17 aprel 2018 19:00
1060

Kiçik və orta sahibkarlığın vergi yükü azaldılacaq

Vergi Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına təkmilləşdirmənin həyata keçirilməsi istiqamətində işlər aparılıb.

Bu fikirləri vergilər naziri Mikayıl Cabbarov aprelin 17-də “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə “Tvinninq” layihəsinin açılış mərasimində bildirib.

O, qeyd edib ki, kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və bununla da ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilməsi əsas tapşırıqlardandır. "Orta və iri müəssisələrə gəldikdə, vergi qanunvericiliyinin əsas istiqamətləri həmin müəssisələr tərəfindən öz fəaliyyətinin, daxili hesabatlılığının və şəffaflıq səviyyəsinin artırılmasına və ölkənin vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bu da bir tərəfdən onların rəqabət qabiliyyətliliyini, digər tərəfdən vergi ödənişlərinin sabitliyini və büdcədən müəyyənləşdirə bildiyini və nəhayət dövlət büdcəsinin müvafiq gəlirlərin zəmanəti olacaq. Bu da öz növbəsində dövlətin sosial infrastruktur cari xərclərinin vaxtı-vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Vicdanlı vergiödəyicisi ilə qanunu pozmağa çalışan vergiödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq", - deyə nazir vurğulayıb.