13 iyul 2023 17:56
1121

”Heydər Əliyev İli”nə həsr edilmiş nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-də silsilə yubiley tədbirləri davam edir.

“İki sahil” xəbər verir ki, “Azərsu” ASC-nin 6 №-li Regional Sukanal İdarəsinin mülki müdafiə qüvvələrinin iştirakı ilə Oğuz Sukanal Sahəsinin suqəbuledici qurğuları kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı altında təlim keçirilib. Təlimə İdarənin mülki müdafiə üzrə rəhbər (FHK, MMQ), komandir-rəis heyətləri, mülki müdafiə dəstələrinin ümumilikdə 60 nəfərlik şəxsi heyəti, 5 ədəd müxtəlif təyinatlı texnika cəlb edilib. O cümlədən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədi ilə TƏBİB-in bir qrup əməkdaşı və nəqliyyat texnikası təlimə cəlb olunub.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin 6 №-li Regional Sukanal İdarəsinin inzibati binasında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. “Azərsu” ASC-nin Mülki müdafiə qərargahının rəisi Cahangir Şərifov bildirib ki, obyekt mülki müdafiə məşqinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin hər zaman xüsusi diqqətdə saxladığı vətəndaşların həyat və təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə əlaqədar mülki müdafiə qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, fövqəladə hallarda mühafizə işləri və digər mülki müdafiə tədbirləri həyata keçirərkən fəaliyyət qaydalarının əməli surətdə öyrədilməsi, xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətin qərar qəbul etmək bacarığının və mülki müdafiə dəstələrinin qarşılıqlı  fəaliyyətinin  təkmilləşdirilməsidir.

Mülki müdafiə təliminin məşq prosesində mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğının söndürülməsi, zəhərlənənlərin xilas edilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və işçilərin təhlükəsiz ərazilərə təxliyyəsi işlərinin aparılması ilə əlaqədar tapşırıqları yerinə yetiriblər. Sonda məşqin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə müvafiq tövsiyələr verilib.