlə, PKK demək olar ki, bütün Avropa dövlətlərində sərbəst fəaliyyət göstərir və açıq müdafiə olunur. Bu, Qərbin ikili standartlar siyasətinin ən bariz nümunəsidir. Onilliklər boyu erməni terrorçuluğundan əziyyət çəkən Azərbaycanın və Türkiyənin çağırışlarına vaxtında reaksiya verilsəydi, yəqin ki, bu gün terrorizm dünyaya bu şəkildə meydan oxumazdı.

Azərbaycan uzun illərdir ki, Ermənistanın terroru dəstəkləyən dövlət olduğunu faktlarla bəyan edir, lakin beynəlxalq birlik hər dəfə bu çağırışlara laqeyd və hətta bəzən dəstəkçi münasibət göstərir. Erməni terrorizminin miqyasını təsəvvür etməyə yalnız aşağıdakı statistik rəqəmlər kifayət edər.

Təkcə 1989-cu ilin sentyabrından 1994-cü ilin 3 iyulunadək ermənilər Azərbaycanda və ondan kənarda xalqımıza qarşı 32 terror aktı törədiblər. Nəticədə 317 nəfər dinc sakin öldürülüb, 516 nəfər isə yaralanıb. Bundan başqa, terror aktları nəticəsində Azərbaycana külli miqdarda maddi ziyan vurulub. Qeyd edilən terror hadisələrinin arxasında Ermənistanın xüsusi xidmət orqanlarının dayandığı təsdiqini tapsa da heç bir üçüncü dövlət və ya beynəlxalq qurumlar hadisələrə reaksiya verməyiblər.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Pis terrorçu və yaxşı terrorçu olmur. Onların hamısı bəd əməl sahibidirlər”. Ölkəmiz hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə fəallığı ilə seçilib. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan erməni terrorundan əziyyət çəkən ölkə kimi bu istiqamətdə birgə mübarizənin vacibliyini xüsusi vurğulayıb. Türkiyənin paytaxtı Ankarada baş verən son terror hadisələrində də Azərbaycan terrorla mübarizədə yalnız sözdə deyil, əməldə də öndə olduğunu isbatladı.

Türkiyədə baş verən terror aktlarına Qərbin etinasızlığı fonunda Prezident İlham Əliyevin qardaş ölkəyə öncədən planlaşdırılmayan səfər etməsi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yüksək səviyyəli görüşü terror bəlasına qarşı hər iki ölkənin birgə mübarizə əzmini bir daha nümayiş etdirdi. Azərbaycan Prezidentinin bu addımı bu günədək dünya mediasının diqqət mərkəzində qalmaqdadır.

Qərbin terrorizmə qarşı sərgilədiyi riyakar və ikili münasibəti Türkiyə Prezidenti Ərdoğan daha aydın ifadə etmişdir: “Bunlar ikili davranırlar... Kimi aldadırsınız? Dürüst olun, səmimi olun. Qarşınızda aldanacaq bir Türkiyə yox, bir türk milləti yox. Bunu bilin. Bunun adı terrora təslim olmaqdır. Bunlar terrora təslim oldular.”